31 iyul 2024 22:50
339

“Sülh və ümid anı”, yoxsa Fransanın kolonial və neokolonial siyasəti?!

Bu günün müzakirə mövzularından biri də "Paris-2024" Yay Olimpiya Oyunlarıdır. Hər zaman qeyd olunduğu kimi, keçirilən hər bir tədbir əhatə etdiyi sahə, mövzu ilə yanaşı, məkan baxımından da xüsusi diqqət çəkir və müzakirələrə əsas verir. Hazırda “Paris-2024” Yay Olimpiya Oyunlarının müzakirəsinə səbəb də “sülh və ümid anı” olan Olimpiya Oyunlarının  müstəmləkəçilik siyasəti həyata keçirən bir ölkədə keçirilməsinin nə qədər real görünə bilməsidir.  Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb. Bəyanatda da qeyd edildiyi kimi,  Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc bir cəmiyyəti təşviq etmək üçün idmanı bəşəriyyətin harmonik inkişafına yönəltməkdir. Fransa Prezidenti Emmanuel Makron və onun hökuməti hazırda ölkədə keçirilən “Paris-2024” Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir.

Müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən bir dövlətin…

Azərbaycan daim Fransanın uzun illər cəzasız qalan çirkin müstəmləkə siyasətinə,  cinayətlərinə qarşı  ciddi reaksiya verir, beynəlxalq müstəvidə  mübarizə aparır. Azərbaycanın BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə diqqət göstərdiyi məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsi oldu.  Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm verməlidir.  Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Azərbaycanın bu istiqamətdə atdığı addımlardan biri də ötən il iyul ayında  Qoşulmama Hərəkatının  Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığın əldə olunması oldu. Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması geniş müzakirə olundu. Bu və ya digər dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçən, ölkələrin daxili işlərinə müdaxilələri ilə  faciələrə, problemlərə səbəb olan bir ölkə  özü ilə bağlı tarixi həqiqətləri, real faktları unutsa da hər zaman yeni faktların üzə çıxması, araşdırılması keçmişi, eyni zamanda, bu günü qaranlıq məqamlarla dolu olan Fransaya, onun Prezidenti Emmanuel Makrona çağırışlar edir. Müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən bir dövlətin, onun rəhbərinin sülhdən, təhlükəsizliyin təmin edilməsindən bəhs etməsi, belə bir ölkənin bu çağır altında tədbirə ev sahibliyi  müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz.

Fransa ilə Ermənistanı eyni dəyərlər birləşdirir

Tarixi  faktları ört-basdır etmək qeyri-mümkündür. Fransa ilə Ermənistanı eyni dəyərlər birləşdirir. 20 faiz torpağımızı 30 il işğal altında saxlayan, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan bir ölkə əksər dünya güclərinin, o cümlədən Fransanın dəstəyi ilə  işğalçı deyil, işğala məruz qalan ölkə kimi təqdim edilirdi. Azərbaycan beynəlxalq sanksiyalara məruz qalırdı, işğalçı Ermənistan ədalətin və beynəlxalq hüququn maraqların arxasında əriməsinin nəticələrindən ərköyünləşirdi. 30 illik işğal dövründə işğalçı Ermənistana heç bir sanksiyanın tətbiq olunmaması onun daha böyük iddialarla yaşamasına, yeni ərazilər uğrunda müharibə planları hazırlamasına, ən nəhayət, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə gətirib çıxardı. Bu müharibədə Azərbaycan tarixi Zəfəri ilə nəinki Ermənistana, ona havadarlıq edən dünya güclərinə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Fransanın istər işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə atdığı addımların xronologiyasına diqqət yetirdikdə Ermənistana dəstəklərini şərtləndirən amillər bəlli olur. Tarixən müstəmləkəçilik siyasəti həyata keçirən bir ölkədən ədalətli yanaşma gözləmək sadəlövhlük olar. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənərək Fransanın yürütdüyü siyasətə sərt münasibətini bildirməsi, çağırışlar etməsi beynəlxalq səviyyədə dəstəklənir.

Müstəmləkə keçmişi olan Fransa…

Reallıq budur ki, Fransa Şimali Afrika ölkələrində əsrlərlə müsəlmanlara qarşı cinayətlər, qırğınlar törədib. Bu ölkə təkcə Əlcəzairdə 130 il yüz minlərlə müsəlmanın qanını töküb, adını dünya tarixinin ən qəddar dövlətləri sırasına yazdırıb. Fransanın cinayətləri Əlcəzairlə kifayətlənməyib. Burkina-Faso, Benin kimi ölkələrdə də kifayət qədər qəddarlıqlar, qırğınlar törədib. “Demokratiyanın beşiyi”, özündən kiçik dövlətlərə “ədalət və beynəlxalq” hüquq dərsi keçən  Fransa çox iyrənc müstəmləkə keçmişi ilə seçilir. Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da, Fransa qədər zorakılıqlara, soyqırımılara yol verən ikinci dövlət olmayıb. Bu gün kolonial siyasəti  davam etdirən Fransa, onun   Prezidenti Emmanuel Makron  digər ölkələrin daxili işlərinə müdaxilə etməkdədir. Tarix bu faktı da açıqlayır ki, Fransa XX əsrin ikinci yarısında  Əlcəzairlə yanaşı, özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirib və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olub. Bu günlərdə dünyanın diqqətini ikinci dəfə Qarabağı taçı Şuşaya yönəldən Qlobal Media Forumunda bu kimi məsələrə xüsusi diqqət yönəldildi, müzakirələr aparıldı.

Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır

Sözügedən Forumda  BMT-də Fransa Polineziyasının nümayəndəsi Karlayl Korbinin fikirlərinə,  dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı “Kolonializmə dair gələcək təşəbbüsləriniz barədə nə deyərdiniz” sualına cavabına diqqət edək. Karlayl Korbin bildirdi ki, yanlış narrativlərdən biri odur ki, guya kolonializmə son qoyulmuşdur. Prezident İlham Əliyev  bu sahədə ən fəal liderlərdən biridire, bəlkə də ən fəal Liderdir. Azərbaycan  Qoşulmama Hərəkatına sədrlik dövründə də buna diqqət yetirdi. Bakı Təşəbbüs Qrupu çox fəaldır. Koloniya, müstəmləkə kimi yaşayan ölkələri bir araya gətirir. Fransa müstəmləkə əraziləri ilə bağlı mühüm bir tədqiqatın başa çatdırıldığını bildirən Korbin onu da əlavə etdi ki, Azərbaycanın Karib hövzəsində iqlim dəyişikliyi ilə bağlı bizi dəstəkləməsindən çox şadıq.  Çünki bu, mövcudluğumuza təhlükədir. Prezident İlham Əliyev ünvanlanan suala cavabında vurğuladı ki, Qoşulmama Hərəkatına sədrliyimizə başlayandan bu məsələ ilə yaxından məşğul olmağa çalışdıq. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin iyrənc qalığından özlərini azad edə bilsinlər. Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır. Onların həmin insanların taleyinə bu dərəcədə təsir etməyə ixtiyarları yoxdur. O ölkələr Fransadan minlərlə kilometr uzaqda yerləşir, onları assimilyasiya etməyə çalışırlar, onları təhqir edirlər. “Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik. Əlbəttə ki, siz Bakı Təşəbbüs Qrupunu qeyd etdiniz. Bu, bir qeyri-hökumət təşkilatıdır. Ancaq bu qeyri-hökumət təşkilatı birgə səylər nəticəsində Azərbaycanda yaradılıb və onlar, məncə, çox yaxşı işləyirlər. Çünki kolonializmdən əziyyət çəkən həmin xalqların səsini heç kəs eşitmir” fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirdi ki,  çünki  Fransanı əməllərinə görə ittiham edən az sayda ölkələr var.  Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Biz sizi hər zaman dəstəkləyəcəyik.

Olimpiya Oyunlarının prinsiplərinə zidd

Fransanın həyata keçirdiyi nüstəmləkəçilik siyasətinin, yaratdığı faciələrin qısa təhlili  fonunda  bu ölkənin XXI əsrdə “sülh və ümid anı” olan  “Paris-2024” Olimpiya Oyunlarına ev sahibliyi təəccüb doğurmaya bilməz.  Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat Olimpiadanın ruhuna tamamilə zidd olan bir sıra hallar diqqətə çatdırılır. Bunlar 1989-cu il Yerli Xalqlara dair Konvensiyasının  ratifikasiya edilməməsi,  on illər ərzində Fransadakı yerli xalqların gənclərinin deportasiya siyasəti,  bütün müqaviməti cinayət hesab edən və korrupsionerləri qoruyan ikisəviyyəli müstəmləkə ədalətinin qurulması, Polineziyanın yenidən dekolonizasiya olunacaq ölkələr siyahısına daxil edildikdən sonra boş kreslo siyasəti, yerli əhalinin Olimpiya Oyunlarında həm də öz ölkələrinin bayrağı altında çıxış etmələrindən imtina olunması, müstəmləkəçi Qərb dövlətlərinin, xüsusən Hind-Sakit Okean zonasında (Polineziya, Yeni Kaledoniya), həm də Karib dənizi-Amerika zonasında və Korsikada (Solenzara bazası) müharibə hazırlığına geostrateji hərbi bazalar kimi yerli xalqların iradəsinə zidd olaraq ərazilərdən istifadə edilməsi,... Bu sıralamanı davam etdirmək üçün xeyli faktlar mövcuddur. Bəyanatda bunların fonunda belə bir sual diqqətə çatdırılır ki,  XXI əsrdə “sülh və ümid anı” olan Olimpiya Oyunları xalqları özünə tabe edən bir ölkədə keçirilə bilərmi? Olimpiya Oyunlarına ev sahibliyi edən ölkə Kanakidə azadlığa qoyulan məhdudiyyətləri aradan qaldıra, həmçinin siyasi məhbusları azad edə bilməzdimi? Onların da öz evlərində azyaşlı uşaqları ilə birlikdə bu “sülh anı”nı yaşamaq hüququ var.

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Zəngin tarixi ilə dünyanın diqqətində olan, tarixinin hər bir mərhələsinin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasına çağırışlar edən və bunun üçün mühüm addımlar atan Azərbaycandan fərqli olaraq Fransa kimi dövlətlər hər an tarixinin qaranlıq səhifələrinin açıqlanmasından narahatdılar.  Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq  tədbirlər əhəmiyyəti ilə diqqətdə olduğu halda Fransa kimi müstəmləkəçi ölkə müxtəlif suallarla, iradlarla üz-üzə qalır. Tarix hər bir ölkəninin dünənin təqdimatıdır. Hər bir ölkə, xüsusilə fürsət düşdükcə bu və ya digər dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçən Fransa kimi ölkələr öncə tarixlərini utanc hissi yaradan deyil, uğurlu səhifələrlə zənginləşdirsinlər ki, bu gün nümunə olmağa haqları çatsın. Sonda zəfər çalan əsassız təbliğatlar deyil, tarixi ədalətdir.

Yeganə Əliyeva, “İki sahil”