19 iyul 2024 00:54
277

ANAMA “Böyük Qayıdış” yolunda əlindən gələni əsirgəmir

2026-cı ilə qədər 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq

Bildiyimiz kimi, iyulun 18-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) təsis edilməsinin 26-cı ildönümü tamam olur. İşini fədakarcasına və qürurla görən ANAMA “Böyük Qayıdış” yolunda əlindən gələni əsirgəmir. Bu, qurumun hər həftə və hər ay yayımladığı rəsmi statistikada öz əksini tapır. Belə ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 278, tank əleyhinə 271 mina və 1695 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. İyun ayı ərzində ümumilikdə 5675,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Həmçinin minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən azad olunan ərazilərdə iyulun 8-14-də 68 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 397 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bir həftə ərzində 1284,4 hektar ərazi minalardan təmizlənib.

Hazırda azad edilmiş torpaqların minalardan təmizlənməsi prosesi sürətlə davam edir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin 2026-cı ilə qədər davam etdirilməsi planlaşdırılır. Həmin ilin sonuna qədər  280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Ötən il dövlət büdcəsindən ərazilərin minalardan təmizlənməsinə 110,2 milyon manat yönəldilib. Bu rəqəm “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb. Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, işğaldan azad olunmuş ərazilərdə 300-dən yuxarı yeraltı su kəhrizləri mina və hərbi sursatlarla çirkləndirilib. Bu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi tərəfindən hazırlanan "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"da  öz əksini tapıb. Həmçinin azad edilmiş ərazilərdəki Köndələnçay, Tərtər, Qoşqar, Xaçın, Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb.

Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. Bunun bir səbəbi də rəsmi İrəvanın daim bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləməsidir. Bu günə kimi Azərbaycana təqdim edilən mina xəritələrinin cəmi 25 faizinin doğru olması bunu deməyə əsas verir.

Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.

Ölkəmiz tərəfindən mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün işlər davam edir. BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Yüksək Səviyyəli Siyasi Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kəsi kənarda qoymamaq naminə mina və partlamamış hərbi sursat fəaliyyətləri” adlı paralel tədbirin keçirilməsi də buna sübutdur. Tədbir Azərbaycanın İqtisadiyyat Nazirliyi, Laos Xarici İşlər Nazirliyi, BMT İnkişaf Proqramı və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın (UNESCAP) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın adınının dünyanın 5 ən çox minalanmış ölkələri siyahısına daxil edildiyini vurğulayıb. Bu minalar Azərbaycanda insan təhlükəsizliyi üçün böyük təhdid təşkil etməyə davam edir. Təxminən 3400 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan təxminən 600-ü ölümlə nəticələnib. Mina partlayışına görə həyatını itirənlərdən 358-i uşaq, 30-u qadındır. Ərazilərin minalarla çirklənməsi əhalinin həyat və yaşayışını təhlükə altına alır, yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasına mane törədir. Bərpa istiqamətində minasızlaşdırmanın vacib rolunu qəbul edən Azərbaycan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədini irəli sürüb.

BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru İrina Zivkoviç bildirib ki, UNDP mina çirklənməsi və partlamamış hərbi sursatlarla mübarizə aparan ölkələri dəstəkləyir. Bu dəstəyə ən yaxşı təcrübələrlə bağlı informasiya mübadiləsi, süni intellekt, dron, peyk kimi yeni texnologiyalarla bağlı məlumat paylaşımı, heyvanların, o cümlədən itlərin mina fəaliyyətlərinə cəlb olunması sahəsində təcrübə mübadiləsi daxildir.

UNDP rəsmisi əlavə edib ki, Azərbaycanın da bu sahədə çox yaxşı təcrübəsi var : “Mən buna şəxsən şahid olmuşam. ANAMA və UNDP arasında Mükəmməllik Mərkəzi yaradılıb. Bu mərkəz gələcək dövrlər üçün fəaliyyətləri inkişaf etdirir və ilkin mərhələdə Azərbaycana, növbəti mərhələdə isə başqa regional və qlobal ölkələrə dəstək məqsədi daşıyır. Əməkdaşlığımızdan böyük gözləntilərimiz var”.

Əmək və əhlinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə çıxışında mina qurbanlarının sosial müdafiəsi barədə danışıb və nazirliyin onların həyat şəraitinin inkişafı və təminatı sahəsində əhəmiyyətli addımlar atdığını qeyd edib. Nazir müavini bildirib ki, minadan əziyyət çəkən insanların sosial ödənişlərinin artırılması və sosial müavinətlərin təyin edilməsi üçün vacib qanunlar irəli sürülüb. Bu baxımdan, 10 yeni sosial müavinət təyin edilib. 2018-ci ildə 4 sosial islahatlar paketi həyata keçirilib. Artırılmış sosial müavinətlər əhalinin ən həssas təbəqəsinə yönləndirilir. Onların əhatəsi 60 faiz artaraq 880 min insanı əhatə edib. Mina qurbanları sosial sığorta proqramı çərçivəsində birdəfəlik təzminatla təmin olunurlar. Təzminatın məbləği mina insidenti nəticəsində baş vermiş xəsarətin dərəcəsindən asılıdır. Mina qurbanları müxtəlif tibbi və fiziki sosial reabilitasiya xidmətlərindən yararlanmaq şansına malikdirlər. Bu baxımdan  700-lük yataq yerinə malik 14 reabilitasiya mərkəz mövcuddur.

Göründüyü kimi, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidirlər.

Nigar Orucova, “İki sahil”