31 iyul 2024 11:39
373

Dilimizi sevmək hər birimizin vətəndaşlıq borcudur

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü Vətən, torpaq sevgisinin  təqdimatıdır. Onun “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” çağırışı da özündə mühüm məqamları ehtiva edir. Bu fakt inkaredilməzdir ki, Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi, dövlət dili statusunu qazanması və təsdiqlənməsi, həm ölkə daxilində, həm də hüdudlarından kənarda sevilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1970-1980-cı illərdə Ulu Öndər Heydər Əliyevin milli dil sahəsində apardığı fəal siyasət Azərbaycanda milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirdi, Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik qazanmağa hazırladı.

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər.

Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.  Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

    Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra  dil məsələsini yenə də əsas prioritet məsələlər sırasında saxladı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.  Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına   əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.

Hər bir bayram, ölkənin həyatında əhəmiyyətli rol oynayan  əlamətdar tarix keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 1 Avqust-Azərbaycan əlifbası və Azərbaycan dili Günü dilimizin qorunması və inkişaf etdirilməsi yönümündə atılan addımların təqdimatıdır. Artıq yeni dövrə qədəm qoymuşuq. Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqlar fonunda dilimizin saflığının təmin edilməsi bu gün də  əsas hədəflər sırasındadır. Bu gün qalib, bütövləşən Azərbaycanın uğurlarından danışırıq. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, qalib ölkənin vətəndaşı olması ilə qürur duyur. Hər birimiz tarixi Zəfərimizin yaratdığı reallıqların qarşıya qoyduğu vəzifələrin icrasına öz töhfələrimizi verməliyik.

Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən, xalqımıza tarixi Zəfərin sevincini və qürurunu yaşadan Prezident İlham Əliyev daim dilimizin qorunmasına xüsusi diqqət göstərir,  bunu atdığı addımları, imzaladığı Fərman və sərəncamları ilə təsdiqləyir.  Bu reallıq inkaredilməzdir ki, inkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Azərbaycan xalqı daim yenilməzlik nümunəsini təqdim edir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. Ümummilli Lider   bu çağırışı da etmişdir ki,  öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi