12 dekabr 2017 15:24
1089

Ulu Öndərin xarici siyasətdəki praqmatikliyi ölkəmizi regionun lider dövlətinə çevirdi

Dahi şəxsiyyətlərə və böyük dövlət xadimlərinə xas olan ən önəmli cəhət xarici siyasətdə ciddi uğurlar qazanmaqla rəhbərlik etdiyi dövlətin manevr imkanlarını genişləndirmək və onu söz sahibinə çevirməkdir. Bu mənada, ulu öndər Heydər Əliyev dünən də, bu gün də, sabah da dünyanın ən bacarıqlı dövlət xadimi kimi var olub və olacaqdır.

Qeyd edək ki, lokal şəkildə Azərbaycanın, qlobal şəkildə isə bütün türk dünyasının böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bu böyük dövlət adamının xarici siyasətində başlıca yer tuturdu. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyət genişmiqyaslı idi. Dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli yüksək səviyyəli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Ulu Öndərin xarici siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarımızın işğalı, digər tərəfdən ölkənin parçalanma təhlükəsi qarşısında qaldığını hiss edən  xalq özünün əbədi lideri Heydər Əliyevi hakimiyyətə gətirdi. Bu böyük siyasətçi ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Ulu Öndərin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Onun hakimiyyətinin ilk illərində Milli Ordumuzun formalaşdırılması və döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi hərbi qarşıdurmada tarazlıq yaratdı. Cəbhə bölgəsindəki yeni vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. Məhz Ulu Öndərin təşəbbüsü, qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü il may ayının 12-də atəşkəs haqqında razılaşma əldə olunmaqla beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

Atəşkəsə nail olduqdan sonra ölkənin dirçəldilməsi, dövlətin güclənməsi kimi strateji hədəflərə doğru irəliləyiş baş verdi. Azərbaycanın dövlət başçısı məsələnin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirdi və onun gərgin fəaliyyəti nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv sülh danışıqları aparıldı. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu.

Qeyd etmək lazımdır ki, 1993-2000-ci illər arasında ulu öndər Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. ATƏT-ə üzv olan ölkələrin liderləri ilə keçirilən görüşləri, aparılan danışıqları da buraya əlavə etsək, Dağlıq Qarabağ münaqişəsini həll etməyi öz üzərinə götürmüş bu beynəlxalq qurumla Azərbaycanın nə qədər sıx və intensiv işlədiyi, qarşılıqlı əməkdaşlıq etdiyi aydın olar. Ulu Öndər 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirmiş və  görüşlərin hamısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Heydər Əliyev ABŞ-ın prezidenti, dövlət katibi ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə etmişdir. Dahi rəhbərin BMT-nin baş katibləri ilə onlarla görüşü olmuşdur, NATO-nun, Müstəqil Dövlətlər Birliyinin Zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd Zirvə görüşündə, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində hər dəfə Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsini gündəliyə çıxarmışdır. Nəhayət, 1999-cu ilin aprelindən başlayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni bir foqmat yaranıb və o, öz fəaliyyəti ilə əslində ATƏT-in Minsk qrupunun işini tamamlayır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqudur. Heydər Əliyevin Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, Soçidə, respublikamızın sərhədində çoxsaylı görüşləri olmuşdur. Ermənistan prezidenti ilə danışıqlar zamanı Heydər Əliyev əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislərin axtarışı ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, 1999-cu ilin axırlarında prezidentlər kompromis əldə edilməsinə yaxın idilər. Lakin Ermənistan əldə olunmuş razılaşmalardan xaincəsinə geri çəkildi.

Beynəlxalq münasibətlər sistemində  Heydər Əliyev şəxsiyyəti tam qəbul olunurdu. Onun siyasətdəki xarizmatikliyi, reallığı qiymətləndirmək bacarığı, geosiyasi hadisələrə çevik münasibəti və lazım gələndə müdaxiləsi  bu böyük siyasətçiyə dünya liderləri arasında inam, etimad qazandırmışdı. Rusiya prezidentləri Boris Yeltsin və Vladimir Putin  onun şəxsiyyəti və beynəlxalq siyasətdəki təcrübəsi  qarşısında ehtiram göstərirdilər. Eyni zamanda, dünyanın aparıcı ölkələri- ABŞ, Fransa, Böyük Britaniya rəhbərləri  Heydər Əliyevin o çətin və mürəkkəb dövrdə Azərbaycan dövlətini necə ustalıqla idarə etməsindən və onu iflasdan qurtarmaq bacarığından heyranlıqlarını gizlətmirdilər. Məhz onun bu siyasi ustalığı və nüfuzu sayəsində  bu gün Avropanın enerji təminatçısı kimi çıxış edən Azərbaycan dövləti “Əsrin müqaviləsi”ni imzalamaq imkanı qazandı. Daha sonrakı illərdə isə onun həyata keçirmək istədiyi qlobal enerji layihələri Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum  qaz kəməri reallaşmağa başladı.

 Ulu Öndərin uğurlu xarici siyasətini zamanına və məkanına görə təkmilləşdirən, onu müasir prioritetlərə uyğun şəkildə inkişaf etdirən Prezident İlham Əliyev son 14 il ərzində həyata keçirilən siyasi-iqtisadi islahatlar nəticəsində güclü və qüdrətli bir Azərbaycan dövləti qurmuşdur.  Bu model indi bir çox ölkələr üçün örnək olaraq göstərilir. Məhz Prezident İlham Əliyevin balanslı və düşünülmüş xarici siyasətinin nəticəsidir ki, bu gün böyük dövlətlərin təxribatlarından yan keçməklə müstəqilliyimizi qoruyub saxlamaqla bərabər, yeni geosiyasi inkişaf prioritetləri qazanmışıq.

Elçin Zaman, “İki sahil”