24 iyul 2024 10:55
338

Ölkəmiz regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır

Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da toplantılarına dəvət alması və həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun ifadəsidir. İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya səfəri və “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısı da bu mənada istisna deyil. Budəfəki tədbirə 45 nüfuzlu dövlət və hökumət başçısı ilə bərabər ilk dəfə olaraq NATO, ATƏT və Avropa Şurasının nümayəndələri də dəvət olunmuşdular.

Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin enerji təchizatı sahəsindəki əhəmiyyətli rolundan geniş bəhs etdi. Ölkə başçısı bildirdi ki, əməkdaşlığın inkişaf dinamikası qorunur. Enerji sahəsində müəyyənləşdirilmiş strateji tərəfdaşlıq ölkəmizin Avropaya qaz təchizatını 2027-ci ilin sonuna qədər ikiqat artırmasını nəzərdə tutur.  Ölkə başçısının da vurğuladığı kimi 2021-ci ildə Avropa qitəsinə Azərbaycanın qaz təchizatı ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq: “2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr həcmində müəyyənləşib. Bu isə ixracın yarıdan çoxunun Avropaya istiqamətləndiyini göstərir. Eyni zamanda Azərbaycanın təbii qazını səkkiz ölkə alır ki, onlardan beşi – yəni, Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İki ölkə isə Avropa İttifaqına daxil olmaq üçün namizəddir” . “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev yeni tərəfdaşların da olduğuna diqqət çəkərək bildirdi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ölkəmiz bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Azərbaycan yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməyi düşünür. Həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışır. Çünki Azərbaycanın İtaliyaya təchizatı 9 milyard kubmetrdirsə, İtaliya ölkəmizdən 20 milyard kubmetr qaz almaq istəyir. Bu, sadəcə, Azərbaycan qazına olan tələbatın bir nümunəsidir. Bütün bu uğurlara davamlı və sabit əməkdaşlıq üzərində əldə edilmiş nəticələrlə nail olmaq mümkündür. Azərbaycanın lazımi resursları və infrastrukturu var. Eyni zamanda bu sahədə inkişaf strategiyası da mövcuddur. Məhz 20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edb. Bu ölkəmiz və tərəfdaşlar üçün tarixi bir nailiyyətdir. Ölkəmizin başçısı da bildirib ki, indi Azərbaycan neftini Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir.  Bu bir reallıqdır ki, üç ildən artıqdır Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Azərbaycanın əsas ixrac qaz kəməri olan - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib.

Ən ciddi uğurlardan biri bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi barədə qəbul edilən qərardır. Belə bir mötəbər tədbirin məhz Azərbaycanda keçiriləcəyi gərgin fəaliyyətin, aparılan xarici siyasət kursunun doğru olduğunun göstəricisidir. Bundan öncə sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Mərkəzi Asiya ölkələrini birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı Şərq-Qərb vektoru üzərində ölkəmizin böyük siyasi çəkisi, coğrafi mövqeyi və iqtisadi uğurları ilə şərtlənir. Məlum olduğu kimi, məhz həmin sammit çərçivəsində  “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul edilmişdir ki, bu da Azərbaycanın yaxın gələcəkdə daha yüksək nailiyyətlər əldə etməsi üçün mühüm zəmindir. Astanada Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında keçirilən üçtərəfli görüş isə üç ölkə arasında strateji tərəfdaşlığın yüksələn səviyyəsini nümayiş etdirir. Təsadüfi deyil ki, Oksfordda ikitərəfli gündəm, Azərbaycan-Aİ formatında münasibətlər və təbii ki, COP29, eləcə də Cənubi Qafqaz gözləntiləri kontekstində sülh gündəliyi məsələlərini müzakirə etmək üçün İlham Əliyevlə görüşən Avropa liderləri cənab İlham Əliyevin düşüncələrini yüksək dəyərləndirmişlər. Azərbaycan Prezidenti də vacib beynəlxalq tədbirdə çıxışında ölkəmizin bütün sahələrdə qarşıya qoyduğu hədəflərə nail olacağını və etibarlı, vacib tərəfdaş kimi önəmini bir daha diqqətə çatdırıb. Davamlı və sabit əməkdaşlıq üçün bütün lazımi amillər mövcuddur. 

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası

Kürdəmir rayon təşkilatının sədri