01 avqust 2024 03:15
446

Hər bir xalqın ana dili onun milli sərvətidir

Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında Müstəqil Dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) hökumətinin diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli qərarı ilə Cümhuriyyət hökuməti o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinici növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümumilli lider Heydər Əliyev deyirdi ki: ”Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir”. 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi.

2001-ci ilin İyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzalandı. Həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü təsis olundu. Bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında Ümumilli Lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı. Əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılıb. Bununla belə, tarixdə Azərbaycanın mədəni inkişafına, tərəqqisinə, eləcə də ədəbi dilin inkişafına maneçilik törədən əlifbalar da olub. Məhz bu baxımdan haqlı olaraq, Azərbaycanın tərəqqipərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbaların islah edilməsi və ya digər daha mükəmməl yazı sistemi ilə əvəz olunması uğrunda illərlə və müntəzəm mübarizə aparıblar. Dili, ilk növbədə, onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönədönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə daxil olan liderlərin adı ilə sıx bağlıdır.

Məlum olduğu kimi, Cümhuriyyət dövründə (1918) Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü olmadı. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə respublika Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili respublikada dövlət dili kimi təsbit edildi. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, bu proses başa çatdı. 2001- ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi. 2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında çox gözəl aforizmləri var: “Xalqı xalq edən, milləti millət edən onun Ana dilidir.” “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.” “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.”

Lalə Bağırova,
Bakı şəhəri, Xətai rayonu, T.Bağırov adına 59 saylı tam orta məktəbin ibtidai sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü