22 iyul 2024 15:24
352

Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan

Hər bir xalqın tarixində unudulmaz şəxsiyyətlər mövcud olur. Əlbəttə, onlar sayəsində həmin xalq inkişafa doğru gedir. Mən belə hesab edirəm ki, hər kəsə şəxsiyyət demək olmaz. Şəxsiyyət məhz o, insana deyilir ki, xalqın yolunda öz canından belə keçməyə hazır olsun. Öz xalqını dərin bir bataqlıqdan xilas etsin. Belə şəxsiyyətlərdən biri də məhz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevdir.

Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində bu gün müasir Azərbaycan dövləti ayaqdadır və bu gün ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətlərindən hesab olunur. Ulu Öndər hələ 1969-cu ilin iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə seçilən dövrdən başlayaraq Azərbaycanda xeyli işlər görmüşdür. Həmin illərdə Ümummilli Lider ilk dəfə olaraq 1972-ci ildə Nəriman Nərimanovun 100, Aşıq Ələsgərin 150 illik, 1981-ci ildə isə Aşıq Alının yubleyinin qeyd olunması ilə bağlı qərar imzaladı. 1977-ci ildə Nizami Gəncəvi irsinin yenidən öyrənilməsinə qərar verildi. Və həmin ildə də Şuşa tarix-memarlıq qoruğuna çevrildi. 1982-ci ildə Azərbaycanın görkəmli şairi, yazıçısı və dramaturqu Hüseyn Cavidin nəşi Rusiyanın İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi. 1983-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada M.P.Vaqifin məqbərəsinin açılışı oldu. Bu saydıqlarım Ulu Öndərin gördüyü işlərin cüzi bir qismidir. Ulu Öndərin gördüyü işləri saysaq günlər belə yetməz.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrlə ikinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum ya ölüm" dövrü kimi qaldı. Satılmış xəyanətkarlar, hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan dünyanın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə ümidi Heydər Əliyev zəkası idi. Bu dövrdə - 1990-cı il yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi günü!) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. Dahi siyasətçi xalqının ağır günündə, 1990-cı il iyulun 20-də Vətəninə döndü. Lakin Vətəndə - paytaxt Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra — 1990-cı il iyulun 22-də doğma Naxçıvana qayıtmalı oldu. Heydər Əliyev muxtar respublikamızda geniş işlər gördü. Əvvəlcə Muxtar Respublika adından “Sovet” “sosialist” sözləri çıxarılırdı. Sonra isə 9 noyabrda ilk dəfə olaraq üçrəngli bayraqımız Naxçıvanın rəsmi bayraqı kimi təsdiq olundu. Həmin illər demək olar ki, Muxtar Respublikanın ən inkişaf etmiş illəri kimi tarixə düşdü. Bu gün Naxçıvan Azərbaycanın ən inkişaf etmiş bölgələrindəndir. Bunların hamısı bizim Ulu Öndərimiz Heydər Əliyev sayəsindədir. Ölkədə hökm sürən, hərc-mərclik, xaos dövründə xalq çıxış yolunu ancaq Heydər Əliyevdə görürdü və nəticədə xalqın təkidili tələbi ilə 15 iyun 1993-cü ildə Heydər Əliyev Bakıya gəldi və Azərbaycanı xilas etdi.  Bu gün xalqımız və dövlətmiz həmin tarixi Milli Qurtuluş bayramı kimi qeyd edir. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimyyətə qayıtdıqdan sonra 1995-ci ilin noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Heydər Əliyev həmçinin Azərbaycan neftinin dünyaya satılması sahəsində böyük işlər görmüşdür. Belə ki, 1994-cü ilin sentyabrın 20-də dünya neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Neft sənayesində Heydər Əliyev yenidən islahatlar keçirdi və 1999-cu ilin noyabrın 18-də İstanbulda Xəzər dənizində çıxarılacaq xam neftin Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəməri vastəsi ilə nəql edilməsi haqqında saziş imzalandı. Ulu Öndər Heydər Əliyev həmçinin dünyanın beynalxalq və regional təşkilatlar ilə əməkdaşlığa böyük önəm verirdi. Belə ki, Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil oldu. 1997-ci ildə Azərbaycan, Gürcüstan, Ukranya və Moldova respublikalarının başçıları GUAM təşkilatı yaratdı. 1994-cü ilin sentyabrın 29-da Heydər Əliyev Nyu-Yorkda BMT Baş məclisinin 49-cu sessiyasında və 2000-ci ildə minilliyin son sammitində çıxış etdi. 2001-ci ilin yanvarında Azərbaycan Avropa Şurasına üzv qəbul olundu və qurumun tamhüquqlu üzvü çevrildi.

Son 20 ildən artıq dövrdə bu siyasət Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ancaq inkişaf yolu ilə irəliləyir. Tarixi Zəfərimiz bu siyasətin zirvəsidir.  30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tərəfindən 44 gün ərzində işğaldan azad edildi.

Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!

Əmir İmanov,
Naxçıvan şəhər 4№li tam orta məktəbin XI sinif şagirdi,
“Şagirdlə efir vaxtı” proqramının aparıcısı