24 iyul 2024 01:50
350

Aİ-nin sülhə “töhfə”si

44 günlük Vətən müharibəsindən və 23 saat davam edən lokal antiterror əməliyyatından sonra Ermənistanın öldürücü silahlarla silahlanması,  ATƏT-in üzdəniraq, de-fakto mövcud olmayan Minsk qrupunun de-yure ləğvi ilə bağlı Bakının çağırışına reaksiya verməməsi,  öz konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını hələ də saxlamaqda davam etməsi bu təcavüzkar ölkənin növbəti  çirkin niyyətətindən xəbər verir. Hazırda görünən odur ki, Ermənistan rəhbərliyi nə qədər sülhdən dəm vursa da, əsl niyyət başqadır. Elə Hayastanın baş naziri Nikol Paşinyanın iyulun 19-da Britaniyada  Prezident İlham Əiyevlə görüşdən imtina etməsini,  bundan cəmi bir gün sonra isə sərhəddə növbəti təxribat törədilməsini də bura əlavə etsək, mənzərə daha aydın olar. Bəli, Ermənistan sülhdən uzaqlaşmaq məqsədilə sözün həqiqi mənasında dəridən-qabıqdan çıxmaqda davam edir. Bu isə o deməkdir ki, təcavüzkar ölkə  Azərbaycanla ədalətli şərtlərlə sülh müqaviləsi bağlamaq istəmir, öz havadarlarının hansısa siqnallarını gözləyir.

Ermənistan–Azər­baycan şərti sərhədində kəşfiyyat xa­rakterli “durbin diplomatiyası” ilə məşğul olan “mülki missiya” yerləşdirən  Avropa İttifaqı (Aİ)  indi də Avropa Sülh Fondu çərçivəsində Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 mil­yon avro məbləğində yardım göstərmək barədə qərar qəbul edib.  Guya Avropa Sülh Fondunun görəcəyi iş, yəni yardımın məqsədi “Aİ-nin bir hissəsi olmağa çalışan” Er­mənistanın dayanıqlılığına töhfə vermək, onun “özünümüdafiə”sini təmin etməkdir.  Sual olunur: Revanşist planlardan hələ də əl çəkməyən bir ölkəni necə silahlandırmaq olar? Axı bu, Ermənistandakı separat­çı-revanşist qüvvələri şirnikləndirməkdir. Bu necə  özünümüdafiədir? Məgər Aİ Ermənistanın fitnə-fəsad mənbəyi olan konstitusiyasından bixəbərdir? Şübhəsiz, bütün bu addımlar Aİ-nin İrəvanı hərbi-siyasi cəhətdən gücləndir­mək planlarından xəbər verir. Bəs görəsən, bu qurum Azərbaycanın özünümüdafiəsinin qayğısına niyə qalmır? Bu kimi suallar ətrafında düşünərkən belə qərara gəlmək olur: Əslində Aİ-nin bu addımı hər şeydən əvvəl, Cənubi Qafqazı müharibəyə sürükləmək məqsədilə Fransa, Hindistan kimi ölkələrin silahlandırma kursunu dəstəkləməkdən  başqa bir şey deyil. Bu mənada hətta demək olar ki, Fransanın dominantlıq etdiyi Aİ hazırda bu ölkənin, daha doğrusu, dövlətimizə qarşı qərəzli siyasət yürüdən onun rəhbəri  Emmanuel Makronun dedikləri ilə oturub-durmaqda davam edir. Bu fakt artıq açıq-aydın özünü göstərir.

Yeri gəlmişkən qeyd edək ki, aylar öncə bu yardımla bağlı fikirlər səslənirdi. Hətta Aİ-dəki dostlarımızdan sayılan Macarıstan (Aİ-nin 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır) buna etiraz bildirib, qərarı doğru saymayıb,  Azərbaycana da analoji dəstəyin verilməsi təklifini irəli sürüb. Amma… Şübhəsiz,  Aİ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür. Halbuki, bu gün Azərbaycan Avropa məkanında enerji təhlükəsiz­liyinin təmin olunmasında mühüm rol oynayır. Amma nədənsə Aİ bu faktı nəzərə almır.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu məsələ ilə əlaqədar medianın sualının cavablandırarkən bildirib ki, Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda ərazi  iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, militarizasiya və qarşıdurma kursunu qəbul edən Aİ-nin Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro göndərmək planlarının arxasında təbii ki, bu qurumun  regiona destruktiv təsirini yaymaq üçün geosiyasi hesablamaları var.

Yeri gəlmişkən qeyd edək ki, Aİ 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan və Ermənistan ara­sında münasibətlərin tənzimlənməsi istiaqamətində bir sıra addımlar atıb. Bu baxımdan Aİ Şurasının prezidenti Şarl Mişelin xüsusi xidmətləri danılmazdır. Ancaq indi, görünür, vəziyyət dəyişir. Halbuki, sülh müqaviləsini imzalamaq Ermənistanın təhlükəsizliyinə öldürücü silahlardan qat-qat güclü təminat və zəmanət verə bilər. Olmaya Aİ bunu dərk etmir? Təbii ki, dərk edir. Amma sülh prosesi Aİ-nin maraqlarına cavab vermədiyindən o, bu yolu seçib.

Bu məqamda Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 149 illiyi münasibətilə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda çıxışındakı aşağıdakı fikirlərini xatırlatmaq yerinə düşər: ”Biz bu qeyri-səmimi münasibətlərə bir növ öyrəşmişik, əfsuslar olsun. Bəzi hallarda ikili standartları görməyəndə özümüz-özümüzə sual veririk, görəsən, nələr baş verir? Biz buna o qədər öyrəşmişik ki, yəni, ağa qara, qaraya ağ demək adi hala çevrilib. Burada bunun yeganə yolu buna məhəl qoymamaq, fikir verməmək, öz yolundan dönməmək və ölkə üçün, xalq üçün lazım olan bütün addımları vaxtında atmaqdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”