20 iyul 2024 02:27
309

Bakının antineokolonializm mübarizəsi müstəmləkə ölkələr üçün azadlıq yoluna çevrilməkdədir

Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkənin xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib

Sirr deyil ki, neokolonializmin ən bariz nümunəsi Fransanın timsalında təzahür edir. Bu ölkədə insan hüquq və azadlıqlarına münasibət birmənalı şəkildə fərqli standartlara əsaslanır. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu dövlət istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə almağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.

Azərbaycan isə neokolonializm siyasəti ilə üz-üzə qalmış toplumlara, xalqlara və dövlətlərə öz yardım əlini uzadır. Buna ən real misal ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrliyi dönəmindən əsası qoyulmuş neokolonializmə qarşı aktiv mübarizə faktıdır. Bölgədə və dünyada söz sahibi olduğunu əməldə sübuta yetirmiş Azərbaycan həm də müasir anti-imperialist, anti-neokolonialist hərəkatın mərkəzi rolunu oynamağa haqq edir.

Dövlətimiz tərəfindən başladılan antineokolonializm mübarizəsi, Bakı Təşəbbüs Qrupunun aktiv fəaliyyəti bu müstəmləkə ölkələr  üçün azadlıq yoluna çevrilməkdədir. Xatırladaq ki, 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Fransanın istismar etdiyi müstəmləkələrin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq üçün Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlmiş və yekun bəyannamə qəbul edilmişdi.

Ötən il sentyabrın 22-də Nyu-York şəhərində yerləşən BMT-nin mənzil-qərargahında "Dekolonizasiya: Sakit İnqilab" adlı konfrans, ardınca oktyabrın əvvəllərində BMT Baş Assambleyasının Siyasi və dekolonizasiya məsələləri üzrə 4-cü komitəsində Bakı Təşəbbüs Qrupunun məruzəsinin dinlənilməsi və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması baxımdan önəmli hadisələr oldu. Həmin ilin oktyabrında isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin iştirakı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycan  bu gün də Fransanın müstəmləkəçilik siyasətini bütün platformalarda ifşa etməyə davam edir.

Belə ki, Bakıda, iyulun 17-18 tarixində, Fransanın Afrikada və dənizaşırı ərazilərdə həyata keçirdiyi kolonializm siyasətinə qarşı mübarizə mövzusunda daha bir beynəlxalq tədbir baş tutub. Söhbət  Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən birinci qurultaydan gedir. Qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur.

Bakının ev sahibliyi etdiyi tədbirdə Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin genişləndirilməsinin zəruriliyinə qətiyyətli çağırışlar edilib.

Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Qurultayda çıxışı zamanı deyib ki, Azərbaycan hökumətinə və bizim burada olmağımıza şərait yaradan bütün insanlara təşəkkür edirik: “Fransanın koloniyaları ilə bağlı bu qurultayda biz çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq. Biz plaftormalarımızı möhkəmləndirməliyik, müzakirələr aparmalıyıq. Siyasi fəaliyyətimizi elə qurmalıyıq ki, çağırışlara cavab tapa bilək. Bakı Təşəbbüs Qrupu bizə imkan yaradıb, bunu dəyərləndirməliyik. Bir araya gələrək müxtəlif gələcək platformalar barədə düşünməliyik. Yeni dünya düzənində öz yerimizi tapmalıyıq”.

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep isə BMT-nın çətiri altında Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə ilk dəfə Bakıda belə bir tədbir keçirilməsinə şərait yaradıldığını minnətdarlıq hissi ilə qeyd edib. O, bu qurultayın tarixi xarakter daşıdığını bildirib: “Biz kolonializmə qarşı birlikdə mübarizə apara bilərik. Bizim məqsədimiz dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməkdir. Biz əlimizdən gələni edəcəyik ki, həmrəyliyimizi möhkəmləndirək, dünyada daha çox görünə bilək. Fransa koloniyalarına qarşı cinayətlər törədən dövlətdir. Məqsədimiz dünyanı Fransaya təsir göstərmək üçün səfərbər etməkdir”.

