29 iyul 2024 16:49
367

Düşmənə göz dağı olan Kəlbəcər...

Kəlbəcərin azad edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və şanlı ordumuzun Vətən müharibəsində uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları Üçtərəfli Bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəklikləri düşməndən azad edib. Ermənistanın hərbi-siyasi rəhbərliyi müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 27 il işğal altında olan Kəlbəcər rayonu noyabrın 25-də qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada üçrəngli şanlı bayrağımız ucaldılıb. 2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb. Prezidentin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

2023-cü il sentyabrın 19-da Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması məqsədilə Azərbaycan Ordusu bölgədə lokal xarakterli antiterror tədbirləri keçirib. Cəmi 23 saata Ermənistan silahlı qüvvələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Kəlbəcər rayonu 1930-cu ildə təşkil olunub. Kəlbəcər Azərbaycan rayonları arasında ərazisinin böyüklüyünə görə birinci yerdədir. Bu yurd yerimizdə işğala qədər mərkəzi Kəlbəcər şəhəri olmaqla 1 şəhər, 1 qəsəbə və 147 yaşayış məntəqəsi olub. Erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz doğma yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və minlərlə sakin yaralanıb. İşğaldan sonra Kəlbəcərin əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məcburi köçkün kimi yaşayıblar. 2020-ci ilin məlumatına görə, Kəlbəcər rayonunun ərazisi 3054 kvadrat km, əhalisinin sayı 77 min 3 nəfər, o cümlədən şəhər əhalisi 11 min 766 nəfər, kənd əhalisi 65 min 237 nəfərdir. Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, rayon ərazisində yolların tikintisi, infrastrukturun bərpası istiqamətində müvafiq işlər davam etdirilir. İndi Kəlbəcərin 77 000-dən çox əhalisi doğma yurda qayıdışın başlamasını səbrsizliklə gözləyir.

Bu rayon Kiçik Qafqaz dağlarının mərkəzində, Tərtər çayı hövzəsində yerləşir. Qərbdən Ermənistan, şimaldan ölkəmizin Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdən Tərtər, şərqdən Ağdam, Xocalı, cənubdan Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər ekoturizm sərvətlərinə görə Azərbaycanın digər bölgələri ilə müqayisədə daha zəngindir. Ona görə də onlardan səmərəli istifadə etməklə bu məkanı nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirmək mümkündür. Rayonun dəniz səviyyəsindən orta hündürlüyü 1961 metrdir. Kəlbəcər çoxsaylı müalicəvi termal və mineral sulara, zəngin meşələrə, yabanı bitən cır meyvələrə, müalicəvi dərman bitkilərinə, tarixi, mədəni, dini abidələrə və s. malikdir. Bu yaşayış məskəni Azərbaycanın ən yüksək dağlıq rayonu olub, ərazisinin 80 faizə qədərini dəniz səviyyəsindən hündürlüyü 2000 metrdən çox olan yüksəkliklər təşkil edir. Kəlbəcərin meşələrinin ümumi sahəsi 30 min hektara yaxındır. Rayon dağ idmanı və ovçuluq turizminin inkişafı üçün əlverişlidir.

Burada əhalinin sağlamlığının və istirahətinin təşkili üçün Kəlbəcərə dünya şöhrəti qazandırmış Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi ümumi istismar ehtiyatları 3093 kubmetr gün olan termal və mineral su yataqları yerləşir. SSRİ dövründə rayon ərazisində olan “İstisu” termal sular sanatoriya kompleksinə hər il mövsüm ərzində 20 min nəfərdən çox insan gələrək sağlamlıqlarını bərpa edirmişlər. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edildikdən sonra sanatoriya kompleksi dağıdılmış, bu mənfur millət yerli termal isti sularını “Cermuk” suyu adı ilə öz brendləri kimi dünya bazarlarına, o cümlədən Avropa ölkələrinə və ABŞ-a çıxarıb yüksək qiymətə satırmışlar.

Kəlbəcərin “İstisu”yu dünya səviyyəsində tanınan müalicəvi mineral su olub, bır çox xəstəliklərin dərmanıdır. Qeyd etmək yerinə düşər ki, belə tərkibli suya Yer üzündə nadir hallarda rast gəlinir. Çox vaxt Kəlbəcərin “İstisu”yunu dünyanın gəzinti, istirahət və müalicə üçün ən möhtəşəm və əvəzedilməz məkanlarından biri olan Karlovi Vari ilə müqayisə edirlər. Mütəxəssislər yazırlar ki, Kəlbəcərin “İstisu”yu Karlovı-Varıdakı sudan keyfiyyətcə heç də geri qalmır, hətta bəzi xassələrinə görə ondan üstündür. “İstisu”dan mədə, qaraciyər, öd kisəsi, mədəaltı vəzin və bağırsaq funksiyalarının pozulmasının müalicəsində istifadə olunur.

Kəlbəcərdə müxtəlif müalicəvi termal və mineral su mənbələri ilə yanaşı, faydalı qazıntıları olan Söyüdlü (Zod), Ağuzdağ və Tutxun qızıl yataqları, Ağyataq, Levçay, Çorbulaq, Qamışlı, Ağqaya civə yataqları, Kilsəli tuf yatağı, kərpic istehsalına yararlı Keşdək gil, Keçəldağ perilit, Çəpli qum-çınqıl qarışıq, nefroid, xrom və s. yataqları var. Erməni işğalından azad olmuş bu kimi faydalı qazıntı yataqları yaxın illərdə rayona turist kimi və ya dincəlməyə gələnlərin ekskursiyası üçün ən maraqlı ərazilərdən biri olacaqdır.

Tarixi-mədəni abidələrin sayına görə Kəlbəcər rayonu Azərbaycanda birinci yerdədir. Onların əksəriyyəti ermənilər tərəfindən dağıdılıb və ya erməniləşdirilib. Ən qədim abidələrindən 635-ci ildə Yaqub kəndində inşa edilən Yaqub kilsəsini, 672-ci ildə Yayıcı kəndində inşa edilən Alban məbədini, 10-cu əsrdə Kormanlı kəndində inşa edilən Alban məbədini, Çıldıran kəndində yerləşən 12-ci əsrə aid Alban məbədini, 1251-ci ildə inşa edilən Bazarkənd məbədini, 1283-cü ildə Həsənqız kəndində inşa edilən Alban məbədini, 13-cü əsrdə Şorbulaq kəndində inşa edilən Alban məbədini, 1668-ci ildə Dovmaxlar kəndində inşa edilən kilsəni və s. göstərmək olar.

Kəlbəcərdə Alban abidələrinə “Xudavəng”, “Laçınqaya”, “Lev”, “Uluxan” və s. də aiddir. Bu abidələrin içərisində erməni işğalından sonra nisbətən salamat qalanı “Xudavəng” məbədidir. Bu abidə kompleksi Bağlıpəyə kəndindən Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyindədir. İndiki “Xudavəng” abidə kompleksi VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib və XV əsrlərdə Alban knyazlığının dini məbədi olub. Maraqlısı odur ki, üstü gümbəz kimi tikilmiş bu binaların inşasında ağac materialından istifadə olunub. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin yazıları balta ilə çaparaq yox edib və beləliklə, tarixdən izini silməyə çalışıblar.

Göründüyü kimi, Kəlbəcər rayonu ərazisində mövcüd ekoturizm sərvətləri yerli və beynəlxalq turizmin inkişaf etdirilməsi üçun əsas resurs potensialına malikdir. Ekoturizm resurslarının səmərəli istifadə edilməsi üçün böyük maliyyə resursları lazımdır. İnanırıq ki, qısa müddət ərzində Kəlbəcər rayonu beynəlxalq əhəmiyyətli turizm mərkəzlərindən birinə çevriləcəkdir.

Cavid Əkbərov, “İki sahil”

Yazı mərhum jurnalist Zülfüqar Hüseynzadənin xatirəsinə həsr olunmuş “Zülfüqar Hüseynzadə mükafatı” adlı müsabiqəyə təqdim edilir