25 iyul 2024 02:28
413

Fransanın havadarlığı, Ermənistanın ələbaxımlığı - ŞƏRH

Neokolonialist siyasətini Cənubi Qafqazda təkrarlamaq istəyən rəsmi Parisin qarşısında qüdrətli Azərbaycan amili ədalət simvolu kimi  qarşısıalınmaz, keçilməz sipərdir

Fransa ilə Ermənistanın Cənubi Qafqazda  sabitliyin pozulmasına yönələn və hər iki tərəf üçün mənfi notlarla nəticələnəcək riyakarlığın  ən uğursuz variant olduğu artıq təsdiqlənir. Avropa Parlamentinə seçkilərdə partiyası məğlub olan Fransa prezidenti Emmanuel Makron  çıxış yolu kimi Milli Assambleyanı buraxdı. Daha sonra iki mərhələ üzrə  seçkilər keçirilsə də Yelisey Sarayının başçısı niyyətinə  çatmadı. İllərdən bəri fransızların Makron hakimiyyətinə qarşı yönələn etirazları, küçə yürüşlərini,  “sarı jiletlilər”in  aksiyalarını  polis dəyənəyi, su şırnaqları ilə  susduran Makronun seçki qutularına təsiretmə imkanı olmadı.  Makron  umduğunun sevincini deyil, taleyinə yazılan məğlubiyyətin acısını yaşadı. Hələ də Ermənistana sevgisinin tükənməz olduğunu rəsmi İrəvanı yeni silahlarla təmin etməklə bildirən Fransa prezidentinin bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən neokolonializmə qarşı mübarizənin güclənməsində  Azərbaycanı təqsirləndirməsi siyasi savadsızlığın daha bir nümünəsidir. Dövlət başçısı olsa da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  bildirdiyi kimi öz xalqının, dövlətinin tarixini bilməyən Makron anlamır ki,  zərurətdən yaranan siyasi hadisələri zaman özü yetişdirir. 

Afrikada  iflasa uğrayan hegemonluğunu ört-basdır etmək istəyi

Ermənistan və Cənubi Qafqazla bağlı strategiyasını, siyasi, iqtisadi və hərbi məqsədlərini vəhdət halında birləşdirərək  Azərbaycanla  rəsmi İrəvan arasında sülh sazişinin bağlanmasına mane olan Fransa ölkəmizə qarşı 30 il  yürütdüyü  düşmən siyasətini hələ də davam etdirir.  Sirr deyil ki, xarici siyasətini qonşu dövlətlərin ərazilərini mənimsəmək,  zorakılıq kimi, xain  daşnak ideologiyası əsasında  formalaşdıran Ermənistanın Fransa ilə yaxınlığının əsasını müstəmləkəçiliyə dəstək meylləri təşkil edir.  Ermənistandan istifadə edən Fransa bu yolla  Afrikada  iflasa uğrayan hegemonluğunu ört-basdır etmək istəyir. Cənubi Qafqazda  sülh prosesinə zərbə vuran,  Ermənistanı silahlandıran   Makron  siyasi manipulyasiya  yeritməklə, dünyada, öz ölkəsində üzləşdiyi  boykotu  arxa plana  çəkmək istəyir. Ermənistanın üzləşdiyi çətinlikdən istifadə edən Makron işğalçıya   hərbi yardım  göstərməklə kifayətlənmir.  Azərbaycana qarşı beynəlxalq səviyyədə  aparılan təxribatların önündə getməklə  rəsmi İrəvana diplomatik yardımlarını da əsirgəmir.  Ermənistanla Azərbaycan  arasında sərhədlərin delimitasiyası ilə razılaşmaların  ilk addımlarının atıldığı məqamda  rəsmi Parislə razılışma əsasında  Ermənistana SEZAR artilleriya qurğularının tədarükü ilə bağlı imzalanmış müqavilə, bir qrup fransız siyasətçinin  Hayastana qoşun yeritməyə çağırışla Fransa prezidentinə müraciəti  Yelisey Sarayının  məkrli strategiyasının görünən tərəfidir. Amma məkrli  cütlük unudur ki, bu cür qərəzli yaxınlaşma Ermənistan kimi Fransaya da zərər vura bilər.  Cənubi Qafqaz respublikaları  arasında  münasibətlərin daim  gərgin olmasına çalışan Fransanın bu niyyətləri digər dövlətlər tərəfindən belə  müsbət qarşılanmır.

İrəvana təzyiq göstərməyin  sınaqdan çıxmış metodu...

Münaqişə tərəfinə  silah satmaq və militarist təşəbbüsləri dəstəkləmək sülh və beynəlxalq hüququn tərəfdarı olan dövlətlər tərəfindən qınaqla qarşılanır. Yelisey Sarayının qlobal məsələ olan  sülhə çağırış səslərinin əksinə olaraq  işğalçını dəstəkləməsi  Fransa cəmiyyətinin də narazılığına səbəb olur. Bu cür qeyri-konstruktiv addımlar Ermənistanın Fransadan siyasi, iqtisadi, hərbi  asılılığını artırır ki, bu da Parisə lazım gəldikdə İrəvana təzyiq göstərməyin  sınaqdan çıxmış metodudur. Fransanın hərbi dəstəyinə  arxalanaraq sülh sazişinin imzalanmasında mövqeyini tez-tez dəyişən Ermənistan əslində  bir dövlət kimi, varlığını sual altında qoyur. Suverenliyini və beynəlxalq arenada müstəqil qərarlar qəbul etmək imkanlarını məhdudlaşdırır.  Beynəlxalq ictimaiyyətin Azərbaycanla Ermənistan  araısnda sülh sazişinin imzalanmasını bütünlükdə bölgədə sabitliyin təminatının, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün  vacib amil hesab etdiyi günlərdə  mənfi notlar üzərində  cərəyan edən Ermənistan –Fransa  münasibətləri rəsmi Parisin  militarizasiyaya və gərginliyi artırmağa yönəlmiş siyasətinin təzahürüdür.

Rəsmi Parisin sülh əleyhinə addımları nəticə verməyəcək. Bu siyasət müasir sivil dünyanın reallıqlarını əks etdirmədiyi kimi, Azərbaycanın uğurlu diplomatik təşəbbüsləri qarşısında  məhvə məhkumdur.   Ermənistanın baş naziri Nikol Paşinla birgə  bölgədə normallaşma prosesinə əngəl yaratmaq istəyən Fransanın işğalçı dövləti  hərbiləşdirmək siyasəti 44 gün davam edən İkinci Qarabağ müharibəsində iflasa uğrayıb.  Bölgədə normallaşma prosesinə  maneələr yaradan bu kimi manipulyasilar  siyasi, iqtisadi,  hərbi qüdrəti ilə fərqlənən,  sülh naminə apardığı  diplomatik səyləri dəstəklənən Azərbaycana heç zaman zərər verə bilməz.

Vaşinqtonun  Ermənistan  siyasəti, şərti sərhəd bölgələrində artan təxribatlar

Azərbaycana qarşı  Ermənistandan vasitə kim istifadə edən digər erməni havadarı ABŞ-da  artıq ölkəmizə  qarşı ikili standartlardan yanaşma siyasətini gizlədə bilmir.  Ermənipərəst  ABŞ Prezidenti Cozef Baydenin son günlərdə yaşadığı rəzalət,   Birləşmiş Ştatların  tanınmış siyasi elitası tərəfindən  Ağ Evin hazırkı başçısının istefaya çağırış səslərinin çoxalması, namizədlər arasında yerdəyişmələr nəticəsində  yaranan gərginlik bu ölkənin Ermənistan siyasətinə təsirsiz ötüşməyəcək.     Xatırladaq ki,  Amerikada yaşayan  erməni lobbisinin təsiri ilə ABŞ Konqresi tərəfindən   Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan «907»ci düzəlişin qəbulunda  da   o zaman ABŞ-ın  vitse-prezidenti olan Ağ Evin  hazırkı Prezidenti Cozef Bayden daha çox fəallıq göstərib. ABŞ Konqresinin Nyu-Cersi ştatından olan ermənipərəst senatoru Robert Menendezin vəzifəsindən istefa verməsi,  Misir və Qətərə xarici agent kimi lobbiçilik də daxil olmaqla, 16 ittiham üzrə təqsirli bilinərək  məhkəmədə müttəhimlər kürsüsündə oturması  Vaşinqtonun  Ermənistan  siyasətinə təsirsiz ötüşməyəcək.

ABŞ hərçilərinin Ermənistanda nəzərdə tutulan  təlimlərinin taleyi də  müəmmalıdır.   Ermənistan Müdafiə Nazirliyində işə başlayacaq ABŞ-ın  rəsmi nümayəndəsinin  milliyyətcə türk olmasına rəsmi  İrəvanın münasibətinin hansı məcrada davam edəcəyi  də maraqlıdır.

 Bəlli olan budur ki, istər ABŞ, istərsə də  Fransa üçün hansısa xalqın maraqları heç zaman önəmli olmayıb. Konyuktur maraqları baxımından Ermənistandan istifadə  hər iki dövlətin xarici siyasətində illərdən bəridir ki, tam mənası ilə özünü bürzə verir. Xüsusilə Rusiyaya, Türkiyəyə, Azərbaycana   qarşı təxribatlarda Ermənistan amili aktuallaşır.  Cənubi Qafqaz maraqlarını reallaşdırmaq istəyən   ABŞ-ın və Fransanın NATO ideologiyasının daşıyıcısı amili də unudulmamalıdır.

