22 iyul 2024 23:54
546

“IDEA” İctimai Birliyinin sosial media fəaliyyəti milli rəqəmsal “yaşıl” jurnalistikanın qlobal siması kimi

Azərbaycan milli mətbuatının yaranmasının 149-cu ildönümü qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçiriləcəyi “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf edir.

22 İyul – Milli Mətbuat Günündə müasir dünya mətbuatında çox önəmli mövqedə duran rəqəmsal və “yaşıl” jurnalistikanın, iqlim dəyişikliyi ilə mübarizə aparan sosial medianın Azərbaycanda qazandığı nailiyyətlərə nəzər salmağı məqsədəuyğun hesab edirik.

Müasir qlobal media sferasında “yaşıl” jurnalistikanın rolu

Ümumiyyətlə, “yaşıl” jurnalistika həm qlobal, həm də regional əhəmiyyət kəsb edən ekoloji problemlərin geniş işıqlandırılmasını əhatə edən jurnalistika janrıdır. Onun mövzu və məzmun mənbəyini insanların daim qarşılıqlı əlaqədə olduğu ətraf mühitlə əlaqəli cari hadisələr, tendensiyalar və problemlər haqqında məlumatların toplanması, təhlili və yayılması təşkil edir. Mütəxəssislərin fikrincə, “yaşıl” jurnalistika məhz elmi jurnalistikanın formalarından biridir.

Rəqəmsal “yaşıl” jurnalistika və sosial medianın ekoloji şüura təsiri

Son onillik İnternetin yeni, sürətlə inkişaf edən fenomeni – sosial media ilə xarakterizə olunur. Sosial media məzmun istehsalçıları üçün yeni ünsiyyət formasıdır. Bunun üçün istifadəçilərin özləri tərəfindən məzmunun birgə istehsalı amili həlledici əhəmiyyət kəsb edir. Hər bir oxucu şərhçi, reportyor və ya fotomüxbir funksiyalarını yerinə yetirə bilər. Bu, istifadəçilərin bir-biri ilə əlaqə saxlamasına imkan verən onlayn texnologiyalar toplusudur.

WebAdvantage.net agentliyinin qurucusu və prezidenti Hollis Tomazesin sözlərinə görə, nüfuza arxalanan ənənəvi mediadan fərqli olaraq, sosial media müəyyən bir cəmiyyətə mənsub olmaq hissinə söykənir. Sosial media özündə bloqları və sosial şəbəkələri ehtiva edir. Sosial media bir çox istifadəçi və müşahidəçi tərəfindən yeganə həqiqi ictimai sfera kimi qiymətləndirilir.

Sosial şəbəkələrin məzmunu göstərir ki, ekoloji davamlılıq, qlobal iqlim dəyişikliyi ilə mübarizə bu gün gənclərin diqqət mərkəzində xüsusi yer tutur. Bu fikirləri “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin (IDEA) təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təsisçi müraciətində yer alan fikirlər təsdiq edir: “Bütün dünyada gənclər ətraf mühit problemlərinin aradan qaldırılması yollarını axtarırlar. Həyatımızı təmin edən təbiət ilə harmoniyada olan bir gələcək yaratmaq imkanı öz əlimizdədir. Biz beynəlxalq səviyyədə fəalliyət göstəririk, çünki ətraf mühit heç bir sərhəd tanımır.

Biz fəaliyyətimizdə qətiyyətliyik. Hər kəsi birgə fəaliyyətə çağırırıq, gənclərin bu sahədə praktik addımları bəşəriyyətin ekoloji problemlərinin həllini təmin edə bilər”.

“IDEA” İctimai Birliyinin qlobal sosial media platformasında “yaşıl” jurnalistika fəaliyyəti

Bildiyimiz kimi, 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyi (İnternational Dialogue for Envormental Action – IDEA) yaradılıb. Öz ətrafında əsas etibarilə gənc nəsli toplayan İDEA Leyla xanımın rəhbərliyi ilə qlobal cəmiyyətin diqqətini ekoloji böhranın qarşısını almaq üçün qarşıya çıxan problemlərin həlli istiqamətində səfərbər edir.

