29 iyul 2024 23:30
338

İkili standartları görməyəndə… - ŞƏRH

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ağa qara, qaraya ağ demək adi hala çevrilib

Azərbaycan kimi demokratik dəyərlərə sadiq olan, ədaləti və beynəlxalq hüququ müdafiə edən bir dövlətlə əməkdaşlıq istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələr quran ölkələrə böyük dividend gətirir. Azərbaycan münasibətlərdə qarşılıqlı etimada, səmimiyyətə xüsusi önəm verir. Xarici siyasətinin dəyişməz prinsipləri davamlı uğurlarında stimulverici amildir. Bu prinsiplər ondan ibarətdir ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur. Bəzi dünya güclərinin tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsini  böyük narahatlıqla, siyasi qısqanclıq hissi ilə  qarşılamasının səbəbi budur ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Ədalətin, beynəlxalq hüququn mövcudluğunu Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi.

Ölkəmizə qarşı əsassız ittihamların irəli sürülməsinin səbəbi…

Bu gün Azərbaycanın istəyi sülhdür. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmiz 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdi. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın həzm edilməməsi ölkəmizə qarşı əsassız ittihamların irəli sürülməsinə, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirəcək addımların atılmasına rəvac verir.

Təkcə cari ilin ötən dövründə ölkəmizə qarşı atılan addımların qısa təhlili dünyanın ikili standartlara əsaslanan siyasətindən yaxa qurtara bilmədiyini, ölkəmizdə baş verən prosesləri  lupa ilə izlədikləri halda digər ölkələrdə gözlə görünən hadisələrə biganə yanaşdıqlarını açıq-aydın nümayiş etdirir. Azərbaycan bu yanaşmanı həm demokratik inkişaf, həm də artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində və hazırkı postmünaqişə dövründə şahidinə çevrilir.  Bu gün COP29-la bağlı aparılan qərəzli təbliğat da bu yanaşmanın tərkib hissəsidir. Azərbaycan bu tədbiri həmrəylik tədbiri kimi tarixə yazılmasına çalışdığı halda bəzi dövlətlər qərəzli fikirləri ilə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa, öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.

   Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə 2-ci Şuşa Qlobal Media Forumunda da tədbir iştirakçılarının bununla bağlı suallarını cavablandırdı. “Bizim namizədliyimiz və ev sahibliyimizlə bağlı qərar verildikdən sonra - növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başladı. Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq” söyləyən cənab İlham Əliyev bildirdi ki,  əlbəttə,  hücumlara məruz qalacağımızı bilirdik. Özlüyündə yaranan “Biz nədə ittiham olunurduq” sualına cavab olaraq cənab İlham Əliyev bildirdi ki,  neft və qazla zəngin olan ölkə olduğumuz üçün: “Bu, çox təəccüblü bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşdi. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir.”

Azərbaycanın iqtisadi strategiyasını düzgün əsaslar üzərində qurması…

Azərbaycanın çağırışı bu oldu ki, iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, əsas  mövzular bunlar olmalıdır. Ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlu nəticələr göz qabağındadır. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi beynəlxalq səviyyədə təqdir edilir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruyur. Yoxsulluq, işsizlik problemlərinin həlli rəqəmlərdə özünün aydın ifadəsini tapır. Bu fikir daim önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də həmin ölkələrə uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi strategiyasını düzgün əsaslar üzərində qurması bu kimi problemləri yaşamamasını şərtləndirir. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən  neft strategiyasını müəyyənləşdirən ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələlər sırasındadır. Neft gəlirlərinin əhali arasında şəffaf şəkildə bölgüsü yüksək rifahın təmin edilməsinə səbəb olur. Ümumiləşdirilmiş şəkildə qeyd etsək iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır.  Bu gün yoxsulluq və  işsizliklə bağlı göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir. Belə ki,  bəzən ondan daha aşağı, daha azdır. Yoxsulluq hazırda ölkəmizdə  beş faiz səviyyəsindədir.

COP-la bağlı gündəliyimiz aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir

Dövlətimizin başçısının vurğuladığı kimi,  bəzi ölkələr bunu heç yuxusunda görə bilməz. Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir: “Buna baxmayaraq, ittihamlar davam edir. Ancaq deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır, bizim COP heyətimiz çox səmərəli işləyir, öz vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir… Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır.”

 Dünya nə zamana qədər ki hüquq problemini yaşayır..

 Ədalətsiz və ikili standartlara əsaslanan işıqlandırmaya gəldikdə isə dövlətimizin başçısı bildirdi ki,  COP tədbirinin biri Qlazqoda - Böyük Britaniyanın neft hasil etdiyi bir bölgəsində keçirilirdi. Heç kəs o zaman Böyük Britaniyanı ittiham etmirdi ki, onların neft və qazı var. Bu, məhz dediklərimizin həqiqi olduğunu sübut edir. Bu tədbirin əhəmiyyəti əlbəttə ki, bütün bu mənfi hallardan qat-qat çoxdur. Çünki bu, qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada beynəlxalq arenada bir nömrəli konfransdır və ilk dəfədir ki, postsovet məkanında keçirilir.

Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Bizlərə bəlli, amma dünya güclərinə “sirr” olan bu sualı illərdir səsləndirməyi özümüzə borc bilirik ki, görəsən başqlarına “demokratiya, ədalət və beynəlxalq hüquq dərsi” keçən dövlətlərin özləri bu dəyərlərə hörmətlə yanaşırlarmı? Qərbin və bəzi Avropa dövlətlərinin   düşüncələrinə görə  bu və ya digər dövlətin daxili işinə müdaxilə demokratik dəyərlərin tərkib hissəsidir və mütləqdir. Ən əsası özlərində demokratik prinsiplərə, ədalətə və beynəlxalq hüquqa  hörmətsizliyi ortaya qoyan hansısa proses baş verəndə dərhal bunu müxtəlif adlar altında ört-basdır etməyə çalışırlar.  Dünya nə zamana qədər ki hüquq problemini yaşayır, maraqlar ədaləti, beynəlxalq hüququ üstələyir, bu kimi yanaşmalar davamlı olacaq.

Azərbaycanın xarici siyasətində Qərb və Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Cənab İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda bu reallığı diqqətə çatdırdı ki, Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb.  Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır.  İslam Əməkdaşlıq Təşkilatının,  “OPEC Plus” formatının üzvüyük. Neft hasil edən ölkələrlə fəal şəkildə işləyir.

Cənab İlham Əliyev sözügedən Forumda ölkəmizə qarşı  qeyri-səmimi münasibətlərə diqqəti yönəldərək bildirdi ki, əfsuslar olsun  buna  bir növ öyrəşmişik.  Bəzi hallarda ikili standartları görməyəndə özümüz-özümüzə sual veririk, görəsən, nələr baş verir? Yəni, ağa qara, qaraya ağ demək adi hala çevrilib. Dövlətimizin başçısı bunun yolunu da diqqətə çatdırdı: “Burada bunun yeganə yolu buna məhəl qoymamaq, fikir verməmək, öz yolundan dönməmək və ölkə üçün, xalq üçün lazım olan bütün addımları vaxtında atmaqdır.”

Azərbaycana əsl müstəqillik gətirən müqavilə

Forumda diqqəti  1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı   ulu Öndər Heydər Əliyev  tərəfindən qəbul edilən  tarixi qərara yönəldən cənab İlham Əliyev bildirdi ki,  o vaxt  bu müqavilə ilə əlaqədar bir çox mülahizələr,  fikirlər var idi. Bunu qəbul etməyənlər var idi. O müqavilə imzalanandan iki həftə keçməmiş dövlət çevrilişinə cəhd edildi və bunun səbəblərindən biri məhz bu müqavilə idi. Ondan sonrakı geosiyasi gedişatların da təməlində məhz bu dayanırdı: “Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt biz də bilirdik, dostlarımız da bilirdi, bizi istəməyənlər də bilirdi. Bu, bizim üçün bir nəfəs borusu, bir oksigen borusu idi… Əgər dünya neft kontraktlarının tarixçəsinə nəzər yetirsəniz görərsiniz ki, belə qısa müddət ərzində bu cür nəhəng neft yatağından neft çıxarmaq cəmi üç il ərzində tarixdə olmayıb.”

  “Əsrin müqaviləsi”nin imzalanmasından sonra qısa dövrdə əldə olunan nəticələrə diqqət yetirmək kifayətdir.   1994-cü ilin sentyabr ayında müqavilə imzalandı, 3-4 aydan sonra parlamentdə ratifikasiya edildi, qanun kimi qüvvəyə mindi və 1997-ci ilin noyabr ayında “Çıraq-1” platformasından ilk neft çıxarıldı. Ondan iki il sonra Bakı-Supsa kəməri tikildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin iştirakı ilə  Bakı-Tbilisi-Ceyhan neft kəmərinin  təməlini qoyuldu. Bütün bunlar görülən işlərin  uzunmüddətli olduğunu bir daha təsdiqləyir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bununla da regional inkişafın əsası qoyuldu. Sonrakı mərhələdə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. “Yeni əsrin müqaviləsi” imzalandı. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizi tam şəkildə  istifadəyə verildi. Məhz bu uğurlarımızın fonunda böyük əminliklə qeyd edirik ki,  əgər o vaxt “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi vəziyyətini, beynəlxalq münasibətlər sistemində yerini və rolunu təsəvvür etmək çətin deyil.

Azərbaycanın iqtisadi uğurlarının, həmçinin demokratik inkişafının fonunda bir daha bu reallığı diqqətə çatdırdıq ki, Azərbaycan  dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda  davamlı uğurları ilə diqqətdədir. Belə yanaşmalar ölkəmizin bu günü və gələcəyi ilə bağlı hədəflərinin qarşısını almaq imkanında deyil. Bu gün tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası bunun bariz nümunəsidir. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Yeni prioritetlər müəyyənləşdirilib və onların icrası istiqamətində mühüm addımlar atılır. Azərbaycan artıq yaşıl enerjiyə keçidi ilə diqqətdədir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizin imza atdığı uğurlar növbəti prioritetlərin icrasına stimul olacaq.

Yeganə Əliyeva, “İki sahil”