23 iyul 2024 13:09
412

Enerji ixracının coğrafiyası genişlənir

Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün azı yüz il kifayət edəcək

Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edərək Azərbaycanın enerji layihələri barədə məlumat verib.

Dövlət başçısı bildirib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

Azərbaycanın təbii qazını 8 ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.

Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırıb. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, Azərbaycan yalnız Avropanı 2027-ci ilədək ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyini yerinə yetirmək üçün əlindən gələni etməyə çalışır. Bu, dövlətimizin hədəfidir. Bizim resurslarımız və infrastrukturumuz var. Azzərbaycan yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirəcək, həmçinin mövcud bazarlara qaz təchizatının artırılması üzərində çalışır. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, Azərbaycan qazına olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır.

Enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşularla birlikdə onu istismara verdi. İndi Azərbaycan Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftini müxtəlif təyinat nöqtələrinə, o cümlədən ölkəmizin xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik.

Cənubi Qafqazda ən böyük investor olan Azərbaycanın iştirakı ilə son illər həyata keçirilən və inşası davam etdirilən layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Bu nəhəng layihə dörd seqmentdən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Bu böyük qaz infrastrukturu çərçivəsində investisiyaların ümumi həcmi 45 milyard dollar təşkil edir.

Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və Azərbaycan avropalı tərəfdaşlarını dərhal təchiz etməyə başladı. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq.

Beləliklə, Azərbaycan öz ixracatını uğurla şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfə verir. Təbii ki, enerji satışından əldə edilən bütün gəlirlər ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə, rayon və şəhərlərin abadlaşdırılmasına, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə yönəldilir. Əsas məqsəd ölkəmizin daha da inkişaf etməsi, xalqımızın firavan yaşamasıdır.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri