01 avqust 2024 00:30
387

Cənubi Qafqazda bütün təşəbbüslər etibarlı əllərdədir - ŞƏRH

ABŞ-ın, Qərbin aldadıcı vədlərindən xumarlanan Ermənistanın ortaya qoyduğu mövqe siyasi təlxəklikdir  

Beynəlxalq ictimaiyyət tərəfəindən maraqla  izlənilən 2-ci Şuşa Qlobal Media Forumunda çoxsaylı sualları cavablandıran, beynəlxalq aləmdə baş verən qlobal hadisələrə,  qarşıdurma yaradan ikili standartların törətdiyi neqativ hallara aydınlıq gətirən, səbəblərini obyektiv təhlil edən Prezident İlham Əliyev bir daha liderlik məharəti, uzaqgörən siyasəti ilə dünya ictimaiyyətini heyrətləndirdi.  “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr olunmuş  2-ci Şuşa Qlobal Media Forumu,  tədbir çərçivəsində  təşkil olunan   panel sessiyaları Azərbaycandan dünya ictimaiyyətinə çağırış olmaqla hədəflərin  düzgün istiqamətləndirilməsi baxımından da diqqətçəkən idi. Müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri  arasında ətraflı fikir və təcrübə mübadiləsinin aparıldığı Forum bir neçə baxımdan  beynəlxalq ictimaiyyətdə rezonas yaratdı.   Forum eyni zamanda,  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına  (COP29) ev sahibliyi edəcək  ölkəmizdə aparılan hazırlıq işlərinin  beynəlxalq ictimaiyyətə təqdimatı idi.

Beynəlxalq aləmdə baş verən hadisələri  dəyərləndirmə bacarığı,  yüksək intellekt səviyyəsi ilə təhlil edən  Prezident İlham Əliyev növbəti dəfə alternativsiz dövlət başçısı olduğunu  məntiqli cavabları ilə təsdiqlədi. Suallar müxtəlif sahələri əhatə etsə də, daha  çox maraq doğuran, üstünlük təşkil edən  prioritet  Azərbaycanın bölgədə yaratdığı reallıqlar,  İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə  yönələn qərəzli münasibətlər, Ermənistanın silahlandırılması,  regionda yeni müharibə təhlükəsi yaratmaq istəyən qüvvələrin mənfur niyyətləri ilə bağlı idi.    

Bəzi dairələrin Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaq niyyəti...

Azərbaycanın qüdrətlənməsini istəməyən   dairələrin sifarişləri əsasında  formalaşan, beynəlxalq ictimaiyyəti çaşdıran, eyni mənbədən qaynaqlanan “feyk” informasiyalara aydınlıq gətirən Prezident İlham Əliyev: “Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür” sözləri ilə qlobal dünyamızın düzənini pozan ikili standartların, münaqişələrin, terrorların, dini radikalizm hallarının artması nəticəsində yaranan və ən əsası insan ölümləri ilə nəticələnən   hallardan ətraflı bəhs etdi. Bəzi dairələrini hələ də Cənubi Qafqazda yeni müharibə ocağı yaratmaq niyyətlərini  yolverilməz adlandırdı. İkinci Qarabağ müharibəsindən, ötən ilin sentyabarında Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatından sonra   Fransa, ABŞ kimi, bəzi  ermənipərəst  beynəlxalq təşkilatların  “Azərbaycan yeni ərazi iddalarındadır”, “Qarabağ ermənilərinin  pozulan hüquqlarının  qorunması” ilə  bağlı  təhrikçi  çağırışlarının əsassız olduğunu bildirdi.

“Biz Cənubi Qafqaz ölkələrindən bəhs ediriksə, bu ölkələrin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş vermişdir və baş verməkdədir. Hətta deyərdim ki, kəskin dəyişikliklərə yaxın transformasiyalar baş vermişdir və bu da Cənubi Qafqazda yeni vəziyyətin üzə çıxması deməkdir və biz bunu dərindən başa düşməliyik” sözləri ilə kənar müdaxilələrin törətdiyi  neqativ halların bölgədə  sülhə təhdid olduğunu bildirən dövlət başçımız əminliklə  söylədi  ki, Cənubi Qafqaz respublikalarının xalqları əsrlər boyu  dinc yaşam tərzinə üstünlük vermişlər.

Əsl niyyəti sülh deyil

 Lakin bölgəyə uzanan kirli əllər, məkrli niyyətlər Cənubi Qafqazı münaqişə ocağına çevirmişdir. Özünü dünyaya guya  “beynəlxalq siyasətin dəmir qanunu” kimi qəbul edilən  demokratiyanın qoruyucusu kimi təqdim edən,  insan hüquqlarının qorunması pərdəsi altında “ipə-sapa yatmayan”, onların itaətində qalmaq istəməyən  ölkələrə “demokratiya dəyənəyi” ilə dərs verən  Amerika Birləşmiş Ştatlarının  illərdən bəri xüsusilə, Şərqdə, müsəlman ölkələrində  həyata keçirdikləri “təcrübələr” nəticəsində düzəni pozulan dünyanın üzləşdiyi vəziyyət getdikcə daha da  ağırlaşır. Birləşmiş  Ştatların səmum yeli kimi, tez-tez dəyişən “siyasi küləyi”nin burulğanı ilə üzləşən ölkələrdən biri də  iqtisadi inkişafı,  müəllif olduğu enerji, nəqliyyat dəhlizlərini reallaşdırmaqla dünyada mövqeyi möhkəmlənən, diplomatik səyləri dəstəklənən, humanizmə sadiqliyi ilə maraq doğuran Cənubi Qafqazın lider dövlət Azərbaycandır. İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdıran ölkəmizə qarşı qısqanqlığını davam etdirən, Ermənistanı silahlandırmaqla  yeni müharibəyə təhrik edən  ABŞ, Qərb, xüsusilə Fransanın əsl niyyəti sülh deyil, öz maraqlarını təmin etməkdir.

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycanla bağlı  səsləndirdiyi birtərəfli və qərəzli fikirlər  Ağ Ev Adminstrasiyasının Cənubi Qafqaz siyasətinin açıqlamasıdır. Erməni lobbisinin təsiri ilə ABŞ Konqresi tərəfindən   Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan  “Azadlığa Dəstək Aktı”na  907-ci düzəlişinin yeni “redaktədə” tətbiqi Azərbaycana qarşı ədalətsiz yanaşma və təhdid sayılır. «Demokratiyaya doğru irəliləyən və insan hüquqlarının müdafiəsi təsisatlarını inkişaf etdirən hər bir ölkə bizim dostumuzdur və biz onları həmişə dəstəkləyirik»  çağırışları, antidemokratik  bəyanatları ilə istədikləri dövlət haqqında  fikir formalaşdırmağa çalışan ABŞ kimi Qərbin  məqsədi istədikləri ölkələrin daxili işlərinə qarışmaq, daxili siyasi gərginliyi  artırmaq,  milli münaqişələr üçün münbit şərait yaratmaqdır.
 ABŞ-ın ölkəmizə qarşı   antidemokratik, qərəzli  yanaşmaya daha bir nümunə  Birləşmiş Ştatlarda  keçirilən Demokratiya Sammitlərinə Azərbaycanın dəvət olunmamsıdır.  Korrupsiya bataqlığında çabalayan Qərbin, ABŞ-ın Ermənistanı dünyada guya insan hüquqlarının qorunması, himayədarı, «demokratiya mayakı» kimi tanımaq cəhdlərinin arxasında da Azərbaycana qarşı təxribatlar dayanır.
ABŞ Dövlət Departamentinin dünyada dini azadlıqların vəziyyətinə dair  illik hesabatlarında da anti-Azərbaycan ruhu diqqəti cəlb edir.
 Rəsmi Vaşinqton da,   Qərb də  yaxşı bilirlər  ki, Azərbaycan  Ermənistanla bağlanacaq   sülh sazişinin imzalanması üçün bütün vasitələrdən istifadə edir.  Amma həlledici  məqamlarda   «İsti aşa soyuq su qatmaq»da mahir olan    Birləşmiş Ştatlar  təxribatları ilə danışıqlara əngəl törədirlər.

Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın xarici siyasətində həmişə prioritetdir

Birləşmiş Ştatlarla   münasibətlərini ikitərəfli, qarşılıqlı əməkdaşlıq səviyyəsində davam etdirən Azərbaycan dövlətlər arasındakı  münasibətlərə layiqli töhfələr vermişdir. Ağ Evə lazım olan məqamlarda  Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla okeanın o tayındakı  əməkdaşına  öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri, eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə Azərbaycan olub.  Lakin belə  fikir formalaşır ki,  ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib. Amma unudulmamalıdır ki, tarix təkrarlana bilər.   Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın xarici siyasətində həmişə prioritet olub. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandırıb və bu  ənənə davam edir.  ABŞ-ın yürütdüyü siyasətin təməlində isə yalnız öz maraqları dayanır.  Azərbaycanın humanist hərəkətlərinə  qarşı nankorluğu «Bildiyiniz kimi, bu əməliyyatlar başlayanda Azərbaycan ilk qeyri-NATO ölkəsi idi ki, Əfqanıstanda həmin əməliyyatlara qoşuldu və oradan sonuncu çıxdı. ABŞ qoşunları ölkəni tərk etdi və daha dəqiq desək, oranı qoyub qaçdılar. Biz hələ də orada idik. Biz Türkiyənin Silahlı Qüvvələri ilə birlikdə hava limanını tərk edən sonuncu ölkələr olduq. Bu idi bizim tərəfdaşlığımız. Əfqanıstanla bağlı onların bizə ehtiyacı var idi. Mən xatırlayıram ki, ABŞ-ın yüksəkrütbəli məmurları və nəqliyyat komandanlığı, Müdafiə Nazirliyinin nəqliyyat komandanı Azərbaycana dəfələrlə gəlirdilər və bizə minnətdarlıq bildirirdilər ki, Azərbaycan “Şimal şəbəkə” adlandırılan bir dəhliz idi və biz onun tərkib hissəsi idik. Onu da qeyd etmək lazımdır ki, Əfqanıstana gedən əsas marşrut çox çətin marşrut idi. Ancaq Əfqanıstanda missiya başa çatdıqdan sonra onların etdikləri nə oldu? Onlar yenidən bizə qarşı sanksiyanı bərpa etdilər. Mən 907-ci düzəlişdən danışıram. Buna heç bir məntiqi əsaslandırma və izah təqdim etmədən, bu da onların bizə təşəkkürü. Uzun illər ərzində biz onlara qarşı etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı nə düşünə bilər bu Administrasiya haqqında? Yəni, deməli, siz onlara lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik» sözləri bildirən Prezident İlham Əliyev haqqın, ədalətin qalib gələcəyinə inamını dəfələrlə qeyd edir.  

Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı  Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi hesab edən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına uyğun addımlar atdı.

Bu gün Ukraynaya verilən dəstəyin cüzi hissəsi vaxtı ilə  Azərbaycana verilsəydi, torpaqlarımız onilliklər ərzində  işğal altında qalmazdı.  Əksinə, ABŞ hegemon dövlət kimi bütün dünyaya öz iradəsini diqtə etmək üçün beynəlxalq sistemi qorxudacaq düşmən obrazı yaratdı və İslamı «sivil dünyanın” əsas düşməni» elan etdi. İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyi bu ölkə terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmir, həm də müsəlman ölkələrini hədəfə götürür. Yaxın Şərqdə milyonlarla insanın qətli, iqtisadi infrastrukturun dağıdılması, şəhər və kəndlərin xarabazara çevrilməsi  Amerikanın Şərqə gətirdiyi “demokratiya”nın nəticəsidir.

Təkzibolunmaz reallıqdır ki, dünyada yaradılan  bütün gərginliklərin, münaqişələrin, qarşıdurmaların  müəllifi ABŞ və Qərbdir. Azərbaycanı «suriyalaşdırmaq» niyyətinə çatmayan  Ağ Evin rəsmi İrəvanı  yenidən silahlandırması,  Ermənistanın sınıq-salxaq  fərari ordusu ilə birgə təlimlər keçirməsi, 65 milyon dollar həcmində yardım ayırması  ölkəmizə qarşı ən iyrənc təxribatdır. Amma Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardığını 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə sübut etdi. Öz gücünə torpaqlarını işğaldan azad edən,  gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə Ermənistanla Azərbaycan arasında problemin daha ga gərginləşməsi üçün hər cür iyrənc  təxribatlar törədilir. Faktiki olaraq  bu gün ABŞ Fransa ilə yanaşı Qarabağı könüllü tərk edən  hayların havadarı kimi,  Ermənistandakı revanşist qüvvələri dəstəkləyir.  Belə açıq ermənipərəst siyasəti sayəsində regional proseslərdən tam təcrid olunan Fransanın, ABŞ-ın  təqaüdə göndərilmiş Minsk qrupunu canladırmaq cəhdləri  Şeyx Nəsrullahın ölünü diriltmək  xəyalının bənzəridir.

İrəvan üçün dərs

 Belə ki, ABŞ-ın riyakar siyasətinin Ermənistana xeyir verəcəyini düşünmək sadəlövhlükdür. Ermənistanın «ikinci Ukrayna”ya çevrilməsi» siyasətini anlamayan  Hayastanın  baş naziri Nikol Paşinyanın Ağ Evin, Qərbin  «farağat» komandası ilə hərəkət etməsi haylara yaxşı heç nə vəd etmir. Dünyada baş verən, bəd niyyətlərdən qaynaqlanan  hadisələrdən nəticə çıxarmayan Ermənistanın hələ də daxili gərginlik içərisində çabalayan ABŞ-ın, Qərbin quyruğunda  dolanması  gülünc, siyasi savadsızlığın  pik nöqtəsidir. 

Ağ Evin sabiq lideri,  ABŞ-da  noyabr ayında keçiriləcək prezident seçkilərinə  namizədliyini irəli sürən    Donald Trampa   seçicilərlə  görüşü zamanı  edilən sui-qəsd cəhdi  Birləşmiş Ştatlarda  insan hüquqlarının , təhlükəsizliyin qorunmasının  hansı səviyyədə olduğunun göstəricisidir. Eks-prezident Trampın  Pensilvaniyada seçicilərlə  görüşü zamanı baş verən  hadisə əslində ABŞ-da insan hüquqlarının , təhlükəsizliyinin qorunması ilə bağlı  yaratdığı  şounun real həyatda təsdiqidir.  Birləşmiş Ştatların öyündüyü  pərdəarxası demokratiyasının iç üzünün təzahürüdür . Birləşmiş Ştatların sabiq dövlət başçısı  Donald Trampa qarşı törədilən,  dünya siyasətinin əsas mövzusu kimi gündəmdə olan sui-qəsd cəhdindən,   Ağ Evin hazırki Prezidenti Cozef Baydenin   Birləşmiş Ştatlarda belə təəccüblə qarşılanan hərəkətlərindən dərs almayan Paşinyanın hələ də  üzünü  okeanın o tayına, Qərbə tutması, özləri köməyə möhtac olanlardan yardım umması  dəlilikdir.

«Paris-2024» XXXIII Yay Olimpiya Oyunları zamanı baş verən  iyrəncliklər,  bu cür mühüm tədbirlər üçün gərəkli olan qeyri-peşəkarlıq, Fransa prezidenti  Emmanuel Makronun  beynəlxalq siyasi arenada üzləşdiyi  biabırçı vəziyyət,  Yelisey Sarayının  başçısının neokolonialist siyasətinə qarşı mübarizənin güclənməsi  rəsmi İrəvan üçün dərs olmalıdır. Yəni, özünə umac ova bilməyəndən əriştə kəsmək bacarığının gözlənilməsi həqiqətən də siyasi təlxəklikdir.    

Avropa İttifaqının 10 milyonluq avro dəyərində  yardımına aldanan  Ermənistan heç vaxt unutmamalıdır ki,  özgəsinə umudlu olanın kisəsi həmişə boş qalar.   Havardalarının yalan vədlərinə  aldanan Paşinyana Prezident İlham Əliyevin  reallığı əks etdirən sözlərini bir daha xatırladırıq: "Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir.”

Xuraman İsmayılqızı , “İki sahil”