08 dekabr 2017 23:47
1000

Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq

Böyük və kiçikliyindən asılı olmayaraq dövlətin varlığı, müstəqilliyinin əbədiliyi, dünya birliyində qazandığı nüfuz xarici siyasətində və diplomatiyada əldə etdiyi uğurla dəyərləndirilir. Müstəqilliyi qorumağın onu qazanmaqdan daha çətin olduğunu söyləməklə bu tarixi nailiyyəti fədakarlığı, müdrikliyi, uzaqgörən siyasəti ilə əbədiləşdirən ulu öndər Heydər Əliyev bildirib ki, əgər hər hansı xalq öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət də ən böyük məmləkət qədər güclü olur. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi adlandırılırsa, beynəlxalq münasibətlər sistemində öz mövqeyini getdikcə möhkəmləndirib, sivilizasiyalararası dialoq məkanı kimi tanınırsa, bu uğurlara davam etdirilən düzgün xarici siyasət nəticəsində nail olunmuşdur.

“Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur” söyləməklə ötən illərdə qazanılan nailiyyətləri dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, xalqımızın milli mənafeyini və dövlət maraqlarını əks etdirən bu siyasət ölkə vətəndaşlarının dəstəklədiyi yeganə düzgün yoldur. Xarici siyasətdə qazanılan uğurun başlıca amili isə qonşu, region və bütünlükdə dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlıqda etibar qazanmaq, münasibətlər sistemində vədinə sadiq dövlət kimi mövqeyini möhkəmləndirməkdir. “Biz qonşu ölkələrimizlə qarşılıqlı hörmət və inam əsasında çox gözəl və işgüzar münasibətlər qura bilmişik” söyləyən Prezident İlham Əliyevin sözlərini təsdiqləyən son aylardakı tarixi hadisələrə nəzər salaq.

Siyasi iradə və qətiyyətin məntiqi nəticəsi olan, Azərbaycan-Türkiyə-Gürcüstanın birgə fədakarlığı ilə reallaşan, ölkəmizi Avrasiya qitəsinin möhtəşəm nəqliyyat mərkəzinə çevirən, Avropa ölkələrinin enerjiyə ehtiyacını ödəyən qlobal layihələri ilə diqqət çəkən, Dəmir İpək Yolu adlandırılan Bakı-Tbilisi-Qars layihəsinin reallaşması ilə bir daha maraq mərkəzinə çevrilən Azərbaycan nəqliyyat və enerji sahəsində tranzit ölkə statusunu daha da möhkəmləndirdi.

İlk baxışda iqtisadi, bizneslə bağlı məsələ təsəvvürü yaradan dəmiryolu əslində Azərbaycanın xarici siyasətinin əsas prioriteti kimi daim diqqətdə saxlanılır. Avropanı Asiya ilə birləşdirən, keçdiyi ərazilərdə yerləşən ölkələrin milli maraq və dövlətçilik mənafeyinə xidmət edən, iqtisadiyyatını yüksəldəcək bu dəmiryolu, eyni zamanda, xalqlararası əməkdaşlığın, qarşılıqlı hörmətin simvoludur.

Artıq Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu “xəritədə yerləşən ölkələr” arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi turizmin inkişafını sürətləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və tərəfdaş ölkələr üçün əlavə imkanlar yaradacaq.

Xarici siyasətinin əsasını bərabərhüquqlu, qarşılıqlı, davamlı əməkdaşlıq təşkil edən, geosiyasi əhəmiyyəti ilə maraq doğuran ölkəmiz təmsil olunduğu beynəlxalq təşkilatlarda da etibarlı tərəfdaş kimi etimad qazanıb. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, AŞ, NATO ilə qarşılıqlı hörmət və əməkdaşlıq əsasında münasibətlərini beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında inkişaf etdirən ölkəmizin dünya hadisələrinə təsir imkanlarının artması da əlaqələrin möhkəm təmələ əsaslandığını göstərir.

Prezident İlham Əliyevin bu günlərdə Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirdiyi görüşlər, Şimal Alyansla 23 illik əməkdaşlığın uğurları, NATO-nun Şimali Atlantika Şurasındakı çıxışı, regionda sabitlik üçün ən böyük təhlükə olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məntiqli açıqlamaları, sülhün, sabitliyin, təhlükəsizliyin təminatı üçün qurumla əməkdaşlığın səmərəsi barədə söylədikləri lider qətiyyətinin ifadəsi kimi diqqəti cəlb etdi.

Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində təşkilatla Azərbaycanın qarşılıqlı əməkdaşlığından söz açan Prezident İlham Əliyev bildirdi ki, isti münasibətlər qazanılan uğurlu, qarşılıqlı, iki və çoxtərəfli əməkdaşlığa töhfədir. Ərazi münaqişələri olan ölkələrlə, MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılması üçün səylərini artıran Şərq Tərəfdaşlığı Azərbaycan da daxil olmaqla Aİ-nın altı ölkəsini əhatə edir. Ölkəmizin xarici siyasətində Aİ-Azərbaycan tərəfdaşlığı xüsusi önəmi ilə diqqəti cəlb edir. 2020-ci ilədək əldə olunacaq 20 əsas məsələyə diqqəti artıran Aİ ölkəmizlə ikitərəfli əməkdaşlığı yüksək dəyərləndirir.

Sammitdə qəbul olunan Birgə Bəyannamədə Ermənistanın və erməni lobbisinin beynəlxalq hüquq normalarına zidd təkliflərinin yer almaması Azərbaycan diplomatiyasının uğurlarından oldu. İmzalanan Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə bağlı mövqeyi bu ifadələrlə bir daha təsdiqləndi: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir.” Bəzi bölgələrdə mövcud olan ərazi münaqişələrinin həlli istiqmətində səylərini artıran Şərq Tərəfdaşlığı problemlərin beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədi. Aİ-nın Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad olunan Birgə Bəyannamədə bu maddənin yer alması, işğalçı, separatçı Ermənistanın heç bir əsası olmayan “millətlərin öz müqəddəratını təyinetmə hüququ” kimi cəfəng iddialarını boşa çıxardı. Sənəddə qeyd olunduğu kimi, münaqişələrin həlli, qarşılıqlı etimadın təminatı, qonşuluq münasibətlərinin əməkdaşlıq prinsipləri çərçivəsində davamı separatizmdən əziyyət çəkən dövlətlərin iqtisadi, sosial inkişafının da təməl prinsipləri kimi vacib və önəmlidir. “XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır” söyləyən Prezident İlham Əliyev hərbi cinayətkar Ermənistana təzyiqlərin artırılmasını da tələb edir.

Bəllidir ki, xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu sahədə də Azərbaycanın siyasi üstünlüyü diqqəti cəlb edir. Beləki qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə “Dağlıq Qarabağ Respublikası”nda keçirilən qanunsuz referendum dünya birliyi tərəfindən tanınmadı. Minsk qrupuna daxil olan həmsədr ölkələr “referendumun” heç bir əsasının olmadığını bəyanatları ilə bildirdilər. Avropa İttifaqı, İran, Gürcüstan “referendumu” tanımadıqlarını rəsmi olaraq bəyan etdilər. Başqa ölkələr də oxşar bəyanatları ilə separatizmə “yox” dedilər. Yəni Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənir. Azərbaycanın xarici siyasətini dəstəkləyən bu cür addımlar eyni zamanda Ermənistanın biabırçılığı idi.

Münaqişə ilə bağlı danışıqların davam etdirilməsində maraqlı olan Azərbaycan yalnız mənalı, konkret danışıqların tərəfdarıdır.

Danışıqları hər vasitə ilə pozmağa çalışan Ermənistan isə qeyri-konstruktiv hərəkətləri, bəhanələri ilə buna mane olur. Masa arxasında oturmaq ərəfəsində və yaxud danışıqlardan sonra törətdiyi təxribatlarla əsas mətləbdən yayınır.

Ermənistan parlamentində törədilən terror, 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistanın növbəti təxribata əl atması, Ağdam rayonunda hərbi təlimlər təşkil etməsi, 2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitindən sonra törədilən aprel təxribatları... O hadisələrdə Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarımızda dalğalandı.

Azərbaycanın dünya miqyasında böyük rəğbətə malik olan bir ölkə kimi nüfuzu möhkəmlənir. İkitərəfli əlaqələr inkişaf edir, dostlarının sayı artır. Üzv olduğu bütün təşkilatlarda müzakirə olunan məsələlərə təsir imkanları genişlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda dəyişməz olan prinsipial mövqeyimiz daha çox beynəlxalq dəstək qazanır.

Xuraman İsmayılqızı, “İki sahil”