24 iyul 2024 01:26
366

Onlar öz Vətənlərini  - Qərbi Azərbaycanı görəcəklər...

1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla növbəti deportasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşiblər. Nəticədə Qərbi Azərbaycanda, indiki Ermənistanda yaşayan 300 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların 300-ə yaxın məscidi, çoxsaylı qəbiristanlıqları və digər mədəni abidələri yer üzündən silinib. Hazırda Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin 90 faizi tərk edilmiş və dağıdılmış vəziyyətdədir. Qeyd edək ki, azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. 

Azərbaycan Ermənistan hökumətini dəfələrlə beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa və dağıtdığı mədəni irsini bərpa etməyə çağırıb. Amma buna hələ də məhəl qoyan yoxdur. Şübhəsiz, bu  məsələdə özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətlərinin azərbaycanlıların qayıdış hüququna biganəliklə yanaşmalarından, həmçinin ayrı-seçkilikdən irəli gəlir.  Bəli, artıq neçə ildir ki, Qərbi azərbaycanlılar öz yurd-yuvalarına qayıdacaqları günü gözləyirlər.

Amma bu, bir faktdır ki, bəzi ölkələr, həmçinin beynəlxalq qurumlar öz istəkləri ilə Qarabağı tərk etmiş erməni əsilli şəxslərin qayıdışını təmin etmək məqsədilə dəridən-qabıqdan çıxırlar. Amma onlar Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması məsələsini qaldırmırlar. Halbuki, qayıdış məsələsində ayrı-seçkiliyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll edilməlidir. Digər tərəfdən onu da vurğulayaq ki, erməni əsilli şəxslər öz xoşları ilə Qarabağ bölgəsini tərk ediblər. Bunu təsdiq edən kifayət qədər faktlar da var. Hətta ötən ilin sentyabr ayında keçirilən lokal antiterror tədbirindən sonra rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, onların təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı. Bunun üçün onlardan yalnız Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq tələb olunurdu. Amma haylar separatçıların və  onların havadarlarının təhriki ilə Ermənistana üz tutmağa üstünlük verdilər. Bu mənada erməni əsilli şəxslərin “etnik təmizləmə”yə məruz qaldıqlarını, yaxud hüquqlarının pozulduğunu iddia etmək heç bir məntiqə sığmır. Amma qeyd etdiyimiz  kimi, soydaşlarımız  Ermənistandan işgəncə, zorla qovulublar. Bunu da təsdiq edən kifayət qədər tutarlı faktlar var. Şübhəsiz, bu, bir sıra ölkələrin, həmçinin beynəlxalq qurumların belə məsələlərə ikili standartlardan yanaşmaq xəstəliyindən, başqa sözlə desək, ermənipərəstliklərindən irəli gəlir. Bütün bunlar isə o deməkdir ki, onlar maraqları naminə regionda vəziyyəti gərginləşdirməyə çalışmaqda, Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə davam edirlər.

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 149 illiyi münasibətilə  “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında  bu məsələyə toxunub. Daha doğrusu, dövlətimizin başçısı rusiyalı jurnalist, siyasi və ictimai xadim Maksim Şevçenkonun “Azərbaycanlılar öz Vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi?” sualını cavablandırarkən qeyd edib ki, mən əminəm ki, həmin gün mütləq gələcək, Qərbi azərbaycanlılar yurd-yuvalarına qovuşacaqlar: “Burada biz, əlbəttə ki, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik”. Özü də dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik: “Mən bunu indi də deyirəm. Düşünürəm ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu ismarışlardan biridir. Axı, indi onlar özlərini ən qabaqcıl avropalılar kimi qələmə verirlər. Qoy onlar Avropa İttifaqına xas olanı - milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirsinlər. Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər”. Prezident, həmçinin bildirib ki, burada təkcə Azərbaycanın istəyi, yaxud Azərbaycanın fəaliyyəti kifayət etməyəcək. Bu məsələyə beynəlxalq media qurumları və beynəlxalq qeyri-hökumət təşkilatları qoşulsa, çox yaxşı olardı. Çünki Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır: “Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur”.

Qvami Məhəbbətoğlu, “İki sahil”