30 iyul 2024 02:29
430

Müştərək Ermənistan-Fransa təxribatları

Ermənistan şərti sərhəddə təxribatlar törətməkdə davam edir. Belə ki, iyulun 20-si Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. İyulun 25-də isə Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

İyulun 28-də isə Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Şübhəsiz, Amerika Birləşmiş Ştatlarının Ermənistanda hərbi təlimlər keçirməsi, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi,  Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında təcavüzkar ölkəyə ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi sözügedən ölkəni bu kimi təxribatlar törətməyə həvəsləndirir. Bütün bunlar da mötəbər tribunalardan sülhdən dəm vuran Ermənistanın Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi bəyanat verib. Bəyanatda deyilir ki,  Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər: “Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir”.

Amma Ermənistan bu bəyanata yenə  özünəməxsus, yəni xislətinə uyğun reaksiya verib. Yəni,  beynəlxalq aləmə özünü “aydan arı, sudan duru” göstərməyə çalışıb. Hətta Ermənistanın Xarici İşlər Nazirliyi guya sülh gündəminə sadiq qaldıqlarını  və bu strategiyadan kənara çıxmayacaqlarını bildirib: “Ermənistan Respublikası silahlı qüvvələrinin islahatları, silah və texnikanın əldə edilməsi ilə bağlı biz dəfələrlə bildirmişik ki, döyüşə hazır orduya malik olmaq hər bir ölkənin suveren hüququdur və Ermənistan Respublikasının başqa məqsədi yoxdur”.

Sual olunur: Başqa məqsəd yoxdursa, bəs bu təxribatlar nə üçündür? Şübhəsiz, Azərbaycanı provakasiyaya çəkmək üçün. Halbuki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması məqsədilə əməli addımlar atır. Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılıb. Eyni zamanda, sülh danışıqları prosesində də irəliləyiş üçün yaxşı imkanlar yaranıb. Hətta bunu dünyanın aparıcı dövlətləri də etiraf edirlər. Görünür, bütün bunlar Ermənistanın əli ilə Cənubi Qafqazı çalxalamaq niyyətində olan Qərbin, xüsusilə Fransanın ürəyincə deyil. Odur ki, Fransa prezidenti Makron sülh danışıqlarını poza biləcək bütün vasitələrdən istifadə etməkdədir. Məqsəd isə sadəcə, müstəqil siyasət yürüdən Azərbaycanı Fransanın vassalına çevrilmiş Ermənistanla Qərb platforması çərçivəsində danışıqlara cəlb etmək, sülh müqaviləsinin mətnini Avropanı razı salacaq şərtlərlə “zənginləşdirməkdir”. Bir sözlə, Azərbaycanın gücü və qətiyyəti Cənubi Qafqaz regionunun münaqişə potensialını əhəmiyyətli dərəcədə məhdudlaşdırsa da, Fransa regionu yenidən münaqişə ocağına sürükləmək niyyətindən əl çəkmir.  Elə bu kimi səbəblərdən təcavüzkar ölkə şərti sərhəddə belə təxribatlar törətməkdə davam edir. Bu mənada baş verən son olayları müştərək Ermənistan-Qərb təxribatları kimi dəyərləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”