Qoşulmama Hərəkatına  Azərbaycanın sədrliyi dövründə yaradılan Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi tədbirlərdə təmsil olunan  Fransa Polineziyası və Yeni Kaledoniya kimi  müstəmləkəçilikdən əziyyət çəkən digərlərinin   müstəqillik uğrunda  mübarizələrinin gücləndiyi məqamda  rəsmi Parisin Ermənistana təyyarələr vasiətsi ilə hərbi  yardımlarının artması açıq-aşkar hiss olunur. Dünyada üçüncü ən böyük erməni diasporunun məskunlaşdığı Fransa ilə rəsmi  İrəvan arasında  yeni silah tədarükü müqaviləsi imzalandıqdan sonra   erməni silahlılarının  Azərbaycanın sərhəd bölgələrindəki mövqelərinə   təxribatları da artıb. Dünya birliyinin ABŞ-da,  Fransada yaranan siyasi gərginliyi, seçkilərlə bağlı dəyişən  hadisələri maraqla izlədiyi, neokolonializmə qarşı mübarizənin aktuallaşdığı  günlərdə havadarlarının  Ermənistana münasibətlərin gələcək taleyi də maraqlıdır.   

Fransa müstəmləkəçiliyindən əziyyət çəkənlərin ümid yeri

Bakıda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin, Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilatın fəxri qonaq qismində iştirak etdiyi qurultay  Fransa neokolonializminə ciddi zərbə olmaqla rəsmi Parisin qarşısında  duran sualların həlli baxımından maraqlıdır.  Qoşulmama Hərəkatına sədrliyi dövründə kolonializm və neokolonializmə qarşı mübarizəyə qətiyyətli dəstək verən, BMT-nin Dekolonizasiya üzrə Xüsusi komitəsinin (C-24) ildə bir dəfə təşkil edilən regional tədbirində ilk dəfə iştirak edən Azərbaycan
müstəmləkəçiliyi kəskin qınayan ölkədir. Fransanın müstəmləkəyə çevirdiyi ərazilərdə yaşayan xalqların,  müstəqilliyi uğrunda mübarizə aparan hərəkatların Bakıda keçirilən birinci qurultayının  məqsədi  neokolonializmə son qoymaqdır. Qurultay iştirakçıları  ölkələrində yaşanan çətinliklərdən, pozulan hüquqlarından bəhs ediblər. Qurultay bir daha göstərdi ki, Azərbaycan daim haqqı, ədaləti qoruyan  suveren dövlət kimi, ikili standartlara qarşı mübarizəsini davam etdirəcək. Bu siyasət Ermənistana havadarlıq edən, silahlandıran, Cənubi Qafqazda maraqlarını  həyata keçirmək üçün  30 ilə yaxın müddətdə  Azərbaycana qarşı ikili standartlar siyasəti yeridən    ABŞ-ı, Fransanı razı salmasa belə  rəsmi Bakını yolundan döndərə bilməyəcək.  

"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda etnik təmizləmənin, işğalın və təcavüzün, soyqırımların  qurbanı olan, bir milyondan artıq qaçqının  Vətən həsrətinin ağrı- acısını yaşayan, humanitar böhrana məruz qalan Azərbaycanın hər zaman  müstəmləkə altında yaşayan xalqların yanında olacağını, kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləyəcəyini bildirən Prezident İlham Əliyev kolonial idarəçilik altında əzilən xalqlarla həmrəyliyini bu sözlərlə ifadə  etdi: « Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Biz bunu ona görə edirik və əminik ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır.» Çox təəssüf ki,  kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir.  Bəzi ölkələr  Fransanın müstəmləkəçilik siyasətinə, Ermənistanı silahlandırma cəhdlərinə göz yumurlar. Özlərinə başağrısı axtarmırlar.
 Amma Fransanın  neokolonialist siyasətindən əziyyət çəkənlərin,   öldürülən günahsız insanların taleyi hər kəsi düşündürməlidir.   Reallıq budur ki,  Prezident İlham Əliyevin «Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə, siz görürsünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çəkməyə, şayiə yaymağa başlayırlar» sözləri Fransanın çirkin, qanlı  neokolonializm siyasətinin  vəhşiliklərinə nifrəti daha da artırır və  beynəlxalq ictimaiyyətdə daha  güclü  təsir yaradır.

Xuraman İsmayılqızı, “İki sahil”