01 avqust 2024 12:20
438

Xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz ən böyük mənəvi sərvətimizdir

Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
 Ötən əsrin əvvəllərində AXC-nin rəsmi dövlət dili kimi elan olunan ana dilimiz cümhuriyyətimizin  süqutundan sonra məqsədli şəkildə basqılara məruz qaldı. İmperiya cəlladları tərəfindən milli təfəkkürlü ziyalılarımızla yanaşı, dilimizə də divan tutuldu. Yurdumuzda ana dilimiz küncə sıxışdırılaraq yabançı, bizə yad olan başqa dilin məişətimizə qədər gətirilməsinə cəhd göstərdildi, doğma ana dilimizi unutdurmağa çalışdılar. 
 Bu, bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məlumdur ki, Sovet İttifaqının tərkibində mövcud olduğu dövrdə, xüsusən də 1920-1970-ci illər ərzində respublikamızda Azərbaycan dili qətiyyən hakim mövqelərə malik deyildi. Həmin illərdə Kremlin siyasətinə uyğun olaraq, müttəfiq respublikalarda yerli xalqların ana dillərinin inkişaf etdirilməsi və zənginləşdirilməsi məqsədilə dövlət tərəfindən heç bir tədbir görülmürdü. Əksinə, milli dil məsələsi SSRİ-də təşviq olunan beynəlmiləlçilik siyasətinə zidd ünsür kimi damğalanır, hətta repressiyaların tüğyan etdiyi 30-ci illərdə bu məsələni qabardanlar sürgünə belə göndərilirdilər. Lakin bütün bunlara baxmayaraq 1969-cu ildən Azərbaycan SSR-ə rəhbərlik edən Heydər Əliyev bu prinsipial və həyati əhəmiyyət kəsb edən məsələdə öz mövqeyini birmənalı olaraq ortaya qoydu və güzəştə getmək niyyətində olmadığını açıq-aşkar nümayiş etdirdi. 1969-cu ildə siyasi hakimiyyətə gələn dahi azərbaycanlı Heydər Əliyev milli xilaskar kimi ana dilimizi qorumaqla və digər fövqəl xidmətləri ilə özünəqayıdış, özünüdərkə gedən yolun əsasını yaratdı. Kremldə oturan partiya və hökümət rəhbərlərinin müxtəlif  bəhanələrlə yaratdıqları bütün ciddi maneələrə baxmayaraq, Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşür və onunla danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Azərbaycan SSR-in Konstitusiyasının 73-cü maddəsində belə bir düzəliş olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Beləliklə, Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.  Heydər Əliyevin cəsarətli addımları ilə Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dili statusu aldı. Respublikamızın digər sahələrində olduğu kimi dilin inkişafında da dönüş dövrü başladı.  Azərbaycan siyasi müstəqilliyini bərpa etdikdən sonra ana dilinin fəaliyyət dairəsi daha da genişləndi. 
 Xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı kimi məsələlərlə yanaşı, Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsini də daim diqqət mərkəzində saxlayırdı. Məhz bu diqqəti sayəsində Ümummilli Lider ana dilimizin gerçək adını da özümüzə qaytardı. Müstəql Azərbaycanın rəhbəri kimi Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunub saxlanmasını və inkişaf etdirilməsini dövlət quruculuğunun prioritet istiqamətlərindən biri hesab edərək ana dilimizə dövlət qayğısını artırdı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirildi, təkliflər irəli sürüldü və onların böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Məhz onun sayəsində latın qrafikalı əlifbaya keçid prosesi sürətləndi və bununla da qardaş türk xalqlarına daha da yaxınlaşma dövrü başlandı. Ümummilli Liderin Azərbaycan dilinin dövlət statusunun təmin edilməsi ilə bağlı təsdiq etdiyi sənədlər ədəbi dilin daha da zənginləşdirilməsi, tətbiq dairəsinin genişləndirilməsi baxımından olduqca səmərəli oldu. Ulu Öndərin avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında imzaladığı tarixi fərman ana dilimizə olan sevginin, dəyərin nəticəsi, qədim mədəniyyətimizə, zəngin mənəvi irsimizə böyük diqqət və qayğının əyani sübutu idi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının çoxaldılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı. Ana dilimizə göstərilən bu qayğı və dövlət başçımızın fədakarlığı nəticəsində xalqımızın milli ruhu getdikcə yüksəlir, özünə inam artır və müstəqillik düşüncələri daha da güclənirdi. Azərbaycan dilinin inkişafı isə daim diqqət mərkəzində saxlanılırdı. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.
 Sonrakı illərdə bu estafet Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilinə xüsusi qayğı göstərən dövlət başçısı qloballaşan və informasiya dünyası şəraitində Azərbaycan dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır və görülən işlər fərəh doğurur. Ölkə Prezidenti cənab  İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncamlarına əsasən növbəti illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmış və ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşdirilmişdir.  Ana dilimizə heyranlığını, ehtiramını, sevgisini  əməli işi ilə sübut etmiş Prezident İlham Əliyevin qeyd etdiyi kimi müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli- mənəvi dəyərlər olub. Məhz bu ali, üstün keyfiyyətlər bizə o imkanı verdi ki, bölündük, əzildik, amma məhv olmadıq, yıxılmadıq, bu dil bizi ayağa qaldırdı, danışdırdı, xalq kimi birləşdirdi, həmrəy etdi və qüdrətli Azərbaycan qura bildik.

Ayaz Cəbrayılov, 

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri