22 iyul 2024 02:30
314

Ölkəmizdə azad və müstəqil mətbuat orqanları fəaliyyət göstərir

22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr edilməyə başlayan "Əkinçi" qazeti Azərbaycanın milli mətbuatının təməl daşı sayılır. Görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdur. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirmiş və bu müddət ərzində “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib və qəzetin 56 nömrəsi işıq üzü görüb.
Qəzetin dili o dövrdə xalqın danışdığı Azərbaycan türkcəsi idi və bu, ilk dəfə olaraq yerli əhalinin öz ana dilində kənd təsərrüfatı, təhsil, tibb, ailə həyatı və mədəniyyət məsələləri barədə məlumat əldə etməsinə imkan yaradırdı. Qəzet həm də ölkə daxilində və xaricdə baş verən hadisələr barədə oxucuları həm yerli, həm də beynəlxalq xəbərlərdən xəbərdar edirdi. Bununla da xalqın maariflənməsində mühüm rol oynayıb,milli şüurun inkişafına təkan verirdi.
"Əkinçi" qəzeti Azərbaycan mətbuatının əsasını qoymuş və milli mədəniyyətin inkişafında mühüm rol oynamışdır. "Əkinçi"nin yaratdığı ənənələr sonrakı dövrlərdə də davam etdirilmiş və bu gün də Azərbaycan mətbuatının inkişafında dərin izləri mövcuddur. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynayıb.

“Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirirdi. XX əsrin əvvəllərində milli mətbuatımız azadlıq və müstəqillik uğrunda mübarizənin əsas tribunasına çevrilmişdi. Bu dövrdə nəşr olunan “Molla Nəsrəddin” jurnalı, “Kaspi” və “İrşad” qəzetləri xalqın milli şüurunu oyatmaq, sosial ədalətsizlikləri tənqid etmək və azadlıq ideyalarını yaymaq məqsədi ilə çıxış edirdilər. "Molla Nəsrəddin" jurnalı, Azərbaycan milli mətbuatının ən parlaq nümunələrindən biri olmuş və satirik üslubu ilə seçilmiş və cəmiyyətin müxtəlif problemlərini, sosial ədalətsizlikləri və mühafizəkar düşüncə tərzini tənqid etmişdir. Bu nəşrlər, xalqın milli kimliyini dərk etməsi və azadlıq uğrunda mübarizəyə qoşulması üçün mühüm rol oynayırdı.

Sovet dövründə milli mətbuatımız müəyyən məhdudiyyətlərlə üzləşmiş olsa da, bu dövrdə də milli kimliyin qorunması və azadlıq arzularının yaşadılması üçün fəaliyyət göstərmişdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatımız yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Müstəqillik dövründə azad və müstəqil mətbuat orqanları yaranmış, xalqın azadlıq, demokratiya və insan hüquqları uğrunda mübarizəsinə dəstək vermişdir. 

Bu gün müstəqillik yolunda  inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırır.

Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Səlbi Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı