22 iyul 2024 10:16
209

Dövlət mətbuat orqanlarının inkişafında maraqlıdır

149 il öncə , Həsən bəy Zərdabi Azərbaycan millətini oyatmaq və maarifləndirmək üçün doğma ana dilində qəzet çap etmək qərarına gəlir. 7 il bunun üçün mübarizədən sonra, 1875-ci il 22 iyul tarixdə “Əkinçi” qəzetinin ilk tirajı çap olunur və bununla Azərbaycan milli mətbuatının əsası qoyulur. Qəzet bir neçə bölmədən ibarət idi: “Daxiliyyə”, “Əkin və zirayət xəbərləri”, “Elm xəbərləri”, “Təzə xəbərlər”. Qəzet sadə dildə yazılırdı, çünki adından da aydındır ki, əsasən kəndlilər və orta təbəqə əhali üçün yaranmışdı və qeyd etmək lazımdır ki, pulsuz paylanılırdı. Burada XlX əsrin ikinci yarısının görkəmli ziyalıları öz məqalələrini çap etdirirdilər. Ədəbiyyat, incəsənət və xalqın ənənələrindən M.F.Axundzadə öz imzası ilə qəzetdə məqalərini çap etdirirdi. Moskvada təhsil alan Nəcəb bəy Vəzirov və Əsgər ağa Adıgözəlov “Əkinçi” qəzetinin fəaliyyətə başlaması xəbərini böyük sevinc hissi ilə qarşılamışdılar. Ə.Adıgözəlov mətbəə xərclərinin müəyyən hissəsini öz öhdəsinə götürmüş və rus dilində nəşr olunan mətbuat orqanlarından vacib xəbərləri tərcümə edib “Əkinçi”yə göndərirdi. “Əkinçi” qəzeti həftədə iki dəfə az tirajla çap olunurdu. Azərbaycandan başqa “Əkinçi” Gürcüstanda, Dağıstanda, Özbəkistanda da yayılmağa başladı. Əsas mövzular çarizmə və köləliyə qarşı, haqsızlıqlara və milli oyanışa həsr olunurdu. Qəzetin mütərəqqi ideyaları Çar hakimiyyətini narahat edirdi.

1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsinin başlanması ərəfəsində “Əkinçi”nin vəziyyəti daha da ağırlaşdı. Çar hökuməti qəzetin “türk-tatar” dilində çap olunması və azərbaycanlıların Türkiyə tərəfinə keçməsindən ehtiyat edirdi. Buna görə də 1877-ci ilin sentyabrında qəzetin nəşrini dayandırmaq haqqında hökumət sərəncam verdi.Bununla da 56 sayı tirajdan çıxa bilmişdi. Əkinçi” özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları “Ziya” (“Ziyayi-Qafqaziyyə”), “Kəşkül” kimi nəşrləri “Əkinçi” ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. 1903-cü ildə “Şərqi-rus”un fəaliyyətə başlaması, demokratik dünyagörüşlü qələm sahiblərini, xüsusilə C.Məmmədquluzadəni, F.Nemanzadəni, M.Ə.Sabiri, A.Səhhəti, F.Köçərlini ətrafına cəm etməklə dövrün yeni publisistika nəslini yetişdirdi, “Molla Nəsrəddin”in intişarına müəyyən hazırlıq işləri gördü.1918-ci ildə Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Öz müstəqilliyini, siyasətini, azadlığını, hüquqlarını, iqtisadiyyatını, ictimai-siyasi proseslərə münasibətini nümayiş etdirmək üçün AXC dövründə mətbuat yenidən dirçəldi. Üzeyir Hacıbəyovun redaktorluğu ilə “Azərbaycan” qəzeti işıq üzü gördü. XlX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində mətbuat orqanlarında qadın hüquqlarından da bəhs edilirdi.

Ümummilli Lider Heydər Əliyev KİV-in inkişafına daim diqqət yetirirdi.1998-ci ilin avqustunda Ulu Öndər Heydər Əliyev KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimində “İstər iqtidar mətbuatı olsun, istər müxalifət mətbuatı olsun, istərsə də müstəqil mətbuat olsun- bu, mətbuatımızdır” fikri ilə dövlətin mətbuat orqanlarına dəyər verdiyini vurğuladı.

Nərmin Səmədova,
Xətai rayonu, Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü