30 iyul 2024 23:16
391

Ana dili xalqın böyük sərvətidir

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ilin iyulun 14-də Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən Azərbaycan dilinə  diqqəti və qayğısı özünü  göstərmişdir. Bununla da Azərbaycanda milli dilimizin inkişafı ilə  bağlı yeni  dövr  başlamışdır. Xalqına, dövlətinə böyük məhəbbət bəsləyən, xalqımızın işıqlı  gələcəyi  üçün çalışan  Ümummilli  Lider  həm  də  milli  dilimizin böyük  təəssübkeşi  idi. O, şəxsi  nümunəsi ilə  Azərbaycan xalqının  qəlbinə  əbədi  həkk  olunub. 1969-cu ilin noyabrında  Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti) 50 illik yubileyində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan  dilində  çıxışı  SSRİ-də böyük əks-səda yaratmışdır. Bu, Ulu Öndərin xalqına, vətəninə olduğu kimi, dilinə-doğma Azərbaycan dilinə olan milli  təəssübkeşliyinin ən  bariz  nümunəsi  idi.  Bununla Azərbaycan KP MK-nın I  katibi  kimi  Heydər Əliyev milli varlığın, milli kimliyin partiyalılıq prinsipindən üstün olduğunu  əyani şəkildə göstərmiş və Azərbaycan dili ilə bağlı gələcək tədqiqatların genişləndirilməsinin istiqamətlərini müəyyənləşdirmişdir. Eyni  zamanda,  Ulu Öndərin tarixi çıxışı xalqımızda milli özünüdərk  ruhunu yüksəltməklə yanaşı, milli azadlıq hərəkatında dil siyasətinin mühüm  əhəmiyyət  kəsb  etdiyini  göstərmiş  oldu 

Dilimizin  lüğət  tərkibinin  zənginləşdirilməsində şair və yazıçıların xüsusi  rolu var. Məhz  bədii əsərlərin dilində dilimizin inkişaf səviyyəsini aydın şəkildə  görmək olur. Şair və yazıçılarımız dilimizin saflığı  uğrunda  daim mübarizə aparmış, onun  inkişafına  öz  töhfələrini  vermişlər. Bunu  xalqımızın Ümummilli  Lideri  Heydər  Əliyev  xüsusi ilə  qiymətləndirmişdir: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər”.

Ulu  Öndər Azərbaycan yazıçılarının VII qurultayında yazıçılara bədii əsərlərin  dilinə  xüsusi  diqqət  yetirilməsinin  əhəmiyyəti  ilə  bağlı demişdir:  “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Sovet hakimiyyəti illərində Azərbaycan dili zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır. Bu da Respublikanın bütün ədəbiyyatçılarının, Yazıçılar İttifaqının ən mühüm vəzifələrindən biridir. Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir. Dilimizin jarqon, dialekt ifadələri  ilə zibillənməsinə yol vermək olmaz diqqəti, həm də himayədarlığı  Azərbaycan dili  ilə bağlı  proqram  xarakterli  dediyi  sözlərdə  öz əksini  tapmışdır: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir”.

Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Azərbaycan dilinin qorunması və  inkişafına daim diqqət göstərir. Cənab Prezidentin Azərbaycan dili ilə bağlı  dediyi  aşağıdakı sözlər dilimizə göstərdiyi  qayğının təcəssümüdür: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.

Cənab Prezident İlham Əliyev ana dilimizlə bağlı siyasətində də Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi çıxış edir və bu işi uğurla davam etdirir: “Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq.”

Təbii ki, bu dil daima bizi birləşdirən, keçmişlə gələcək arasında əlaqə yaradan qədim tarixi kökləri olan mənəvi bir körpüdür. Ona görə də bu körpünü həmişə möhkəm saxlamaq, qorumaq lazımdır. Cənab Prezidentin də bu məsələni xüsusi olaraq diqqətdə saxlaması məhz bununla əlaqədardır. Təsadüfi deyil ki, o bu siyasəti uğurla həyata keçirmək üçün qəbul etdiyi fərman və sərəncamlarda, etdiyi çıxışlarda konkret qurumlar qarşısında ana dilinin saflığını qorumağın vacibliyini dilə gətirməklə bu məsələləri sistemli şəkildə nəzarətdə saxladığını ifadə edir

Azərbaycan dilinin saflığının qorunması, tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində dahi rəhbərin əsasını qoyduğu siyasət bu gün möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla, dilimizə çox böyük sevgi ilə davam etdirilir.  Dövlət Dil Komissiyasına möhtərəm Prezidentimizin özünün rəhbərlik etməsi dilimizə dövlət səviyyəsində diqqət və qayğının əsas göstəricilərindəndir. Onun dilimizin saflığının qorunmasına, inkişaf et­di­ril­mə­­sinə və təbliğ olunmasına yönələn dil siyasəti, apardığı geniş­miq­­yaslı islahatlar, qəbul etdiyi fərman və sərəncamlar bu gün öz müsbət nəticəsini verməkdədir. Hər bir azərbaycanlı, xüsusilə biz gənclər də bu məsələdə vətəndaşlıq borcumuzu yerinə yetirməli, ana dilimizə qayğı göstərməli, onun qorunması və inkişafı üçün bütün səylərimizi birləşdirməliyik. Dilimizin inkişafında və saflığının qorunması işində gənclərlə birbaşa bağlı olan təhsil sahəsinin müstəsna rolu var. Məhz bu səbəbdən təhsil müəssisələri, pedaqoji heyət məsələ ilə çox ciddi məşğul olmalı, ümumi nəzarət mexanizmi formalaşdırmalıdır. Dili  sevdirməyin ən yaxşı  yollarından biri onu dərindən mənimsətməkdir. Bu isə təkcə metodikanin işi sayılmamalıdır. Nəzərə alsaq ki, dilimiz milli mənəviyyatımızın tərkib hissəsidir, deməli, onu həm öyrənmə, həm də öyrətmədə təəssübkeşlik hissi əsas olmalıdır.

Dil təlimindən tələb olunan sistemlilik, əslində, dilin öz daxili məzmununda var. Çünki o tarixən müxtəlif inkişaf mərhələlərindən keçsə də, öz bütövlüyünü qoruyub saxlaya bilmişdir. Dil qaydalarının mükəmməl mənimsədilməsi üçün bölmələr və mövzulararası əlaqə zəruridir. Dilin vahid strukturunun qorunması iki halda – əvvəlki mövzu sonrakı üçün özül yaradanda və sonrakı mövzu əvvəlkini tamamlayanda mümkün olur. Yəni fonetikanın leksikologiyadan, leksikologiyanın morfologiyadan, morfologiyanın isə sintaksisdən təcrid edilmiş halda tədrisi səmərə verə bilməz. Məqsədyönlü mütaliə də ədəbi dil normalarının praktik səviyyədə öyrənilməsinə yol açır, düzgün nitq təcrübəsinin zənginləşdirilməsinə, yazı qaydalarının möhkəmləndirilməsinə səbəb olur. Bununla da nitq mədəniyyətinin inkişafına birbaşa təsir göstərir. Həmçinin nitqin tədricən dialekt xüsusiyyətlərindən təmizlənməsini də təmin edir. Ümumilikdə isə dilə sevgi aşılayır. Çünki ümumi mədəniyyətin tərkib hissəsi olan nitq mə­də­niy­yəti özündə dilə şüurlu sevgini əks etdirir.

Orxan İsmayılov
YAP Xətai rayon təşkilatının fəalı