24 iyul 2024 14:14
388

Şuşa Qlobal Media Forumu informasiya savaşında əvəzssiz rol  oynayır

Beynəlxalq aləmdə baş verən geosiyasi proseslər fonunda "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən  2-ci Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyası istiqamətində ciddi uğuru kimi dəyərləndirilməlidir. Çünki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmdə ciddi dezinformasiya müharibəsi ilə üzləşib. Məhz cənab Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müəyyən etdiyi düzgün strategiya və qətiyyətli diplomatik fəaliyyət nəticəsində ölkəmizə yönəlik informasiya müharibəsi cəbhəsində uğurlar əldə edilib. İkinci Qarabağ savaşından sonra da Azərbaycanın qələbəsini həzm edə bilməyən güclərin ölkəmizə qarşı informasiya siyasəti  başqa bir formada davam edib və etməkdədir. Ölkə başçısının bu istiqamətdə müəyyən etdiyi strategiya öz effektini verməkdədir. 2-ci Şuşa Qlobal Media Forumu da bu strategiyanın tərkib hissəsidir. Forum həm Ermənistanın havadarları ilə törətdiyi vandalizm hərəkətləri, həm  işğaldan sonra həyata keçirilinə abadlıq-quruculuq işləri,  həm  Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, həm  beynəlxalq münasibətlər sistemində, yeni dünya düzənində baş verən proseslərlə bağlı rəsmi Bakının mövqeyinin dünyaya çatdırılması baxımdan mühüm əhəmiyyət kəsb etməklə  informasiya savaşında əvəzssiz rol  oynayır.

Şuşa Qlobal Media Forumu cənab Prezidentin beynəlxalq aləmə, eyni zamanda  bölgəmizdə marağı olan güclər, Ermənistan və onun havadarlarına  verilən ciddi mesajlarla yadda qaldı:

- Cənubi Qafqazda ənənəvi ittifaqlar zəiflədiyindən yeni tarixi transformasiya prosesləri baş verir ki, bu da yeni əməkdaşlıq formatlarının yaranmasını zəruri edir. Bu formatı isə   Azərbaycan, Gürcüstan və Ermənistanın sıx əməkdaşlığından keçir. Ona görə də bu ölkələr indiyədək aralarında olan mübahisələrə son verməli və bölgədə dayanıqlı  sülhün, inkişafın əldə olunası üçün addımlar atmalıdır.  Bunun üçün ilk növbədə İrəvanla Bakı arasında dayanıqlı sülhə xidmət edən sülh sazişi imzalanmalıdır.

-Dayanıqlı sülhün yolu isə İrəvanın Bakının şərtlərinə uyğun şəkildə konstitusiyaya dəyişiklik etməsi, ATƏT MQ-nin fəaliyyətindən imtina edilməsindən sonra mümkündür. Qarşıdurmalara son qoyularsa, o zaman bölgə xalqları Baltik ölkələrində olduğu kimi təhlükəsiz yaşaya bilərlər. Bölgənin sürətli inkişafı üşün isə böyük imkanlar və potensiallar mövcuddur. Onun üçün də ilk olaraq İrəvan xarici siyasətinə baxıb vaxt itirmədən reallığa uyğun addımlar atmalıdır. İrəvan və onun havadarları Ermənistanın davamlı inkişafında və regional əməkdaşlıqda  maraqlıdırsa Bakının dediklərini tez bir zamanda icra etməlidirlər.

- Erməni lobbisinin təsiri altında olan bəzi Avropa ölkələri, xüsusən də Fransa Azərbaycana qarşı qərəzli informasiya siyasətinə və soyuq müharibəyə son verməlidir. Bundan nə Ermənistan, nə də nəticə etibarı ilə Fransa qazanmayacaq. bu sadəcə bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edəcək ki, bundan da itirən yenə də Ermənistan olacaq.

- Dezinformasiya siyasətinin qurbanına təkcə Azərbaycan və digər ölkələr deyil, eyni zamanda ABŞ prezidentləri də çevrilirlər. Ona görə də bu təhlükəli tendensiyalara son verilməlidir. Əks halda bütün dünya bunun fəsadını yaşamalı olacaq və o zaman bunun fəsadlaırnı aradan qaldırmaq çox çətin olacaq.

- Rusiya-Ukrayna müharibəsinin danıqşılar yolu ilə tənzimlənməsində Azərbaycan praktikası xüsusi rol oynaya bilər. Ən pis və əlverişsiz sülh danışıqları  müharibədən yaxşıdır. Rusiya-Ukrayna müharibəsinin davam etməsi təkcə insani itki baxımdan deyil, həm də beynəlxalq münasibətlər sistemində böhranı dərinləşdirir ki, bundan da bütövlükdə dünya ölkələri əziyyət çəkir. Ona görə də ən pis şərtlər daxilində hərbi əməliyyatları dayandırıb  danıqşılar yolu ilə  problemin nizamlanmasına üstünlük vermək daha  yaxşıdır.

- Azərbaycan-Qərb münasibətləri baxımından da Forum ciddi əhəmiyyət kəsb edir. Azərbaycanın yürütdüyü siyasət dünya birliyinə daha yaxından çatdırılmaqla regionda baş verən hadisələrə yanaşmalar müsbət istiqamətdə dəyişir. Bu səbəbdən də zaman keçdikcə Qərbdəki siyasi dairələrdə reallıqları dərk edirlər və nəticədə Avropa ölkələri Azərbaycana bərabər tərəfdaş kimi yanaşır. Bunun nəticəsidir ki, Avropanın 9 ölkəsi Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayıb.

- Azərbaycan regionun digər ölkələrindən fərqli olaraq satellit, "proksi" və ya vassal ölkə  deyil, müstəqil ölkədir. Bunu yürütdüyü siyasətlə sübut edib.

- Azərbaycan İkinci qarabağ müharibəsindən sonra əldə etdiyi qələbəyə  deyil,  gələcəyə fokuslaşıb. Qələbə yeganə geosiyasi dəyişiklik deyil. Azərbaycan yaratdığı geosiyasi reallıq və postmüharibə dövrünün qaydalarına uyğun milli birlik ideyası ətrafında  addımlaırnı müəyyənləşdirəcək.

- Neft-qaz sahəsində olduğu kimi, Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə və təhlükəsizlik sisteminə "yaşıl enerji" sahəsində də öz töhfəsini verməyə hazırdır. Azərbaycan bu sahədə həm də qovşaq rolunu oynaya bilər.

- Azərbaycan neokolonist siyasətdən əziyyət çəkən Okean ölkələrinə dəstək verib və bu siyasəti davam etdirəcək. Cənab Prezident bəyan etdi ki, Azərbaycan bu ölkələrə kömək edir ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər.

- Fələstin-İsrail münaqişəsinin həlli və Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur. Fələstin dövlət qurmalı və Şərqi Qüds onun paytaxtı olmalıdır.

- Yeni dünya düzənində Türk dövlətlərinin yeni güc mərkəzi kimi formalaşması günün reallığıdır. Bu baxımdan Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var.  Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün bütün türk dövlətlərinin ortaq səyləri lazımdır. Necə deyərlər gücümüz bir olanda dəmir yumruğumuz da daha  təsirli olur. Cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq.

Əminəm ki, 2-ci Şuşa Qlobal Media Forumu həm Azərbaycanın indiki dezinformasiya müharibəsi şəraitindən öz həqiqətlərini dünyaya çatdırılması, həm də beynəlxalq münasibətlər sistemində  mövqeyinin möhkəmlənməsi  baxımdan öz töhfəsini verəcək.

Şahin İsmayılov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü