30 iyul 2024 08:05
405

Müdafiə sənayemiz möhkəmlənir, hərbi qüdrətimiz artır

Ermənistanı silahlandıran  ABŞ və Qərb Prezident, Ali Baş Komandan  İlham Əliyevin bu sözlərini unutmasınlar:  « Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu.»

«Dahi adam necə yaranır» sualına müdriklərin cavabı müxtəlifdir.  Dünya şöhrətli yazıçı Şekspirin « Bəziləri dahi doğulurlar, bəziləri dahiliyə çatırlar, bəzilərinə dahilik verilir» sözləri  liderliyin inkarolunmaz varizlik  qanununu əks etdirən  «şəxsi keyfiyyətlər= müdriklik+ cəsarət» kəlamı Prezident İlham Əliyevin  sərkərdəlik  məharətinə tam uyğundur.  Dövlətin varlığını,  xalqın düşüncə tərzini  şəxsi keyfiyyətlərində   yaşatmaq fəlsəfəsini qətiyyəti, xalqına verdiyi vədi yerinə yetirməklə doğruldan  Prezident İlham Əliyev  Ulu Öndər Heydər Əliyevin  Azərbaycan  xalqına tarixi  müraciətində  « İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm » sözlərinin bələdçiliyi ilə respublikaya rəhbərliyə başladı.  «Boş zaman yoxdur, boşa keçən vaxt vardır!» hikməti ilə yola çıxaraq «Nəyi, nə zaman, necə etmək» formulunu varislik sədaqəti ilə doğruldan Prezident İlham Əliyev   ağlının, zəkasının qüdrəti ilə  dünyaya inkişafın Azərbaycan modelini nümunə göstərdi. Səriştəlilik göstərərək   müstəqilliyimizi daxili və xarici  düşmənlərdən qorudu.  44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran,   qısa müddətli antiterror  tədbiri ilə  suverenliyimizi tam təmin edən, Xankəndidə  Azərbaycanın Dövlət   Bayrağını qaldıraraq separatizm ocağının birdəfəlik söndürüldüyünü qürurla səsləndirən Prezident,  Ali Baş Komandan İlham Əliyev  «Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik» sözləri ilə  Ermənistanın  rəhbərliyini, revanşist qüvvələri  sülhə, sabitliyə çağırdı. Özünü separatçı  rejimin «xarici işlər naziri» adlandıran quldurbaşının kinayə ilə  söylədiyi  «Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə» sözlərini təbəssümlə  xatırlatdı.       Azərbaycan torpaqlarının 30 il işğal altında  qaldığı  müddətdə soydaşlarımıza qarşı ən dəhşətli cinayətlər  törədən, hərbi və mülki vətəndaşlarımızı  ağlagəlməz vəhşiliklə  qətlə yetirən separatçıların respublikamızın  Dövlət Sərhəd və Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən  həbs edilməsindən,  Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin  ölkəmizi tərk etməsindən,  Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanımasından sonra   hamı üçün maraqlı olan sual aktuallaşdı: « Yaxın  aylarda sülh sazişinin imzalanması mümkündürmü?»  Bu  sual Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən  danışıqlarda geniş müzakirə olundu.  «Avropa siyasi birliyi»nin  ardıcıl olaraq Praqada,  Kişineuda, Qranada da  keçirilən   sammitlərində  əsas müzakirə mövzusu oldu.  Çox təəssüf ki, Azərbaycanla Ermənistan arasında   sülh sazişi ilə bağlı müsbət  nəticə yoxdur. İspaniyanın Qranada şəhərində  Azərbaycanın iştirak etmədiyi toplantıda respublikamızın ərazi bütövlüyünü tanıdığını imzaladığı  bəyanatı ilə bildirən Ermənistanın baş naziri Nikol Paşinyan  ölkəmizlə bağlı guya « sülh prosesindən  yayınma»  sərsəm görüntüsü yaratmağa çalışsa da,  təxribat xarakterli  münasibətə özündən və  Cənubi Qafqazda sabitliyin yaranmasına ən çox mane olan, qərəzli və militarist siyasət ” yürüdən  havadarı  Fransadan başqa heç kim inanmadı.   «Avropa siyasi birliyi»nin  bu günlərdə  Böyük Britaniyada keçirilən dördüncü sammitində  Prezident İlham Əliyevlə görüşdən yayınan Ermənistanın baş naziri növbəti dəfə sülh sazişinin imzalanmasına tərəfdar olmadığını bildirdi.

 Regionda  baş verən hadisələr, sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması barədə razılığa inamın artdığı  bir vaxtda ABŞ-ın və Qərbin kənar müdaxilələri  nəticəsində  gərginləşən vəziyyət,  şirnikləndirmələr  sülh sazişinə yenidən kölgə salır. Kommunikasiyaların,  xüsusilə  Zəngəzur dəhlizi”nin açılmasından,  Naxçıvan Muxtar Respublikasına dəmir, avtomobil yollarının bərpasından, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtmasından narahat olan Ermənistanın havadarları yenə bəd niyyətlərində israrlıdırlar.
Paşinyanın oyuncaq  hökumətini sülh sazişindən çəkindirən ABŞ kimi Qərb də  Ermənistanı  mərkəzdənqaçma oyunlarına təhrik edirlər. Bir vaxtlar   artıq tarixin zibilliyinə atılmış  «Dağlıq Qarabağ münaqişəsi»nin hərbi yolla həllinin olmadığını sübut etməyə çalışanlara Vətən müharibəsində qazandığımız Qələbə ilə cavab verən, Xankəndidə Dövlət Bayrağımızı dalğalandırmaqla,  erməni separatçılarını zərərsizləşdirməklə  Azərbaycan Silahlı Qüvvələrinin  nəyə qadir olduğunu haylar kimi dəstəkçiləri də gördülər. Qarabağda yaşayan ermənilərin könüllü olaraq Azərbaycanı tərk etmələrinin, Ermənistana və istədikləri şəhərlərə daşınmalarınının əsl səbəbəlrini bilsələr belə,  «Qarabağ ermənilərinin hüquqlarını qoruduqlarını» « humanitar böhranı» bəhanə gətirərək  rəsmi İrəvana  vədlər verən  ABŞ və Qərbin  Ermənistana hərbi yardımlarını artırmaları bölgədə  narahatlığı daha da artırır. Regiona sahiblənmək üçün  Ermənistanın bivec rəhbərliyindən istifadə edən,   Qərbin ayırdığı 10 milyon avronun , ABŞ-ın vəd etdiyi 65 milyon dolların   qüdrətli Azərbaycan üçün təhlükə olmadığını  rəsmi İrəvan da, elə havadarları da yaxşı bilirlər.

  Prezident İlham Əliyevin vurğuladığı kimi, Vətən müharibəsində  ərazi bütövlüyünü bərpa  edən Azərbaycan antiterror tədbirləri nəticəsində  öz suverenliyini təmin etdi.  «Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın» söyləyən Prezident İlham Əliyevin bu xəbərdarlığı erməni revanşistlərinə dərs olmadı.   « Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» söyləyən, «Biz birlikdə güclüyük!» çağırışı ilə birlik və həmrəyliyimizin sarsılmazlığını, «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır» sözlərinin müqəddəsliyini  qətiyyəti ilə bildirən Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasətin alternativinin olmadığını zaman da təsdiqlədi. Müdafiə qüdrətimizi möhkəmləndirməklə, ordumuzu ən müasir silah- sursat, hərbi avadanlıqlarla  təminatını başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi müstəvidə qazanılan qələbə döyüş meydanındakı Zəfərimizi təmin etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında  məqsədinə nail oldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Laçın, Şuşa  hərbi güclə işğaldan azad olundu. Ermənistanın baş naziri  Nikol Paşinyanın imzaladığı   təslimçilik aktı  Azərbaycanın gücünü, xalqımızın birliyini göstərdi. Bakıda keçirilən «Dəmir yumruq» Zəfər paradı, nümayiş etdirilən ən müasir hərbi texnika, nizami ordu göstərdi ki,  müharibədə beşinci nəsil hərbi texnikanın tətbiqi ilə düşmənə ölümcül zərbə vuran Azərbaycanın  qarşısında dura biləcək qüvvə yoxdur. «Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir» sözləri ilə  xalqımızın vətənpərvərlik ruhunun Qələbənin qazanılmasında böyük rolu olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyevin söylədiyi kimi,   Azərbaycan xalqı bu tarixi anı yaşadığı üçün xoşbəxtdir.

    XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin, peşəkarlığının, ən çətin istehkamları keçmək məharətinin dünyanın aparıcı hərbi məktəblərində öyrənilməsi Azərbaycan əsgərinin qüruru, məhvə məhkum Ermənistanın «yenilməz ordu mifi»nin dağıdılması idi.  Paytaxtımızda təşkil olunmuş  Hərbi Qənimətlər Parkında düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü,  düşmənin məğlubiyyətini göstərir.  Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq. Azərbaycanın hərbi,  diplomatiya sahəsində əldə etdiyi  uğurlar, yeni formalaşan komanda birlikləri ən müasir döyüş texnikası, avadanlıqlarla  təmin edilib. Ermənistan «Fərrux», «Sarıbaba-Qırxqız»”, «Qisas»” əməliyyatlarını unutmamalıdır. Çünki  həmin günlərdə də havadarlarından dəstək alan Ermənistan həmişəki kimi məhvə məhkum oldu. Azərbaycana qarşı təhdidlərin, ənənəvi mənbələrdən gələn mənfi münasibətlərin davam etməsi,  Ermənistanı silahlandırma cəhdlərinin məqsədi  region dövlətlərini, xüsusilə Azərbaycanı təzyiq altında saxlamaqdır. ABŞ-ın Qərbin, xüsusilə Fransanın sanfəşanlığının səbəbi özlərinin   xəyal belə etmədikləri yalanı ermənilərə sırımaq,  hayları  Qarabağı  qaytarmaq illüziyalarına inandırmaqdır.

«Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»  iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səyləri artırıb. Bəyannamədə qeyd olunan «Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər» bəndinə uyğun Azərbaycanda və qardaş ölkənin müxtəlif şəhərlərində  təşkil edilən müxtəlif istiqamətli hərbi  təlim-məşqlər türk birliyinin ifadəsi olmaqla  müdafiə qüdrətimizin daha da  möhkəmlənməsinə stimul yaradır.  Ölkəmizdə Türkiyənin dünyaca məşhur müdafiə sənayesinin bayraqdarı olan  «Bayraktar»”ın mərkəzinin yaradılması, ortaq silahların istehsalı” ilə bağlı  razılıqlar Silahlı Qüvvələrimizin döyüş hazırlığını, ən müasir texnikalarla təminatını daha da  gücləndirəcək.  Qardaş ölkənin müdafiə sənayesi üzrə dünyada  qazandığı  uğurları  «Qızılalma»” havada, «Altay»” və «Togg»” quruda, «Anadolu»” dənizdə... Bugünkü Türkiyə budur» sözləri ilə ifadə edən Prezident İlham Əliyevin bu müdrik kəlamı  iki ölkənin hərbi qüdrətinin, birlik və həmrəyliyinin sarsılmazlıq nümunəsidir.

Bu günlərdə  Qazaxıstanda  Mərkəzi Asiya ölkələri hərbi qüvvələrinin iştirakı ilə keçirilən «Birləşdik -2024» regional  beynəlxalq birgə hərbi-təlimlərdə  Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabilərinin təmsil olunmaları müdafiə qüdrətimizin artan gücünün ifadəsidir.

Prezident İlham Əliyevin  bu günlərdə dövlət müstəqilliyimizi ilk tanıyan, Vətən müharibəsinin davam etdiyi 44 gündə  Türkiyə ilə birlikdə  Azərbaycanın  yanında olan   Pakistana dövlət səfəri çərçivəsində  keçirilən görüşlər,  dövlət başçımızın səmada İslamabadın  qırıcı təyyərələri ilə  müşahidə olunması təsadüf hallarda rast gəlinən səmimi münasibətlərin təzahürü olmaqla hərbi sahədə  möhkəmlənən əməkdaşlığımızın da nümunəsi idi.  İki və çoxtərəfli  səviyyələrdə  keçirilən  beynəlxalq  görüşlərdə eyni mövqe nümayiş etdirən  hər iki dövlət arasındakı diplomatik,  müdafiə sahəsində uğurla davam edən münasibətlər,  səfər çərçivəsində hər iki  ölkənin dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında Prezident İlham Əliyevin  şərəfinə fəxri qarovul dəstəsinin təşkili müdafiə sənayesi sahəsində birgə əməkdaşlığın təzahürüdür.

Azərbaycan-Türkiyə-Pakistan  arasında güclənən əlaqələr  regional güc birliyini şərtləndirən  əməkdaşlıq mexanizmi kimi böyük əhəmiyyət daşıyır. Səfər zamanı  «Üç qardaş» ” şüarı altında üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin davamlı olması təklifi  hərbi-siyasi sahədə əlaqələrin uğurlu gələcəyinə inamı artırır. 

«Ona görə biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq» söyləyən Ali Baş Komandan İlham Əliyev bildirir ki,  biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik: «Ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək  ki,  bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq «Bastion”» maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik.» Həmişə sülh tərəfdarı olan Azərbaycan heç vaxt müharibə istəməyib. Amma düşmənə arxa da çevirməyib.   Ölüm-dirim savaşında xalqımızın   nəyə qadir olduğunu həmıdan çox erməni daşnakları bilir. Beləki, «gələnin görəcəyi də var» hikmətini  ABŞ-da , Qərb-də, başqalarının  quyruqlarında dolanan Ermənistan da  unutmamalıdır.  

Xuraman İsmayılqızı, «İki sahil»