31 iyul 2024 08:04
382

Biz elə bir gənc nəsil yetişdirməliyik ki, daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar

Dövlət başçısı İlham Əliyev bildirir ki, həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz 

“Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk.” Dövlət başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq onu da bildirir ki, Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.

Milli özünüdərkin yüksəlişi

Azərbaycançılığın ən parlaq səhifələri məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yazılıb. Ümummilli Lider  o dövrdə mövcud ideologiyanın qəlibləri çərçivəsində  Azərbaycanda  milli ruhun tamamilə sıxışdırılmasına nəinki yol vermədi, əksinə, onu yüksəltmək yolunda  bütün imkanlardan maksimum istifadə etməyə səy göstərdi. Milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi həmin dövrü xarakterizə edən mühüm məqamlardır. Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, dilimizin qorunması, inkişaf etdirilməsi xüsusi yer tutur.

   Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalqlar daim tarixin sərt sınaqlarından üzüağ çıxır, davamlı inkişafı ilə diqqət mərkəzində olur. Azərbaycan xalqının  bu gün   dünyanın 10 xoşbəxt ölkəsi sırasında yer almasını şərtləndirən mühüm amillər mövcuddur. Zəngin tarixə, mədəniyyətə,  ədəbiyyata, milli-mənəvi dəyərlərə malik olan xalqımız  bütün dövrlərdə tarixinə sahib çıxmış, onu  parlaq səhifələri ilə daha da zənginləşdirməyə səy göstərmişdir.  Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, bu mühüm məqamın şahidi olarıq. Ümummilli Lider   daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə  qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma  Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, bu gün hər sahədə təcrübəsi nümunə olan, beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşan,  ən əsası qalibiyyəti ilə dünyaya səs salan  ölkəmiz üçün möhkəm baza formalaşdırıb. Nəzərə  alsaq ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli-mənəvi dəyərlərində ehtiva  olunur, bu halda Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz  ziyalılarla keçirməsinin də nə qədər böyük əhəmiyyətə malik, bu günümüzə və gələcəyimizə hesablanmış mühüm addım olduğunu daha dərindən dərk edə bilərik.

Biz nadir bir dövlətçilik irsinin varisləriyik

Tarixə nəzər salsaq görərik ki, xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olub. Lakin bütün təzyiqlərə, çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmişdir. Məhz bu reallıqlara söykənərək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.” Ümummilli Liderin böyük və müqəddəs ideallarla qurub-yaratdığı Azərbaycan dövlətinin tarixən keçib gəldiyi yolun öyrənilməsi mütləqdir, bir çağırışdır.

   Bu gün tariximizin yeni dövrünü yaşayırıq. Tarixi Zəfərimiz, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi yeni reallıqlara yol açdı. Bu reallıqlar isə hər bir sahədə yenilikləri, təkmilləşməni şərtləndirdi. Bugünümüzün reallıqları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin vaxtilə səsləndirdiyi “Gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” çağırışının  təsdiqidir. Gənclərimizin vətənpərvərlik ruhunda, milli ruhda tərbiyəsi tarixi Zəfərimizi şərtləndirən mühüm amillər sırasında oldu. Vətən, torpaq sevgisi azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindəndir. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin və ötən il bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsinin fonunda bu məqamı böyük qürur hissi ilə qeyd edir ki, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi:  “Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”

Gənclərimiz milli ruhda tərbiyə edilməlidir

Cənab İlham Əliyev yeni dövrün başlanğıcı kimi dəyərləndirilən, bu ilin  7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bütün sahələrdə qarşıda dayanan hədəfləri açıqlanarkən bir daha bu çağırışı etdi:  “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır.” Bu mühüm məqam da qeyd edildi ki, bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, cəmiyyətimizin əsasıdır. Bu, sarsılmaz varlıqdır,  dəyərdir və bunu sarsılmaz etmək  əlimizdədir: “Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz.”

Yeganə Əliyeva, “İki sahil”