24 iyul 2024 01:51
401

Qarabağa və Şərqi Zəngəzura investisiya qoymaq səmərəlidir

Sahibkarlıq mühitinin canlanması üçün kifayət qədər güclü iqtisadi stimullardan istifadə edilir

Şuşa şəhərində keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlı Qlobal Media Forumunda Prezident İlham Əliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa, yenidənqurma, yeni  infrastrukturların yaradılması istiqamətində aparılan işlər günbəgün sürətlənir. İşğaldan azad edilmiş ərazilərdə sosial - iqtisadi həyatın ən qısa müddətdə bərpa olunması qarşıda duran əsas məsələlərdən biridir. Sosial-iqtisadi həyatın geri qaytarılmasında özəl sahibkarlar da əhəmiyyətli rol oynayır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas hədəf göstəricilərindən biri kimi iqtisadiyyatın yenidən qurulması üçün yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Dövlət proqramının əsas məqsədlərinin 2-ci hissəsində sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək olduğu qeyd edilmişdir.

Bu ilin 1 iyul tarixinə qədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 4 978, fərdi sahibkarların sayı isə 91 881 təşkil edib. Sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 3 791 mikro, 186 kiçik, 84 orta və 7 iri sahibkarlıq subyekti qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda 835 mikro, 50 kiçik, 20 kiçik və 5 iri sahibkarlıq subyekti fəaliyyət göstərib. Ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 86 373, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 508 olub.

Bu statistika onu deməyə əsas verir ki, artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi dəyər yaradan sahələr formalaşır və biznesin ilk addımları öz müsbət səmərəsini göstərməyə başlayır. Qubadlı və Zəngilanda taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri, heyvandarlıq təsərrüfatları, həmçinin Kəlbəcər və Laçında arıçılıq təsərrüftları yaradılıb. Türkiyə, İsrail, Rusiya və digər ölkələrə məxsus sahibkarlar bir neçə investisiya layihəsi icra etməkdədir.

Eləcə də iki il əvvəl fəaliyyətə başlamış Zəngilandakı “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Bu layihə, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatının rolunu gücləndirmək və yerli istehsalın artırılmasını təmin etmək üçün strateji əhəmiyyətə malikdir. Yaxud, Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Sənaye Parkının yeni formalaşan sənaye potenisalının imkanları böyüyür. Araz Vadisi İqtisadi Zonası, Azərbaycanın iqtisadi strategiyasında mühüm bir yer tutur və bölgənin inkişafını və rifahını artırmaq üçün əhəmiyyətli bir rol oynayır. Bu zona, həm yerli, həm də beynəlxalq investorlar üçün cəlbedici bir investisiya mühiti təmin edir.

İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün güzəştlər də tətbiq edilir. Rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır. Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20%-i məbləğində maliyyə yardımı ödənilir. Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər də verilir Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.

Sahibkarlıq sektorunun azad ərazilərdə fəaliyyətinin təmin edilməsi bu bölgəyə qayıdan sakinlərin məşğulluğuna da müsbət təsir göstərməkdədir. Hökumət bu kəndlərdə həm yaşayış üçün ən müasir şəraiti təmin edib, həm də sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan sosial layihələrin icrasını davam etdirir. Belə ki, artıq bölgədə hotel və turizm obyektlərinin əsası qoyulub, bir neçə hotel istifadəyə verilib. Şuşada “Qarabağ” və “Xarıbülbül” hotelləri, Xankəndində “Qarabağ” və “Palace” hotelləri istifadəyə verilib, fəaliyyət göstərir, Suqovuşanda böyük turizm istirahət kompleksinin yaradılması işləri davam etdirilir, eləcə də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilib. Bütün bunlar həmin bölgədə məskunlaşan insanların iş yerləri ilə təminatında mühüm rol oynamaqdadır. Təkcə, hotel və istirahət mərkzələrində 300-dən çox insanın məşğulluğu təmin edilib. Bundan başqa, Füzuli və Laçına, Zabuxa qayıdan sakinlərin ənənəvi məşğulyyətinin bərpa olunması, heyvandarlıq məqsədilə kiçik ailə təsərrüfatlarının, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq və s. fərdi və kiçik ailə bizneslərinin yaradılması məqsədilə hökumət tərəfindən müvafiq layihələrin icrasına başlanılıb.

Bütün bu  amillər, Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının strateji əhəmiyyətini və iqtisadi inkişaf potensialını nümayiş etdirir. Bu inkişaf, bölgənin iqtisadi rifahını artırmaqla yanaşı, Azərbaycanın ümumi iqtisadiyyatına da müsbət təsir göstərəcəkdir.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əlverişli investisiya mühiti yaratmaqla həmin regiona sahibkarların axınına və sahibkarlığın inkişafına səbəb olacaq. Qarabağın bərpa prosesinə cəlb olunan və həmin regiona investisiya kimi qoyulan hər bir manat multiplikativ effektlə özündən daha böyük dəyər yaratmaqla, nəinki həmin ərazilərdə, ümumilikdə ölkə üzrə iqtisadi aktivliyin, məcmu tələbin artmasını və nəticədə iqtisadiyyatın inklüziv inkişafını təmin edəcəkdir.

Nigar Orucova, “İki sahil”