22 iyul 2024 10:29
221

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaşdır

2024-cü il iyul ayının 18-də İngiltərənin Oksford şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün cənab Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerdən dəvət alması Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi önəmin və dövlət başçımızın yüksək şəxsi nüfuzunun daha bir göstəricisidir. Azərbaycan Prezidenti təkcə regional məsələlərdə deyil, qlobal proseslər zamanı da qətiyyətli və ədalətli mövqe nümayiş etdirir.

Zirvə toplantısı çərçivəsində keçirilmiş “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edən dövlət başçımız öz çıxışında bir daha Cənub Qaz Dəhlizinin əhəmiyyətini diqqət mərkəzinə çəkərək bildirdi ki, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemindən ibarət olan bu layihə 2020-ci il dekabrın 31-də istismara verilib.

Bu gün Avropanın özündə Cənub Qaz Dəhlizinə çox sayda yeni marşrutların, interkonnektorların əlavə edilməsi layihənin əhəmiyyətini bir daha vurğulayır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Bu hədəfə çatmaq üçün ölkəmiz bütün lazım olan resurs və infrastuktura sahibdir.

Bu gün Azərbaycandan təbii qaz alan ölkələr arasında beş Avropa İttifaqı üzvü və iki üzvlüyə namizəd ölkə vardır. Beləliklə, Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq və ölkəmiz bu imkanlardan maksimum yararlanmaq niyyətindədir.

Son 20 il ərzində ölkəmiz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşu ölkələrlə birlikdə bu layihəni reallaşdırıb. Hazırda Aralıq dənizində Türkiyənin Ceyhan limanından Azərbaycan nefti müxtəlif təyinat nöqtələrinə, o cümlədən bu məhsuldan əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edilir.

Ölkəmiz enerji sahəsi ilə yanaşı, nəqliyyat–kommunikasiya sahəsində də böyük imkanlara malikdir, bu istiqamətdə böyük işlərə rəhbərlik edir. Bu gün dünyada gedən müharibələr, siyasi və hərbi münaqişələr səbəbindən Şərq–Qərb ticarət yolları bağlanmaq üzrədir. Lakin Azərbaycan dünyaya iki qitəni birləşdirəcək təhlükəsiz, qısa, şaxələnmiş Orta Dəhliz marşrutunu təklif edir. Prezident İlham Əliyevin siyasəti beynəlxalq enerji və ticarət yollarının keçdiyi ərazilərdə sabitliyin qorunmasına, regionun başqa qüvvələrin münaqişə mərkəzinə çevrilməməsinə yönəlib.

“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında aparılan müzakirələr və gəlinən qənaət regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə böyük töhfə olacaq.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı