31 iyul 2024 00:32
347

Ermənistanın “yeraltı müharibəsi” davam edir

Azərbaycan ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır.

Ermənistanın doğma yurdlarına qayıtmağa başlayan soydaşlarımıza qarşı “yeraltı müharibəsi” hələ də davam edir. Yaxın günlərdə bundan daha üç vətəndaşımız Kəlbəcərdə mina partlayışı nəticəsində yaralanıb. Partlayış rayonun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə baş verib.

Bu minalar Azərbaycanda insan təhlükəsizliyi üçün böyük təhdid təşkil etməyə davam edir. Təxminən 3400 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan təxminən 600-ü ölümlə nəticələnib. Mina partlayışına görə həyatını itirənlərdən 358-i uşaq, 30-u qadındır. Ərazilərin minalarla çirklənməsi əhalinin həyat və yaşayışını təhlükə altına alır, yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasına mane törədir. Bərpa istiqamətində minasızlaşdırmanın vacib rolunu qəbul edən Azərbaycan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədini irəli sürüb.

Odur ki, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Bu bir reallıqdır ki, Ermənistanın mina xəritələrini təqdim etməməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təhlükəsizliyin və inkişafın təmin edilməsini çətinləşdirir. Ermənistan bu məsələdə məsuliyyət daşımalı və mina xəritələrini təqdim edərək, humanitar hüquq və beynəlxalq qanunlar çərçivəsində hərəkət etməlidir. Beynəlxalq ictimaiyyətin bu məsələdə aktiv rolu, regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün vacibdir.

Dövlətimiz bu məsələdə də lazım olan tədbirləri görür və əlindən gələni əsirgəmir. Bu günlərdə beynəlxalq səyyahlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi minaların azərbaycanlı istehkamçılar tərəfindən zərərsizləşdirilməsi prosesini izləyiblər. Səyahətçilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzuli rayonunun Horadiz kəndinə gəliblər. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri qonaqlara işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmənin necə aparıldığını, hansı ərazilərin artıq təmizləndiyini və qarşıda hansı işlərin görülməli olduğu barədə məlumat veriblər. Qonaqlara həmçinin daha əvvəl aşkar edilmiş və zərərsizləşdirilmiş tank əleyhinə minaların partladılması nümayiş etdirilib.

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil edilib. Son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Çarlz Veylinin başçılıq etdiyi bu qrupun səfəri sayca 11-ci olub. Səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edib.

Bütün dünya bilməlidir ki, Azərbaycan Ermənistanın mina müharibəsindən əziyyət çəkir. Təsadüfi deyil ki, Azərbaycanın adı dünyanın 5 ən çox minalanmış ölkələri siyahısına daxil edilib. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılış mərasimində toxunduğu mövzulardan biri də Ermənistanın müharibədən sonra Azərbaycan ərazisini minalarla çirkləndirilməsi oldu. Dövlətimizin başçısı qeyd edib ki, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra, bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınır və onlar Qarabağda basdırılırdı: “Biz bunu necə bilirik? Çünki o minaların üzərində “İstehsal tarixi 2021-ci il, Ermənistanda istehsal edilmişdir” yazıları var. Yəni, təsəvvür edin ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər”.

Bu gün dünyanın bir çox ölkələrinin mina terrorundan əziyyət çəkdiyini forum iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev iyulun 19-da insidentin baş verdiyini, üç nəfərin mina partlayışı nəticəsində yaralandığını söyləyib: “2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, nəhayət, Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. Əvvəl biz onlardan xahiş edəndə deyirdilər ki, – onların baş nazirləri mənə deyirdi ki, – bizdə xəritələr yoxdur. Ancaq sonra etiraf etməli oldular ki, xəritələr var, amma onlar tamamilə yararsızdır”.

Keçmiş köçkünlərin doğma yurdlarına qayıdışına ən böyük maneənin məhz minalar olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın həmin ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış binalarının inşasına başlamamışdan əvvəl o ərazilərin minalardan təmizləndiyini qeyd edib. “Təəssüflər olsun ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur. Beynəlxalq təşkilatlar və şirkətlər bizə elə qiymətlər təklif edirlər ki, hər bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə artıqdır. Çünki bizim də özümüzün Minatəmizləmə Agentliyimiz və şirkətlərimiz var. Bu, nə qədər davam edəcək, bunu demək çox çətindir”.

İşğaldan azad olunmuş ərazilərin əziyyətli və vaxtaparan iş olduğu hamıya məlumdur. Üstündən 25 il keçməsinə baxmayaraq, Balkanlarda hələ də mina partlayışlarının baş verdiyini forum iştirakçılarının diqqətinə çatdıran Cənab İlham Əliyev bu bəlanın artıq beynəlxalq xarakter aldığını vurğuladı: “Yəni, Balkanlarda münaqişə illərdir sona çatmasına baxmayaraq, hələ də bu hallar baş verir. Təəssüflər olsun ki, biz də onilliklər ərzində bununla üzləşəcəyik. Bu gün bizdə olan məlumata görə, orada bir milyondan artıq mina basdırılıb”.

Qeyd edək ki, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən azad  olunan ərazilərdə iyulun 22-28-də 31 tank əleyhinə mina, 66 piyada əleyhinə mina, 898 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bir həftə ərzində 885 hektar ərazi minalardan təmizlənib.

Nigar Orucova, “İki sahil”