Qurultaydakı çıxışında Yeni Kaledoniyanın parlament üzvü Maria Saliqa da Fransanın müstəmləkəçilik siyasətinə kəskin etirazlarını bildirib. Onun sözlərinə görə, Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir və beynəlxalq səviyyədə müzakirə olunmalıdır. Makron Fransası bütün demokratiya qaydalarına üz çevirib. Maria Saliqa qeyd edib ki, Fransız Polineziyasında bu ölkənin atom, nüvə testlərini xatırlayırıq. Həmin ərazilərdəki xalqlar bundan uzun müddət əziyyət çəkdilər.

“Fransa terrorçu dövlətdir. Azad etmək istəmədiyi ərazilərdə hökmranlığını sürdürür”, - deyə Yeni Kaledoniyadan olan parlamentari vurğulayıb.

Yeri gəlmişkən, Bakının ev sahibliyi etdiyi qurultayda Yeni Kaledoniyada kanak xalqının Yelisey Sarayının bədnam konstitusiya “islahatları”na qarşı başladığı mübarizəyə yenidən diqqət çəkilib. Qurultayda açılış nitqi ilə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs olunublar. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qalıblar. Onlar arasında azyaşlı uşaqları olan qadınlar da var. Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan edir.

Bütün bu kimi faktlar Fransanın müstəmləkə ərazilərinin təmsilçilərinin birinci qurultayın keçirilməsi üçün niyə məhz Bakını seçdiklərinin səbəblərinə aydınlıq gətirir. Bu Qurultayın Bakıda keçirilməsi daha bir neçə mühüm səbəblə izah edilə bilər. Əvvəla ona görə ki, Azərbaycan tarixi boyunca müxtəlif mədəniyyət və dinlərin beşiyi olmuş bir ölkədir. Bu, müxtəlif mədəniyyətləri və xalqları qəbul etmək və onlarla əməkdaşlıq etmək üçün əlverişli bir mühit yaradır.

Həmçinin Azərbaycan müstəqillik mübarizəsində və ərazi bütövlüyü məsələlərində öz təcrübəsinə malikdir. Bu səbəbdən, digər xalqların müstəqillik uğrunda mübarizələrinə dəstək vermək və onlarla həmrəy olmaq ölkənin xarici siyasətində önəmli yer tutur.

Digər bir səbəb geostrateji mövqedir. Azərbaycan strateji olaraq Avropa və Asiyanın kəsişməsində yerləşir və bu, müxtəlif regionlardan gələn nümayəndələr üçün əlçatan bir mərkəz rolunu oynayır. Bakının beynəlxalq tədbirlər üçün əlverişli bir məkan olması da bu qərarın verilməsində mühüm rol oynaya bilər.

Beynəlxalq əlaqələr və diplomatiya baxımından yanaşıldıqda görünür ki, Azərbaycan son illərdə beynəlxalq arenada fəal rol oynayır və müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu qurultayın Bakıda keçirilməsi, Azərbaycanın beynəlxalq ictimaiyyətlə olan əlaqələrini də gücləndirir. Loqistika və təhlükəsizlik baxımından, Bakı, müasir infrastruktura və təhlükəsizlik standartlarına malik olan bir şəhərdir. Bu, böyük miqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradır.

Nəticə etibarilə, Qurultayın Bakıda keçirilməsi, həm Azərbaycan üçün, həm də Fransa müstəmləkəçiliyindən əziyyət çəkən adalar üçün bir çox üstünlüklər təqdim edir. Bu tədbir, Azərbaycanın beynəlxalq səviyyədə rolunu gücləndirir və müstəqillik uğrunda mübarizə aparan xalqlara dəstəyini nümayiş etdirir. Eyni zamanda, bu adaların müstəqillik hərəkatlarına daha geniş miqyasda dəstək cəlb etmək və onların mübarizəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün bir platforma yaradır.

Nigar Orucova, “İki sahil”