24 iyul 2024 00:49
336

Cələcək nəsillərə təmiz dünya bəxş edək!

COP29-a ev sahibliyi edəcək  Azərbaycanda 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili»” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir

«Yaşıl enerji» ilə bağlı təcrübəsi  geniş təbliğ olunan Azərbaycanın bu il COP29-a ev sahibliyi  ölkəmizdə  bu sahənin inkişafına diqqəti daha da   aktuallaşdırır.  Alternativ enerji ilə bağlı beynəlxalq əməkdaşlığını genişləndirən, ən yeni müasir texnologiyalardan istifadə ilə ekoloji fəsadların aradan qaldırılması üçün  mütərəqqi üsullardan istifadə edən Azərbaycan təbii resurlarla zəngindir. Ekoloji təhlükəsizlik baxımından daha sərfəli olan  yaşıl enerjidən istifadə hazırda dünya birliyinin qarşısında duran başlıca  problemdir. Ümumdünya Səhiyyə Təşkilatının məlu­matına görə, dünyada hər il 13 milyondan çox ölüm halları havanın çirklənməsi ilə bağlıdır.   Yaşıl iq­tisadiyyat”ın inkişafı, onun tərkib hissəsi kimi  «yaşıl enerji»”dən istifadə ekoloji riskləri  azaltmaqla təbii sərvətlərdən  ehtiyatlı istifadəni  aktuallaşdır. İqlim dəyi­şikliyini azaltmağa,  qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir,  atmosferin çirklənməsinin qarşısını alır. «Yaşıl enerji»”yə keçid  enerji təhlükəsizliyinin yeni sahəsinə yeni yanaşmaları, müasir  texnologiyaların tətbiqini də  stimullaşdırır. Beynəlxalq tərəfdaşlarının birgə səyi ilə   qazıntı yanacağından bərpa olunan enerji resurslarına transformasiyasını nümayiş etdirən ölkəmizin  qaz ixracının bu il 24 milyard kubmetrdən artıq olacağını, Avropanın bəzi ölkələrinin  Azərbaycandan qaz aldığını vurğulayan  dövlət başçımız İlham Əliyev şaxələndirmə siyasətinin regional əhəmiyyətini də diqqətə çatdırır.  Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyasının Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırması ölkəmizə etimad kimi dəyərləndirilir:  «Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir. Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir» söyləyən Prezident  İlham Əliyev enerji layihələrinin icrasını sülhə, sabitliyə, qarşılıqlı əməkdaşlığa töhfə adlandırır.

Mütəxəssislərin proqnozlarına əsasən 2030-cu ilə qədər bərpa olunan mənbələrdən və yaxud yaşıl enerjidən alınan elektrik enerjisi dünyada elekt­rik enerjisi istehsalının 65 faizini təmin edəcək. Beynəlxalq Bərpa Olunan Ener­ji Agentliyinin hesablamalarına görə 2050-ci ilə qədər dünyada elektrik enerji­sinin 90 faizi bərpa olunan və yaxud  yaşıl enerji” mənbələri hesabına  əldə edilə bilər. Karbon qazı emissiyası qlobal səviyyədə 2050-ci ilə qədər 70 faiz azaldılacaq ki, bu da iqlim dəyişikliyinin qarşısının alınma­sına kömək edəcək. İlk növbədə, külək və günəş enerjisi hesabına elektrik enerjisi istehsalında sürətli artım olacaq. Bunun əsasən, Qafqaz, Mərkəzi Asiya, Şərqi və Cənub-Şərqi Avropada baş verəcəyi bildi­rilir.  BMT-nin  sammitində qəbul edilmiş «2030-cu ilədək dayanıqlı inkişaf sahəsin­də Gündəlik»”də  müəyyən edilmiş hədəflər arasında ucuz və təmiz enerji ilə bağlı məsələnin üstünlük təşkil etməsi, xüsusi diqqətdə saxlanılması problemin beynəlxalq əhəmiyytətinin göstəricisidir. Bu məqsədlə  əlverişli, etibarlı və müasir enerji təc­hizatına universal çıxışın təmin edilməsi, bərpaolunan mənbələrdən alınan enerji həcminin əhəmiyyətli dərəcədə ar­tırılması, bərpa olunan enerji texnologiyala­rına çıxışın asanlaşdırılması sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndi­rilməsi, müasir və davamlı enerji təchizatı ilə bağlı infrastrukturun genişləndirilməsi kimi məsələlər ölkələrin enerji ilə təchizatında əsas problem kimi aktuallığını qoruyur. Bu baxımdan bərpa olunan enerji sənaye­sinin inkişaf etdirilməsi üçün xarici sər­mayəçilərin cəlb edilməsinə xüsusi diqqət yetirən Azərbaycanın  «yaşıl enerji»” strategiyasına artan maraq təbiidir. Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsinin” hazırlanması, Anlaşma Memorandumunun imzalanması təqdirəlayiqdir. «Azərbaycan Respub­likasının işğaldan azad edilmiş ərazilə­rində 2022–2026-cı illərdə «yaşıl enerji»” zonasının yaradılması üzrə Tədbirlər Planı»nın ” təsdiqi,  həmin müddətdə ölkəmizdə   sosial-iqtisadi inkişaf strategiyasında   bərpa olunan enerji mənbələrindən, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişlən­dirilməsi ilə bağlı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi bərpa olunan enerji istehsalına  artan diqqətdir. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan BƏƏ-in «Masdar»” şirkətinin iştirakı ilə  230 meqavat gücündə günəş elektrik stansiyasının istifadəyə verilməsi, hazırda  daha 1 qiqavat enerji həcminin  əlavə edilməsi son  hədd  deyil. «Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır» sözləri ilə ölkəmizin enerji resurslarının tükənməzliyini diqqətə çatdıran Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun, bütünlükdə  işğaldan  azad olunmuş ərazilərdəki nəhəng hidroelektrik stansiyalarının potensialını təbii ehtiyatlardan istifadə üçün ən etibarlı mənbə adlandırır.  Hesablamalara görə, yaxın illərdə  bu rəqəmin 500 meqavata çatacağı ilə bağlı açıqlamalar reallıqdır. 

Prezident İlham Əliyevin  Sərəncamı ilə təsdiq edilən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də  respublikamızın,  xüsusilə,  Qarabağın, Şərqi Zəngəzurun «yaşıl enerji»” mə­kanına çevrilməsi ilə ölkəmizdə  bərpa olunan enerji istehsalının həcmi artırılacaq. Azərbaycan, Gürcüs­tan, Rumıniya və Macarıstan  arasında «yaşıl enerji”»nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasında da məqsəd Xəzər dənizində istehsal olu­nacaq «yaşıl enerji»”nin Avropaya ixracını intensivləşdirməkdir.

 Bu sahədə zəngin təcrübəsi olan Azərbaycan   ekoloji risk yaradan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçiril­məsi ilə bağlı yekdil qərarın qəbulu  ölkəmizə etimadın ifadəsi olmaqla,  məsuliyyətli vəzifələrin həllini də aktuallaşdırır. Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında «Yaşıl dünya naminə həmrəylik ili»” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir. 

Birləşmiş Ərəb Əmirliklərinin «Mas­dar»”, Səudiyyə Ərəbistanının «ACWA Power”», Böyük Britaniyanın «bp»”, Avstraliyanın «Fortescue Future Industries»”, Yaponiyanın «TEPSCO”», «İtaliyanın «Ma­ire Tecnimont»”, Çinin «China Gezhouba Group Overseas Investment”», Fransanın «Total Energies”» və digər xarici şirkətlərlə bərpa olunan enerji ilə bağlı  müqavilələr imzalayan  Azərbaycanda bu sahədə işlər sürətləndirilir.  Ölkənin əlve­rişli coğrafi mövqeyi və iqlim şəraiti «yaşıl enerji”» istehsalı üçün geniş imkanlar ya­radır. Külək, günəş, dağ çayları, bioküt­lə və geotermal su mənbələri hesabına bərpa olunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mən­bələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir. 

 Alternativ enerji istehsalı üçün  zəngin potensiala malik ərazilərimizin «yaşıl enerji»” zonaları elan olunması ölkəmizə diqqəti daha da artırır. Tərtərçay və Həkəri  çaylarında da da  böyük hidroenerji imkanlar mövcud­dur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait var. İlkin proqnozla­ra görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2 min MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və Şuşa rayonlarında geotermal enerji mənbələrindən «yaşıl enerji”» kimi istifadə olunması imkanları mövcuddur. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı da  var. 

Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir.  Prezident İlham Əliyevin imzaladığı  «Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı»”nda  «yaşıl enerji» zonası”nın yaradılmasını nəzər­də tutan kompleks tədbirlər öz əksini ta­pıb. Ekosistemdə dayanıqlığın və insan tələbatları ilə təbiətin imkanla­rı arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıdığın nəzərə alan mtəxəssislərin qeyd etdikləri kimi,  «yaşıl enerji”yə» keçid iqlim dəyişikliyinin və qlobal istiləş­mənin qarşısının alması baxımından da vacibdir.

 Göründüyü kimi, ənənəvi enerji resurslarının bərpa olunan enerji mənbələri ilə əvəzlənməsi, «yaşıl  enerji» marşrutlarının şaxələndirilməsi  Azərbaycanının enerji diplomatiyasın əsas prioritetlərindəndir. Çox təəssüf ki,  Avropanın 8  ölkəsinin energi təminatında  mühüm rola malik ölkəmizin bu  sahədə qazandığı nailiyyətlərə  bu gün də  qara yaxanlar var.

  COP29-a ev sahibliyi edəcək  Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanlara «Mənim mesajım qısa şəkildə ola bilər. Mən deyərdim ki, riyakarlığa son qoyulmalıdır. Mən deyə bilərəm ki, ötən görüşümüzdən bu günədək Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Biz ən böyük Günəş Elektrik Stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik. Birinci layihə «Masdar»” şirkəti, ikinci layihə isə «Acwa Power»” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür» sözləri ilə mesaj göndərən Prezident İlham Əliyevin vurğuladığı kimi,  texniki əsaslandırma işləri də planauyğun davam etdirilir.  Xəzər dənizindəki külək enerji stansiyalarından Rumıniyaya Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsi potensial dörd qiqavatdır. «Bununla yanaşı, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək. Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var» sözləri ilə  qərəzli ölkələri bəd niyyətlərindən çəkindirməyə, təmiz dünya naminə həmrəyliyə  çağıran Prezident İlham Əliyevin tərəfdaşları artıq çoxalır. 
«Biz sinerjinin tərəfdarıyıq. Yəni, bir işi görüb, digərini görməsək, bu, mümkün olmayacaq. Burada şüurlu yanaşma və həm istehsalçı, həm tranzit, həm istehlakçı ölkələr arasında maraqların balansı olmalıdır» sözlərilə enerji təhlükəsizliyini  həqiqi mənada dövlətlərin müstəqilliyinin qorunması  ilə eyniləşdirən Prezident İlham Əliyev  ekoloji cəhətdən  təmiz dünyamız naminə səylərini əsirgəmir. 

Xuraman İsmayılqızı, «İki sahil»