31 iyul 2024 15:49
362

Ana dili bizi birləşdirən ən böyük mənəvi dəyərdir

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun bəzi müddəalarını yada salaq:

- Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur;

 - Azərbaycan Respublikası dövlət dilinin işlənilməsini, qorunmasını və inkişafını təmin edir;

  - Dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi dövlətin əsas vəzifələrindəndir;

 - Bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır;

 - Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər;

- Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir;

 - Azərbaycan Respublikası ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır;

- Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

İnsanların bir qisminin düşüncəsinə görə, belə bir mübarizəyə zəruri ehtiyac yoxdur. Onların fikrincə, dilimizin başı üzərində heç bir real təhlükə duyulmur. Nəinki daxil olduğu türk dilləri ailəsində, eləcə də mədəni dünyanın inkişaf etmiş dilləri sırasında öz üslubi və funksional imkanlarına görə heç bir dildən geri qalmayan, on milyonlarla insanın ünsiyyət vasitəsi kimi işlənən, geniş şəbəkəli informasiya vasitələri, radio və televiziya kanalları, nəşriyyatları, elmi-tədqiqat müəssisələri, zəngin klassik və müasir ədəbiyyatı, minlərlə orta, onlarla ali məktəbi əhatə edən təhsil sistemi, nəhayət, suveren bir dövlət tərəfindən təmin edilən dövlət dili statusu olan Azərbaycan dilini nədən, ya kimdənsə qorumağa, onun taleyi üçün narahatlıq keçirməyə nə hacət? Bu cür düşünənlərin, əlbəttə, öz məntiqi var, ancaq, təəssüf ki, real vəziyyət onların düşündüyü qədər sadə və birmənalı deyil. "Dilimizi qorumaq lazımdır" deyənlər adətən onun lüğət tərkibinin əcnəbi dillərdən keçən yad sözlərlə zibillənməsindən narahatlıq ifadə edir və bunun qarşısını almağa çağırırlar.

Dilçilər və dil biliciləri şifahi nitqdə "parazit sözlər" adlanan hallara qarşı həmişə mübarizə aparmışlar. Əfsus ki, müasir dilimizdə bu tipli söz və ifadələr azalmaqdansa daha da artır. Əvvəllər bu qəbildən olan "deməli", "necə djeyərlər" kimi ifadələr çox işlənirdisə, son illər "belə deyək də...", "keçid almaq" kimi parazit ifadələr dilimizdə (daha doğrusu, dilimizdə danışan bəzi fərdlərin nitqində) həqiqətən də parazitsayağı, bir epidemiya kimi yayılmaqdadır. Bu sıraya gənclər jarqonundan ümumi ünsiyyət dilinə soxulan "super", "bomba" kimi təyinləri də aid etmək olar.

Ana dili bizim mənəvi Vətənimizdir, dövlət dilinin hüdudlarının qorunması dövlət sərhədinin qorunması qədər vacib məsələdir və ümummilli vəzifə kimi dərk olunmalıd ır.

Ana dili bizi həqiqətən birləşdirən ən böyük mənəvi dəyərdir. Ana dilimizi anamızın namusu, ana Vətənimizin şərəfi kimi qorumalıyıq.

Natəvan Məhərrəmova,
56 saylı tam orta məktəbin " Azərbaycan dili və ədəbiyyat" müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü