21 iyul 2024 10:20
311

Azərbaycanda Enerji Təchizatı və Avropa İlə Əlaqələr: Strateji Tərəfdaşlıq və İrəliləyiş

Son illərdə Azərbaycan Respublikası düzgün qurulmuş xarici siyasəti sayəsində böyük uğurlara imza atmış, müxtəlif qlobal, ümumbəşəri, regional tədbirlərə ev sahibliyi etmiş, strateji əhəmiyyəti olan layihələrin həyata  keçirilməsində xüsusi fəallığı ilə fərqlənmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 iyul tarixində Oksfordda keçirilən “Avropa Siyasi Birliyinin” 4-cü Zirvə toplantısında iştirak etmişdir. Xatırladaq ki, əsas məqsədi Avropa qitəsinin təhlükəsizliyinin, sabitliyinin və rifahının möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirmək olan "Avropa Siyasi Birliyi"nin bu günə qədər  üç iclası keçirilmişdir. Dövlət başçısı 2022- ci ilin oktyabrında Praqada  44 ölkənin  iştirakı ilə baş tutan birliyin ilk samittində də iştirak etmişdir. Azərbaycanın bu cür dünya səviyyəsində böyük əhəmiyyət kəsb edən tədbirlərə dəvət edilməsi, dövlətimizin 44 günlük müharibədəki Zəfərindən sonra nüfuzunun nə dərəcədə artığını, etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha sübut edir.

Prezident İlham Əliyev “ Avropa Siyasi Birliyinin” 4 – cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada çıxış etmişdir. Cənab Prezident çıxışına Azərbaycanın beynəlxalq arenada enerji siyasətini və onun strateji əhəmiyyətini bir daha vurğulayaraq başlamışdır. Belə ki, enerji sahəsində Bakı ilə Avropa arasında mövcud strateji tərəfdaşlıq çərçivəsində, 2027-ci ilin sonuna qədər qaz təchizatının ikiqat artırılması nəzərdə tutulur. Şübhəsiz ki, bu artım Avropanın enerji tələbatının qarşılanmasında Azərbaycanın rolunu daha da artıracaq.
Cənab Prezident çıxışında son illər ərzində Avropa qitəsinə Azərbaycan qazının təchizatının artmasına diqqət çəkmişdir.  2021-ci ildə Avropa qitəsinə qaz təchizatımız ildə 8 milyard kubmetr idisə, bu il bu rəqəm 13 milyard kubmetr olacaq. Bu artım, Avropanın enerji təminatında Azərbaycanın əhəmiyyətini bir daha göstərir. Azərbaycanın qaz ixracatında Avropanın əsas istiqamət olduğunun göstəricilərindən biri isə 2021 – ci ildə 18 milyard kubmetr olan ümumi ixracın bu il 25 milyard kubmetrə yaxınlaşmasıdı

Hazırda Azərbaycanın qazını səkkiz Avropa ölkəsi alır. Bunlardan beşi  Avropa  İttifaqının üzvü olan Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan, Rumıniya və üçü bu İttifaqın üzvü olmağa hazırlaşan Serbiya, Gürcüstan və Türkiyədir. Yaxın gələcəkdə bu siyahıya yeni ölkələrin də daxil olması gözlənilir. 

Cənab Prezident çıxışında Azərbaycanın yeni tərəfdaşlarından da bəhs etmişdir. Belə ki, Sloveniya və Azərbaycan arasında əməkdaşlıq istiqamətində mühüm addımlar atılmaqdadır. Bu əməkdaşlıq həmçinin qaz təchizatının artırılması sferasını da əhatə edir.  Sloveniya ilə yanaşı, Slovakiya da potensial yeni tərəfdaşlar arasında yer alır. Bu, Azərbaycanın enerji sahəsində yeni bazarlara çıxmaq və mövcud bazarlarda payını artırmaq istəyi ilə əlaqədardır.
     Avropada interkonnektor layihələrinin icrası ilə əlaqədar olaraq Azərbaycan qazının Avropa ölkələrinə ixracı üçün əlavə imkanlar yaranacaq. Bu interkonnektorlar, Avropa enerji bazarlarında şəbəkələrin birləşdirilməsi və qazın daha uzaq məsafələrə çatdırılması üçün vacibdir. Bu layihələr həmçinin Avropa ölkələrinin enerji təhlükəsizliyini artırmaq və enerji mənbələrini diversifikasiya etmək baxımından da mühüm rol oynayacaq. Bu kimi  yeni əməkdaşlıq və layihələr Azərbaycanın Avropa bazarlarında mövqeyini gücləndirəcək və ölkənin qaz ixracında yeni imkanlar açacaq. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması, Avropa üçün də strateji əhəmiyyət kəsb edir və qitənin enerji tədarükçüsü kimi Azərbaycanın rolunu artırır. 
    
 Prezident İlham Əliyev, Azərbaycanın enerji üzrə etibarlı tərəfdaş kimi çıxış etdiyini və Avropa Komissiyası tərəfindən dəstəkləndiyini qeyd etmişdir. Bununla da , Azərbaycanın enerji sahəsindəki mühüm rolu bir daha təsdiqlənir  və ölkəmizin beynəlxalq arenada mövqeyi güclənir.
 Azərbaycanın yalnız  Avropaya olan qaz təchizatının 2027-ci ilə qədər ildə 20 milyard kubmetr təşkil etməsi nəzərdə tutulur. Prezident İlham Əliyev, bu məqsədə çatmaq üçün Azərbaycanda bütün lazımi resursların olduğunu və infrastrukturun inkişaf etdirdiyini bildirmişdir. Bu da, ölkəmizin enerji strategiyasının mühüm bir hissəsidir, uzunmüddətli və sabit əməkdaşlıq üçün zəmin yaradır. Belə ki, Azərbaycan İtaliya ilə əməkdaşlıq etməkdədir, hazırda  İtaliyaya olan 9 milyard kubmetr qaz təchizatının , gələcəkdə  20 milyarda çatdırılması planlaşdırılır. Yaxın gələcək hədəflərimizdən biri də, yeni tərəfdaşlarımız Sloveniya və Slovakiya ilə danışıqlar prosesinin sürətləndirilməsidir.
Ölkəmizin enerji sektorundakı uğurunun  bariz nümunələrindən biri də, son 20 il ərzində Azərbaycan tarixində ilk dəfə olaraq  Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən boru kəməri layihələri ilə enerji sahəsində mühüm irəliləyişlərə imza atması və qonşu dövlətlərlə birlikdə onun istismara verməsidir. 
Prezident İlham Əliyev, Azərbaycanın neftinin Aralıq dənizində Türkiyənin Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə nəql olunduğunu və bu nöqtələrin çox həssas olduğunu qeyd etmişdir. Bu məntəqələrin təhlükəsiz və etibarlı şəkildə təmin edilməsi enerji strategiyamızın mühüm bir hissəsidir. Prezident İlham Əliyev, bəzi ölkələrdə Azərbaycanın xam neftinin istehlakının onların tələbatının 50%-dən çoxunu təşkil etdiyini vurğulamışdır. Bu, Azərbaycanın beynəlxalq enerji bazarında nə qədər əhəmiyyətli bir oyunçu olduğunu göstərir və ölkəmizin strateji mövqeyini gücləndirir.

Son üç il ərzində Azərbaycan mühüm qaz təchizatçısına çevrilmişdir. Prezident İlham Əliyev, Cənub Qaz Dəhlizinin 2020-ci ilin dekabrında istismara verildiyini və bu dəhliz vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çıxarıldığını qeyd etmişdir. Bununla da , ölkəmizin enerji bazarında etibarlı bir təchizatçı kimi yeri möhkəmlənmişdir. Azərbaycanın təbii qazının Avropa bazarlarına çatdırılması üçün qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik boru kəməri sistemindən istifadə olunur. Prezident İlham Əliyev, Cənub Qaz Dəhlizinin istifadəyə verilməsindən sonra Azərbaycanın dərhal Avropaya qaz təchizatına başladığını xatırlatmışdır.

Prezident İlham Əliyevin Oksfordda keçirilən Zirvə toplantısında etdiyi çıxış, Azərbaycanın enerji strategiyasını və gələcək hədəflərini əks etdirməklə yanaşı,  dövlətimizin yalnız mövcud tələbatı qarşılamaqla məhdudlaşmadığını,  eyni zamanda yeni bazarlara çıxmaq və mövcud bazarlarda payını artırmaq məqsədinin də olduğunu xatırladır. Sözsüz ki, bu istiqamətdə atılan addımlar, yeni tərəfdaşlarla əməkdaşlıq və mövcud infrastrukturun inkişafı Azərbaycanın enerji sektorunda parlaq bir gələcək qurmasına zəmin yaradacaqdır. Eyni zamanda bu tədbirlər ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi nüfuzunun artmasına xidmət edəcəkdir.
                                                                   
Ziyafət Əsgərov
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri