31 iyul 2024 23:55
393

Dilmizin saflığını qorumaq hamının vətəndaşlıq borcudur

Azərbaycan dili bugünkü yüksək inkişaf səviyyəsinə çatanadək bir sıra mərhələlərdən keçib. Bu baxımdan Ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dönəmdə Azərbaycan dilinin inkişafına böyük rolu olmuşdur. Yeni şəraitin tələblərinə uyğun şəkildə bu siyasəti inkişaf etdirən dövlət başçısı İlham Əliyevin ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir. Bundan əlavə, İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli sərəncamına uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 avqust 2007-ci il tarixli digər bir sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşri də həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi ba-xımından xüsusilə böyük əhəmiyyət daşıyır. Sənəddə qeyd olunduğu kimi, “Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir”. İlk növbədə, Azərbaycan dilinin hərtərəfli inkişafı və tətbiq dairəsinin genişlənməsi üçün böyük imkanlar yaradan bu dövlət proqramının əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanması üçün münbit şərait yaradır. Prezident İlham Əliyevin dilimizin saflığının qorunması ilə bağlı göstərişləri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu qarşısında da mühüm və təxirəsalınmaz vəzifələr qoyur. Qeyd edək ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsi indiyədək bu sahədə bir sıra maarifləndirici işlər aparsa da, hələ də mövcud nöqsanların olması göz qabağındadır və onları aradan qaldırmaq üçün ciddi tədbirlər həyata keçirməyə borcluyuq. Möhtərəm Prezidentimizin sözügedən çıxışındakı göstərişlərindən dərhal sonra Dilçilik İnstitutunun elmi şurasında mövcud problem müzakirə olunmuş və məsələ ilə bağlı aşağıdakı tədbirlərin həyata keçirilməsi təklif kimi irəli sürülmüşdür:

– Dövlət televiziya kanalında və digər kanallarda “Azərbaycan dili” verilişi bərpa edilsin və verilişdə dilimizin saflığı və ədəbi dil normalarının pozulması məsələsi geniş şəkildə işıqlandırılsın.

– Azərbaycan dilinin saflığının qorunması istiqamətində maarifləndirmə işi genişləndirilsin.

– Mətbuat və televiziya işçilərinin işə qəbulu zamanı onların nitq mədəniyyətinə bələdliyi səviyyəsi yoxlanılsın.

– Nitq mədəniyyəti ilə bağlı məsələlər mətbuatda mütəmadi olaraq işıqlandırılsın. – Ayrıca olaraq mətbuat və televiziya işçiləri üçün praktik “Nitq mədəniyyəti” vəsaiti hazırlanıb nəşr edilsin.

– Azərbaycan Milli Elmlər Akademiyasının magistrant və doktorantları üçün “Dilimiz – milli sərvətimiz” adlı müsabiqə keçirilsin. – Ədəbi dil normalarının pozulmasını əks etdirən videoçarxlar hazırlansın.

– Təhsil Nazirliyi və Milli Televiziya və Radio Yayımları Şurası xəttilə müvafiq qurumlarda “Azərbaycan dilinin saflığını qorumaq hamının borcudur” mövzusunda müsabiqələr keçirilsin.

– Təhsil Nazirliyinin müvafiq qurumlarında “Nitq mədəniyyəti” fənninin tədrisinin keyfiyyəti yaxşılaşdırılsın.

– “Nitq mədəniyyəti” dərsliyinin yeni təkmilləşdirilmiş nəşri hazırlansın. – Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə koordinasiya işi gücləndirilsin, birgə tədbirlərin həyata keçirilməsinə diqqət artırılsın.

– Dilimizə daxil olan yeni terminlər mütəmadi olaraq ictimaiyyətə çatdırılsın və müzakirə olunsun. – Yeni anlayışların dilimizin daxili imkanları hesabına ifadə olunması məsələsinə diqqət artırılsın.

– Azərbaycan dilinin orfoepiya lüğəti hazırlanıb nəşr olunsun.

– Ədəbi dil normalarının pozulması hallarına qarşı müvafiq cərimələr tətbiq edilsin. Beləliklə, yuxarıdakı qeydlərdən göründüyü kimi, istər ulu öndər, istərsə də Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyev ana dilimizin hərtərəfli inkişafı, tətbiq dairəsinin genişlənməsi, saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirmişlər. Bununla belə, təəssüf ki, hələ də reklam daşıyıcılarında, internet resurslarında, kütləvi informasiya vasitələrində dilimizin saflığının pozulması hallarına rast gəlirik. Ədəbi dilin saflığının qorunması hamıdan asılıdır, çünki dilin daşıyıcısı xalqdır və dil xalqın ən böyük mənəvi sərvətlərindən biridir. Məhz buna görə də varlığımız, kimliyimiz olan dilmizin saflığını qorumaq hamının vətəndaşlıq borcudur.

Nurlana Abdullayeva,
48 nomrəli məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü