30 iyul 2024 00:49
367

Ölkəmizdə bütün azadlıqlar təmin edilib

İqtisadi və siyasi islahatların vəhdətliyi uğurların davamlılığında əsas faktordur

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal mövqeyi, yeri və rolu ilə dünyanın diqqətindədir. Ölkəmizin atdığı hər bir addım bu məqsədə xidmət edir ki, hərtərəfli inkişaf etsin, xalqımız yüksək rifah şəraitində yaşasın. Azərbaycanın addım-addım bu hədəflərə doğru inamla irəliləməsi, müstəqil siyasəti heç də bütün dövlətlər tərəfindən sevinclə qarşılanmayıb və bu gün də qarşılanmamaqdadır. Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasətini daim üzərində hiss edən ölkə olaraq belə yanaşmalara görə  ruhdan düşmür, əksinə daha da inamla gələcəyə doğru addımlayır. Bu gün  dünyanın diqqətini Azərbaycana yönəldən COP29 tədbiri bir daha belə yanaşmalara işıq salır.

Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edildiyi vaxtdan müxtəlif fikirlər səslənməkdədir. Reallıq budur ki, bu mühüm qərar Azərbaycanın beynəlxalq nüfuzunun, hər bir sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir. Azərbaycanın beynəlxalq aləmdə sabitlik diyarı kimi nüfuz qazanması da ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır.

Təkmil model

Bugünkü reallıqların fonunda keçilən yola, bəzi məqamlara  qısa nəzər salaq.  İlk gündən  demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycan  bu istiqamətdə mühüm addımlar atır. Azərbaycan dövləti ən yüksək tribunalardan bu çağırışı edir ki, insan hüquq və azadlıqlarının təminatı doğrudan da önəmlidirsə, əsas şərtdirsə, nə üçün bu və ya digər dövlətlərdə baş verən hadisələri görməzdən gələn bəzi beynəlxalq təşkilatlar Azərbaycanda ən kiçik bir olaya lupa ilə baxır? Digər tərəfdən, ədalət əsas meyardısa, nə üçün onun tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilmir?

Ölkəmizdə  bütün azadlıqlar təmin edilib. İqtisadi və siyasi islahatların vəhdətliyi uğurların davamlılığında əsas faktordur. Azərbaycan bu vəhdətliyi qorumaqla dünyanın diqqətində dayanır. Reallıq budur ki, iqtisadi cəhətdən inkişaf edən ölkələrə baxdıqda demokratiyanın inkişaf səviyyəsinin aşağı olduğunu görür, demokratiya təcrübəsi nümunə olan ölkələrdə isə iqtisadi inkişafın zəifliyi diqqətdən kənarda qalmır. Azərbaycan bu vəhdəti qorumaqla dünyaya təkmil bir model təqdim edir. Bu da ondan irəli gəlir ki, iqtisadi əlaqələrin qurulmasında, investisiyaların yatırılmasında maraqlı olan dövlətlər həmin ölkədə demokratik inkişafın əsas amili olan sabitliyə və qanunun aliliyinin qorunmasına diqqət yetirir. Təbii ki, sabitlik olmasa heç bir dövlət yatıracağı investisiyaların təhlükəsizliyinə tam əmin ola bilməz. Bu gün qürurla ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin 310 milyard dollar olmasını qeyd edirik ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu statistik rəqəm onu göstərir ki, xarici investorlar ölkəmizə yatırdıqları investisiyaların təhlükəsizliyinə əmindirlər. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, həm də investisiya yatıran ölkə kimi nüfuz qazanır. Təbii ki, ölkəmiz də iqtisadi əlaqələrin qurulmasında demokratik inkişafa xüsusi diqqət göstərir.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi AŞPA-nın siyasi qısqanclığına səbəb oldu

Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycan  demokratik inkişafının davamlılığı fonunda  bəzi beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən   “qeyri-azad” ölkələr sırasında yer alır. Bu, təəccüb doğurmaya, eyni zamanda, çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Bu ilin əvvəlində  Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı ədalətsiz qərar qəbul etdi. Qurum bunu müxtəlif səbəblərlə əlaqələndirməyə çalışsa da reallıq budur ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi AŞPA-nın siyasi qısqanclığına səbəb olur. AŞPA-nın ötən ilin oktyabrında  qəbul etdiyi  “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə də bunun təsdiqidir. Həmin sənəddə qurum  Azərbaycanın 19 sentyabr tarixində həyata keçirdiyi bir günlük antiterror tədbirlərini hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə etdi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələdi.

 Bu məqamı da xüsusi qeyd etmək istərdik ki,  2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb etdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçirilən seçkiləri müşahidə etməyə dəvət olunmaması, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad edilməsini, suverenliyimizin  tam bərpasını həzm edə bilməməsi, Ermənistana hər vasitə ilə dəstək olmaq istəyi olduğu məlum idi.

Fransa Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin edilmsində maraqlı deyil

Bu sırada Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi də diqqətdən kənarda qalmadı. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq” kimi fikirlərin müəllifi məhz Borreldir. Qarabağda keçirilən antiterror tədbirləri zamanı da Borrel erməni separatçılarına açıq dəstək göstərib.

 Bəzi Qərb və Avropa  dövlətləri  hər zaman ölkəmizə qarşı qərəzli mövqeyi ilə diqqətdə olub. Bəzi super güc dövlətlərinin öz maraqlarını həyata keçirmək üçün Ermənistandan bir vasitə kimi istifadə etmələri inkaredilməzdir. Ermənistanın müstəqilliyinin formal xarakter daşıması da onun bu və ya digər dövlətin əlində oyuncağa, onların maraqlarının müdafiəçisinə çevrilməsidir. Ermənistanın tez-tez dəstəkçilərini dəyişməyə meyilli olması vəziyyətin gərginləşməsində az rol oynamır. Tarixi Zəfərimizdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bir neçə dəfə sülh müqaviləsinin imzalanması məqsədilə tərəflər arasında müxtəlif məkanlarda və formatlarda görüşlər keçirildi. Ermənistan Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn 5 əsas prinsipini qəbul etdiyi halda Fransa bu müqavilənin imzalanmaması üçün bu günədək göstərdiyi cəhdləri ilə dünyanın diqqətindədir. Rəsmi Paris açıq-aşkar Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin təmin edilmsində maraqlı olmadığını nümayiş etdirir.

Yeganə Əliyeva, “İki sahil”