Leyla Əliyevanın simasında həm İDEA, həm də Azərbaycan gəncliyi qlobal iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi istiqamətində mühüm nailiyyətlər qazanıb.  Yarandığı ilk gündən mühüm layihələrə imza atan İDEA qısa zaman kəsiyində dünyanın 90 ölkəsindən 1200 nəfər gənc ekoloq və tələbənin iştirakı ilə “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqəsi kimi müxtəlif layihələr həyata keçirib. Elə həmin il keçirilən Qəbələdə keçirilən beynəlxalq konfrans və BMT və Avropa Şurası ilə birgə beynəlxalq gənc ekoloqlar düşərgəsi, 2012-ci ildə BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme – UNEP) “Yaşıl həftə” konfranslar silsiləsi, digər bu kimi konfrans və görüşlər sayəsində İDEA dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqlar şəbəkəsinin yaranmasına nail olub.

Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ilin noyabr ayı “Ətraf mühitimizi qoruyaq” şüarı ilə ekologiya ayı elan edilib. 2015-ci ilin dekabrında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında (COP21) iştirak edən Leyla xanımın “Azkarbonlu inkişaf və iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar” mövzusunda tədbirdə çıxışı çərçivəsində müasir dünya dövlətlərini maraqlandıran mühüm məsələlərə toxunub.

2016-cı ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Leyla Əliyeva FAO-nun aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Mario Lubetkin və təşkilatın tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşündə də diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması olub.

Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlayaraq “Meyvə ağaclarının əkilməsi” üzrə layihəyə start verilib. Layihə çərçivəsində bölgələrdə meyvə bağları salınaraq, aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilir.

Yaddaqalan görüşlərdən danışarkən yaxın keçmişdə – bu ilin may ayında Leyla Əliyevanın İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində BMT-nin Ümumdünya Ərzaq Proqramının Cenevrə Qlobal ofisinin direktoru Cankarlo Çirri və BMT Ətraf Mühit Proqramının Avropa üzrə Regional direktoru Arnold Kraylhuber ilə keçirdiyi işgüzar görüşləri xatırlatmağımız, zənnimizcə, məqsədəuyğundur.

Bütün fəaliyyətini gənclər üzərində quran İDEA ekoloji maarifləndirmə işini ailə, cəmiyyət, milli, qlobal həyatın ən mühüm hissəsinə çevirməklə regional və beynəlxalq səviyyədə gənclərdən ibarət real və virtual cəmiyyətlərin yaradılmasına, ətraf mühitin qorunması naminə müxtəlif dəyərli layihələrin həyata keçirilməsinə nail olub.

Leyla Əliyevanın təşəbbüsü ilə İDEA-nın genişmiqyaslı layihələrinin ilk sıralarında “Bizim həyət” layihəsi durur. Son illərdə həyata keçirilən “Bizim həyət” çərçivəsində aparılan işlərin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Sadalananlarla yanaşı, İDEA Leyla xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə və regionda rəqəmsal “yaşıl” jurnalistikanın yaranmasına və inkişaf etdirilməsinə təkan verib desək, yanılmarıq.

Belə ki, 2012-ci ilin oktyabr ayında fəaliyyətə başlayan İDEA-nın rəsmi instagram səhifəsində, eləcə də facebook, twitter kimi digər sosial media mənbələrində və ideacampaign.org.az rəsmi veb-saytında ictimai birliyin fəaliyyətini əks etdirən xəbərlər, maraqlı layihələr işıqlandırılır.

İDEA İctimai Birliyinin rəsmi instagram səhifəsində 21 Mart – Beynəlxalq Meşə, 30 Mart – Beynəlxalq Sıfır Tullantı, 11 May – Ümumdünya Köçəri Quşlar, 22 May – Beynəlxalq Bioloji Müxtəliflik, 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi günləri və s. kimi ekologiya, iqlimşünaslıq və ətraf mühitin mühafizəsini özündə əks etdirən əlamətdar tarixlər, habelə İDEA ekoloji məktəbinin fəaliyyəti və nailiyyətləri haqqında Azərbaycan və ingilis dillərində informasiya yer alır.

Cəmiyyətdə içməli su və digər təbii sərvətlərin israfının qarşısını almaq məqsədi ilə “Evdə qida israfını azaltmaq üçün ağıllı və asan məsləhətlər” onlayn layihəsi, “Tullantıdan sənətə” əyani və virtual sərgisi İDEA tərəfindən beynəlxalq ictimaiyyətin mənafeyinə xidmət edən mühüm addımlardır.

2023-cü ilin dekabrın 28-də Bakı şəhəri Atatürk parkında IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçirilən ağacların qeydiyyatı və nömrələnməsi layihəsinə start verilib. Leyla Əliyevanın iştirak etdiyi layihənin açılış tədbiri rəqəmsal medianın və “yaşıl” jurnalistikanın maraqlı xəbərlərindəndir.

Qeyd edək ki, instagram sosial şəbəkəsində IDEA İctimai Birliyinin “Azərbaycanın 10 möcüzəsi” xüsusi layihəsi çərçivəsində hazırlanan ekran əsərlərinin təqdimat mərasimlərindən hazırlanan xəbərlər dünyanın müxtəlif ölkələrindən olan oxucuların böyük marağına səbəb olur. Adıçəkilən layihənin yeddinci ekran əsəri olan “Qızılağac Milli Parkı – Xəzər nağılı” sənədli filminin təqdimat mərasimini işıqlandıran xəbər geniş oxucu kütləsinin diqqətini çəkməklə yanaşı, müxtəlif ölkələrdən olan izləyicilərin Qızılağac Milli Parkı barədə məlumatlanmasına zəmin yaradıb.

“Yaşıl dünya naminə Həmrəylik İli” çərçivəsində “IDEA” İctimai Birliyi və Dünya Vəhşi Təbiət Fondunun birgə təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının dəstəyi ilə bu il martın 23-də Bakıda “Yer saatı 2024” (Earth Hour 2024) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib. Aksiya sosial media mənbələrində böyük maraqla qarşılanaraq müxtəlif ölkələrdən olan oxucular tərəfindən şəxsi sosial şəbəkə səhifələrində paylaşılıb.

Diqqət çəkən dəyərli işlərdən biri də İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə reintroduksiyası layihəsidir desək, yanılmarıq. Adıçəkilən layihə çərçivəsində bu ilin 24 may tarixində Şahdağ Milli Parkına buraxılan nəcib maralların ilk balasının dünyaya gəldiyini əks etdirən xəbər milli rəqəmsal “yaşıl” medianın ən maraqlı xəbərlərindən olub.

“Yalnız bir alüminium qabının təkrar emal edilməsinin televizoru üç saat işlətmək üçün kifayət qədər enerji verəcəyini bilirdinizmi?” və bu kimi maraqlı başlıqlar altında məlumatverici xəbərlər ekoloji tarazlığın, bitki və heyvanat aləminin mühafizəsi istiqamətində alimlər tərəfindən aparılan son elmi araşdırmalar haqqında ictimaiyyətə maraqlı və operativ xəbərlərin çatdırılmasına xidmət göstərir. 

Sadaladıqlarımız son 12 il ərzində İDEA İctimai Birliyinin sosial media səhəfilərində işıqlandırılan layihələrin, tədbirlərin, xəbərlərin və s. çox az hissəsidir. Ancaq yuxarıda göstərilən nümunələr bir daha sübut edir ki, Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yaranan İDEA İctimai Birliyi nəinki ekoloji sabitliyin qorunması, qlobal iqlim dəyişikliyi ilə mübarizə, gənc nəslin ekoloji savadlılığının artırılması işlərində qarşısına qoyduğu məqsədlərə yüksək səviyyədə müvəffəq olub, eyni zamanda ölkəmizdə və regionda rəqəmsal “yaşıl” jurnalistikanın, “yaşıl” sosial media fəaliyyətinin yaradılmasına, davamlı inkişaf etdirilməsinə təkan verib.

GÜNEL MƏMMƏDOVA,
Akademik Mustafa Topçubaşov adına
Elmi Cərrahiyyə Mərkəzinin Sənədlərlə iş şöbəsinin müdiri