30 iyul 2024 23:07
332

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Atam Məmmədov Səfər Muxtar oğlu 1924-cü ildə Ermənistan SSR-nın Üçkilsə rayonunun Qarğabazar kəndində anadan olmuşdur. Kənd rayon mərkəzindən 12 km cənub-şərqdə, Qarasu çayının yanında yerləşir.  Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1965-ci il tarixli Fərmanı ilə kəndin adı dəyişdirilərək Haykaşen edilmişdir. Kənddə 1873-cü ildə 574 nəfər, 1886-cı ildə 602, 1897-ci ildə 569, 1904-cü ildə 688, 1914-cü ildə 728, 1916-cı ildə 615 , 1919-cu ildə 600 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. 

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdi. Burada 1922-ci ildə 192, 1926-cı ildə 190, 1931-ci ildə isə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri 1948–1949-cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. Kənddə 1946–47-ci illərdə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir və hal-hazırda orada yaşayırlar. 

Ümumiyyətlə, 1948-1953-cü illərdə Üçkilsə rayonundan azərbaycanlıların yaşadığı 5 məntəqədən -  Aşağı Qarxın, Yuxarı Qarxın, Qarğabazar,  Molla Dursun və Yuxarı Kolanlı kəndlərin əhalisi deportasiya edilmişdir. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə erməni vandalizminin qurbanına çevrilmiş, dağıdılmış və məhv edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il iyul ayının 20-də Şuşada 2-ci Qlobal Media Forumunda qeyd etdiyi kimi, Qərbi azərbaycanlılar deportasiyanın bütün əzab-əziyyətlərini yaşayıblar. Onlar öz evlərini qətliam, qorxu mühitinin yaradılması və dövlət orqanlarının zor tətbiq etməsi nəticəsində tərk etməli olublar. Xaricdən ermənilərin gətirilməsi üçün 1948-53-cü ildə yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya edilməsi və onların çoxunun fərqli iqlim şərtlərinə dözməyib həlak olması Qərbi azərbaycanlıların taleyinin faciəvi səhifələrindən biridir.

Atam Qarğabazar yeddiillik məktəbini bitirdikdən sonra İrəvan Pedoqoji texnikumuna qəbul olmuşdur. Texnikumu bitirdikdən sonra Qarğabazar kəndində müəllim işləmişdir. 1941-ci ildə faşist Almaniyası Sovet İttifaqına qarşı müharibə başlayanda orduya çağırılmış və qanlı döyüşlərdə iştirak etmişdir. İştirak etdiyi döyüşlərin birində ağır yaralanmiş və ordudan təxris edilmiş, orden və 12 medalla mükafatlandırılmışdir.   
Ordudan təxris edildikdən sonra yenidən öz doğma məktəbində müəllim işləmişdir. 1950-ci ildə öz ata-baba torpaqlarindan deportasiya edilərək Azərbaycanın Mərkəzi Aran bölgəsinə yerləşdirilmişdir. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirmişdir. 1950-1983-cü illər ərzində Sabirabad rayonu Həşimxanli kəndində müəllim işləmiş, “Şərəf nişanı" “ordeninə ilə təltif edilmişdir. O, hər zaman Qərbi Azərbaycanda keçirdiyi günləri xatırlayırdı. Hər zaman söhbətlərində deyirdi ki, gün gələcək biz Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarımıza qayıdacağıq. Kaş atam sağ olaydı və bu ğun Qayıdış üçün atılan addımların şahidi olaydı, bizim kimi cənab Prezidentimizlə qürur duyardı. Azərbaycan xalqı və dünya ictimaiyyəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qətiyyətli, gələcəyə hədəflənmiş tarixi addımın şahidi oldu. 

Tarixi mənbələrdən aydın göründüyü kimi erməni millətçiləri “dənizdən dənizə” böyük imperiya xülyasına qapılaraq XIX- XX əsrlər boyu Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırım siyasəti yürütmüşlər. Prezident İlham Əliyev icma üzvləri ilə görüşdə Qərbi Azərbaycana Qayıdış konsepsiyasının mahiyyətini də açıqladı, onun sülhsevər məzmun daşımasının vacibliyini, beynəlxalq konvensiyalardakı müddəalara əsaslanmasının zəruriliyini diqqətə çatdırdı. Biz Qərbi Azərbaycanlılar da dədə-baba yurdlarımıza qayıtmaq üçün Prezidentin Qərbi Azərbaycan İcmasının qarşısında qoydugu vəzifələri yerinə yetirmək üçün var qüvvəmizlə çalışmalıyıq.

Abbas Məmmədov,
Uzun illər Sabirabad rayonu, Həşimxanlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyət müəllimi işləmiş təqaüdçü