01 avqust 2024 08:00
445

Ana dili milli varlığımızdır

O sahili bu sahilə birləşdirən,

Polad körpüm qılıncımdır,

Gunəşimdir mənim dilim!!!

Xəlil Rza Ulutürk

Azərbaycan dili Azərbaycan xalqının milli dilidir, eyni zamanda Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Azərbaycan dilində  həm respublikamızda, həm də dünyanın 87 ölkəsində danışan 50 milyondan çox insan var. Azərbaycan dili türk dilləri ailəsinin  oğuz qrupuna daxil olan qədim və zəngin dillərdən biridir. Dilimiz böyük inkişaf yolu keçmiş qədim dillərdən hesab olunur. ”Kitabi-Dədə Qorqud dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilsədə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı ”Kitabi-Dədə Qorqud dastanındanda  qədimdir.

Azərbaycanın yazılı ədəbi dilinin tarixi hələki əldə olunan materiallara görə XIII əsrdən başlayır. Azərbaycan dilini ilk dəfə rəsmi səviyyəyə qaldıran, dilimizin inkişafında böyük xidmətləri olmuş şair və dövlət xadimi kimi hamımızın tanıdığı böyuk Səfəvi dövlətinin yaradıcısı Şah İsmayıl Xətai olmuşdu. O dilimizi xalq içərsindən çıxarıb - saraya gətirmiş,doğma Azərbaycan türkcəsini dövlət dili elan etmiş, ana dilimizi öz layiq olduğu mərtəbəyə qaldırmışdı.

Azərbaycan dilinin sonrakı inkişafında Azərbaycan ziyalılarının, şair və yazıçılarının misilsiz xidməti danılmazdır. Azərbaycan dilinin funksional inkişafı sahəsində köklü dəyişiklər isə yalnız 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın-Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının elan edilməsindən sonra mümkün oldu. Bu sahədə ilk addım 1918-ci il iyunun 27-də milli hökumətin qərarı ilə yeni və ən yeni dövrdə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verildi və dövlət orqanlarında və kargüzarlığın bu dildə aparılmasına başlandı. Azərbaycan dilində fəaliyyət göstərən ali təhsil müəsisələrinin yaradılması və Azərbaycanda əlifba islahatı üçün ilk addımların atılması da 1918-1920-ci illər müstəqillik dövrünün əsas xüsusiyyətlərindəndir.

Ötən əsrin 60-ci illərinin sonlarından başlayaraq xalqımızın sonrakı və bu günkü tarixində dərin izlər qoyacaq növbəti və çox vacib bir dövr - Heydər Əliyevin Azərbaycana rəhbrliyi dövrü başladı. O dövr ki, mənəvi  dəyərlərinin qorunmasına, tariximizin düzgün istiqamətdə öyrənilməsinə, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya cıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.

1991-ci il 18 oktyabr Azərbaycan Xalq Cumhuriyyətinin layiqli davamçısı Azərbaycan respublikasının qurulmasından sonra görülən tədbirlər və verilən qərarlar dilimizin və əlifbamızın inkişaf edib çiçəklənməsinə şərait yaratdı.

 Bunlardan bəziləri:

1.Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında Azərbaycan Respublikasının qanunu(25 dekabr 1991.

2. Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu(22 dekabr 1992)

3.Dövlət dilinin tətbiq işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının prezidentinin Fərmanı(18 iyun 2001)

4. Azərbaycan Əlifbası və Azərbaycan  dili gününün təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanı(9 avqust 2001)

5.Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin dahada təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı(1 noyabr  2018)

Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək,gələcək nəsillərə ötürməkdir. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən, bugünümüzdən sabahımıza salınan mənəvi körpüdür.

Ana dilim,səndədir xalqın əqli,hikməti,

Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.

Ürəklərə yol açan Füzulinin sənəti,

Ey dilim, qüdrətinlə dünyalara yol açmış.

Səndə mənim xalqımın qəhrəmanlıqla dolu

Tarixi varaqlanır,

Səndə neçə min illik mənim mədəniyyətim,

Şan-Şöhrətim saxlanır.

Mənim adım-sanımsan,

Namusum, vicdanımsan!

Bəxtiyar Vahabzadə

Gəlin ana dilimizi sevək və qoruyaq.

Xəyalə Salmanova,
Bakı şəhəri, Xətai rayonu, T.Bağırov adına 59 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü