31 iyul 2024 00:14
335

"Parisin sirləri"nin pərdəarxası görüntüləri

«Paris-2024» XXXIII Yay Olimpiya Oyunları  neolonialist siyasəti beynəlxalq səviyyədə qınanan Makron hakimiyyətinin çirkli oyunlarını da  dünyaya bəyan etdi

   Qədim Yunanıstanın Olimpiya şəhərində ilk dəfə e. ə. 776-cı ildə Zevsin şərəfinə keçirilən Olimpiya oyunlarının zəngin tarixi var. Rəvayətə görə, Ellada hökmdarı İfıt Sparta hökmdarı Likurqla müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirməyi qərara alırlar.  O vaxtdan başlayaraq ənənələrə görə  beş gün davam edən  olimpiadalar birlik rəmzi olan   təntənəli mərasimlərə,  idman yarışlarına həsr edilirdi. Antik yunan olimpiadalarında  qaliblərə mükafat olaraq  zeytun budağından hazırlanmış  tac (kotinos) verilirdi.  Bu tac Olimpiya şəhərindəki müqəddəs sayılan zeytun ağacından  kəsilmiş budaqlardan hazırlanırdı. Oyunların ən əvəzolunmaz simvollarından biri daim yanar Olimpiya məşəli sayılırdı. Mifik görüşlərə görə, bu məşəli Prometey Zevsdən oğurlayıbmış.

 Müasir Olimpiya oyunlarında ilk dəfə məşəl 1928-ci ildə Amsterdamda keçirilən yarışlarda  istifadə olunmuşdu. Məşəl oyunların başlamasından bir neçə ay əvvəl onun ilk alovlandırıldığı yer olan Olimpiyada yandırılır. Orada yerləşən Hera məbədinin qarşısındakı  qadın yanan məşəli  digərinə verir və əldən-ələ ötürülərək oyunların keçiriləcəyi yerə gətirilir. Oyunlar bitənə qədər məşəl yanar halda saxlanılır. Yarışların bitdiyi günün sonunda  söndürülür. Olimpiya oyunlarında yandırılan məşəl sülhün simvolu hesab edilirdi.  Yarışların  digər rəmzi  olimpiyanın möhürü sayılan, Piyer de Kubertenin dizaynı əsasında hazırlanan 5 rəngli halqalardır.   Eyni ölçüdə, bir-birinə bağlı bu halqaların mavi, qara, qırmızı rəngləri yuxarıda, sarı, yaşıl rəngləri isə aşağıda yerləşir. Bu rənglərin hər biri dünyanın 5 qitəsini -  mavi Avropanı, sarı Asiyanı, qara Afrikanı, yaşıl Avstraliyanı, qırmızı  Amerikanı təmsil edir. Halqaların məhz bu rənglərdən ərsəyə gətirilməsi isə dünyadakı bütün ölkələrin bayraqlarından seçilmiş rənglərin  simvoludur. Olimpiya oyunlarının şüarı olaraq qəbul edilən və latınca ifadə olunan  «Citius, Altius, Fortius”» sözləri tərcümədə daha sürətli, daha yüksək, daha güclü mənalarını verir. Yəni, şüarda da, yarışlarda da  qalib gəlmək üçün 3 xüsusiyyətin önəmi xüsusilə  vurğulanır. Müasir olimpiadalarada  qəbul edilmiş və dəyişməz olan bu simvollarla yanaşı, Olimpiya oyunlarının keçirildiyi ölkədəki açılış və bağlanış mərasimlərində xüsusi hazırlanan  elementlərdən, milli ornamentlərdən,  Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təqdim edilən simvollardan - nişanlardan, bayraqlardan  və rəmzlərdən istifadə edilir.

Bu sadalananlar  əsrlərdən bəri davam etdirilən Olimpiadaların dəyişilməz qanunlarının  xronikasıdır. Amma ta qədimdən   dostluq, bərabərlik yarışlarını təşkil edənlərin ağlına gəlməzdi ki,  onların ənənələrinə  insanlığa nifrət bəsləyən  Fransa Prezidenti Emmanuel Makron kimi neokolonialist ruhlu  dövlət başçısı haram qatacaq.  Qərəzli ,  müstəmləkəçilik ideyaları ilə    idman yarışlarını belə  siyasiləşdirən, halalla haramın fərqini hələ də seçə bilməyən, insanlıq qanunlarından bixəbər Makron  siyasətdə  piyada olduğunu bir daha göstərdi. Öz ölkəsinin tarixini doğru-düzgün bilməyən Fransa Prezidentinin rəhbərliy ilə keçirilən  «Paris-2024» Olimpiadasının açılışı zamanı iştirakçı dövlətlərin keçidi zamanı  respublikaların adlarının səhv salınması haqlı olaraq  ciddi narazılıq doğurdu. Fransanın ermənipərəst mövqeyini birlik, həmrəylik bayramında belə  açıq-aşkar bildirməsi Makron hakimiyyətinin islah olunmayan islamofob mövqeyinin nəticəsi idi.

 Erməni havadarı  Makronun  Azərbaycana qarşı məkrli  niyyətinin Paris Olimpiadasında təkrarlanması, siyasətin idmanla qarışdırılması  Beynəlxalq Olimpiya Komitəsinin  qanunlarına zidd olmaqla bir çox dövlətlər tərəfindən  etirazla qarşılanıb. Fransanın «France 2»” ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirməsi  makronsayaq «sülhə dəstək siyasət»in Paris  nümunəsi idi.

 Fransa hökumətinin sifarişi ilə  Azərbaycanla bağlı əvvəlcədən  hazırlanan  «Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib»  sözlərindən ibarət təqdimat   Qərbin, xüsusilə də  Fransanın  ölkəmizə qarşı ikili standartlarının, qərəzli yanaşmasının təzahürü idi.    Təlimatlandırılmış  aparıcının  Azərbaycan komandasının keçidi zamanı ölkəmizi «Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası» adlandırması müstəqil  dövlətimizə  tükənməyən həqarətin ifadəsi,  Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən qızışdırıcı cəhd idi.  Azərbaycan xalqının heysiyyətinə toxunan bu cür rəzalət Avropanın qəlbi  sayılan Fransanın həqiqi mənada kordioloq, psixoloq  müalicəsinə ehtiyacının olduğunu göstərir.

 Xatırladaq ki,  ötən ilin aprel ayında   Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində də Fransanın təhriki ilə  Azərbaycana qarşı təxribat törədilmişdi. Çempionatın açılış mərasimində  komandaların keçidi  zamanı hansısa televiziya şirkətinin əməkdaşı,  stilistik studiyanın rəhbəri Aram Nikolyanın Azərbaycan Bayrağını əvvəlcədən planlaşdırılmış qaydaya uyğun aparıcının  əlindən alaraq  yandırması  yalnız haylara məxsus vəhşilik idi.  Polis tərəfindən saxlanılsa da qısa müddətdə  sərbəst buraxılan  aramçikin «Mənim yeganə arzum Ermənistan Respublikasının paytaxtı İrəvanda Azərbaycan Bayrağının dalğalanmamasını təmin etmək idi. Mənim bunu etməməli olduğumu düşünənlər  varsa, evlərində Azərbaycan Bayrağını assınlar»  sözləri daşnaklara xas  şizofrenik düşüncə tərzindən qaynaqlanır. Bütün  dünya ictimaiyyəti bu çirkin insidenti   pisləsə də   mərasimdə iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyanın da  sakticə izlədiyi,  etnik nifrətdən  qaynaqlanan bu hərəkətə  mənəvi qiymət, eyni zamanda,    türk qətiyyətinin, turan yenilməzliyinin  ifadəsi olan  çempionatda qızıl medal qazanan  türk qızı Cansu Bek­taşın «Aldığım medalı azər­baycanlı qardaşlarıma həsr edirəm, onları çox sevirik. Biz hər zaman sizin yanınızda­yıq!» sözləri oldu. İrəvanda Azərbaycan Bayrağını yandıranların davamçıları olan fransız aparıcıların təxribatlarına da   eyni qaydada cavab veriləcək. İlk  cavab Paris olimpiadasında itirak edən   Azərbaycan cüdoçusu Hidayət Heydərovun «Paris-2024» XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanması oldu. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımızın həlledici qarşılaşmada məhz  fransalı Con Benjamin Qabaya qızıl xal bölümündə ipponla qalib gəlməsi  Fransa-Ermənistan cütlüyü üzərində daha bir tarixi qələbəmiz oldu.   Prezident İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın  qalibimizi qazandığı uğur münasibətilə təbrik etmələri  dövlət başçımızın  həqiqəti əks etdirən  bu sözlərini bütün dünyaya bəyan etdi: «Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır.»

  Fransalı rəqibinin Hidayət haqqında   söylədiyi  «O, qələbə üçün hər şeyi etdi. Mən bu qalibiyyətə hörmət etməliyəm» sözləri  Azərbaycanın şərəfini düşmən  arenasında  qoruyan  idmançımızın tarixi qələbəsinin  həqiqi mənada  bacarığının, milli təəssübünün   təsdiqidir.

 «Paris-2024» XXXIII Yay Olimpiya Oyunları ilə bağlı beynəlxalq ictimaiyyətin , iştirakçıların  təəssüratları  neqativdir. Yarışları izləmək üçün Parisə gələnlər  qonaqlar üçün nəzərdə tutulan şəraitdən, xidmətdən narazılıq edirlər.  Yeraltı, yerüstü nəqliyyatda, qatarların cədvəllərində rast gəlinən geçikmələr, sosial,  məişət obyektlərində, otellərdə  xidmətin yarıtmaz təşkili,  başqa ölkələrin milli-mənəvi dəyərlərinə ögey münasibəti haqlı narazılıqlar  yaradır.  Başqa sözlə deyilsə iqtisadiyyatı  barədə  pozitiv notlarla  bəhs edən Makron hakimiyyətinin təşkilatçılığına verilən qiymət qeyri-kafi oldu. Paris olimpiadasında triatlonçuların bazar ertəsinə planlaşdırılan yarışı öncəsi ikinci üzgüçülük məşqi ləğv edildi. Səbəb isə  Sena çayında suyun keyfiyyətinin, çirklilik səviyyəsinin  qənaətbəxş olmamasıdır. Olimpiadanın Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları suyun keyfiyyətinə kifayət qədər zəmanət vermədiyi üçün triatlon yarışının üzgüçülük hissəsinin ləğv edilməsi  makronizmə olimpiadanın ağır  zərbəsi idi.  Bir məsələ də diqqət çatdırılıb ki, çirklilik səviyyəsi yüksək olduğuna görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayında bu il bəzi yarışların  keçirilməsi insan həyatı üçün təhlükələr yaradıb.  Göründüyü kimi, başı başqa ölkələrin daxili işlərinə müdaxiləyə qarışan, Ermənistan üçün Qıdı kirvənin dəsmalı ilə göz yaşı tökən  Makron  Parisdə   olimpiada keçiriləcəyini ya «unudub»,  yaxud Ermənistanı silahlandırmağı  həmrəylik  bayramından  vacib hesab edib.

«Paris-2024» XXXIII Yay Olimpiya Oyunlarında baş verən neqativ hallardan, hətta rəsmi nümayəndələrin pul qablarının oğurlanmasından, küçələrdəki  natəmizliklərdən  çox bəhs etmək olar.  Məntiqi nəticə budur ki, dünyaca məhşur aktyor Jan Marenin « Fontamas»ı «Parisin sirləri»ni dünyaya bəyan etdi. Başqa sözlə deyilsə, Lui de Fyünesin «Böyük cəzinti»si Parisin uğursuzluqları ilə yaddaşlarda qaldı.

Xuraman İsmayılqızı, «İki sahil»