Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, dünyanın həqiqətlərə həqiqət gözü ilə baxmasına çağırış edildi
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası bugünkü uğurlarımızı şərtləndirdi. Azərbaycanı müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, informasiya blokadasından xilas edən Ümummilli Lider illər keçdikcə ölkəmizin dünyaya günəş kimi doğacağını böyük inam və qətiyyətlə səsləndirdi. Azərbaycanın bu günündən 26 il öncəki Azərbaycana baxdıqda keçilən yolun zənginliyinin, bütün çətinliklərə uğurla sinə gərildiyinin, ən əsası Ulu Öndərin görmək istədiklərinin real həyatda öz əksini tapdığının şahidinə çevrilirik.
Ümummilli Lider idarəçilik təcrübəsinə istinad edərək müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələri açıqlayarkən bildirmişdir ki, iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, diaspor quruculuğu əsasdır. Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncamında da bu reallıq öz əksini tapmışdır ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərarı ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinin, həmrəyliyinin zəruriliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayramı ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Dahi şəxsiyyət Heydər Əliyevin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir” çağırışı bütün dünya azərbaycanlılarını bir araya gətirdi. Öncə ayrı-ayrı ölkələrdə Azərbaycan mərkəzlərinin, diaspor təşkilatlarının yaradılmasına nail olan ümummilli lider Heydər Əliyev sonra onların bir mərkəzdən idarə olunmasının vacibliyini önə çəkdi və 23 may 2001-ci il tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu. Ulu Öndər proqram xarakterli çıxışında bir daha bildirmişdi ki, Azərbaycan harda yaşamasından asılı olmayaraq 50 milyonluq azərbaycanlının Vətənidir. Dünya azərbaycanlılarına bu çağırış da edilmişdi: “Bizim hamımızın bir vətəni var - bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.” Artıq hər 5 ildən bir keçirilən Dünya Azərbaycanlılarının qurultayları günbəgün güclənən birliyin, həmrəyliyin təsdiqidir.
Beynəlxalq aləmdə yeri və rolunu uğurlu siyasəti ilə möhkəmləndirən Azərbaycanın iki və çoxtərəfli çərçivədə əlaqələri genişlənir. Möhkəm təməl uğurların açarıdır. Ulu öndər Heydər Əliyevin ilk gündən Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində atdığı addımların miqyası bugünkü uğurlarımızdan daha aydın görünür. Ən əsası ermənilərin və erməni diasporunun əsassız iddiaları sayəsində ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi “907-ci düzəliş”in əsassızlığı öz təsdiqini tapdı. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Təbii ki, tarixi həqiqətlərə söykənən təbliğatın ömrü hər zaman uzun olur. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın bu günü üçün həmin bazanı formalaşdırdı.
Son 14 ildə Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana möhtəşəm uğurlar qazandırır. Xarici siyasətimizin aydın, açıq olduğunu ən yüksək tribunalardan bəyan edən cənab İlham Əliyev Azərbaycanın siyasətində müstəqil olduğunu bir daha diqqətə çatdırır. “XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik.” Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri dövlət maraqlarımızın qorunmasında vahid fikrin nə qədər böyük rol oynamasının təsdiqidir.
Ölkəmiz 25 ildən artıqdır ki, müharibə şəraitindədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatik qələbənin əsas olduğunu nəzərə alsaq, bu istiqamətdə göstərilən səylərin daha da artırılmasına böyük ehtiyacın olduğunu aydın şəkildə görə bilərik. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyü qeyd etdiyimiz istiqamətdə rolunu daha qabarıq şəkildə ortaya çıxarır. Müharibə şəraitində yaşayan Azərbaycanın uğurlu və düşünülmüş siyasəti nəticəsində qazandığı uğurlar, müstəqil siyasəti bəzi xarici dairələr tərəfindən qısqanclıqla qarşılanır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bəzi xarici dairələr Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar. Unutmaq lazım deyil ki, Azərbaycan müstəqil dövlətdir, heç bir ölkənin diktəsi ilə oturub durmur.
Eyni vaxtda müstəqillik qazanan Azərbaycan və Ermənistanın müqayisəli təhlili fonunda müstəqil siyasətin ölkəyə hansı uğurları qazandırdığının aydın şahidi oluruq. Müstəqilliyi formal xarakter daşıyan işğalçı Ermənistan daim iri güc mərkəzlərinin əlində vasitəyə çevrilib. Siyasətində müstəqil olmayan bir dövlətin uğurlardan danışması mümkünsüzdür. Bu fikir beynəlxalq qurumların, dövlətlərin təmsilçiləri tərəfindən də qeyd olunur ki, yalnız müstəqil iqtisadi siyasət aparan ölkə siyasətində müstəqil ola bilər. Azərbaycan bu sahədə nümunə kimi önə çəkilir. İqtisadi tərəqqinin hər bir inkişafın əsası olduğunu nəzərə alsaq, iqtisadi müstəqilliyin siyasi müstəqillik üçün nə qədər əhəmiyyətli rol oynadığını görərik. Reallaşdırdığı layihələrlə iqtisadi qüdrətini günbəgün artıran Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olması söylənilən fikirlərdən, tərəfdaş, dost ölkələrin sayının artmasından, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin çoxluğundan, ən əsası dünyada gedən proseslərə təsir imkanlarının genişlənməsindən aydın görünür. “Azərbaycan ilə dost olan ölkələrin sayı çoxdur. Bizim siyasətimizi dəstəkləyən, bəyənən ölkələrin sayı çoxdur. BMT Təhlükəsizlik Şurasında 155 ölkənin bizi dəstəkləməsi bunun əyani sübutudur. Ancaq təbii ki, hər kəsə xoş olmaq mümkün deyildir. Belə vəzifə də heç vaxt qarşımıza qoyulmayıbdır. Bizi istəməyən qüvvələr də, dairələr də vardır. Ancaq hətta onlar da Azərbaycana hörmətlə yanaşırlar. Biz bu hörməti yenə də öz prinsipial mövqeyimizlə qazanmışıq. Bütün dövrlərdə bizim sözümüz də, əməlimiz də bir olmuşdur.” Ölkəmizin bütün sahələrdə əhəmiyyətli uğurlara imza atdığını önə çəkən dövlətimizin başçısı İlham Əliyev yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində göstərilən səylərə də diqqət yönəldərək bəyan edir ki, Azərbaycan diplomatiyasının fəaliyyət dairəsi genişlənir. Problemin həlli ilə bağlı prinsipial mövqeyimiz ədalətə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü məsələləri heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaq. Ölkəmiz öz ərazi bütövlüyünü bərpa edəcək.
“Bu gün Azərbaycan 25 il bundan əvvəlki Azərbaycan deyildir” fikrini konkret faktlarla əsaslandıran Prezident İlham Əliyev daim xarici ianələrdən asılı olan Ermənistanın ölkəmizlə heç bir sahədə rəqabət aparmaq imkanında olmadığını bildirir: “Ermənistan nə edir? Ermənistanın müstəqilliyi şərti xarakter daşıyır. O ölkə müstəqil siyasət apara bilmir. Başqa dairələrin iradəsi ilə idarə olunur. Öz müstəqil siyasəti yoxdur. Bütün infrastruktur, bütün strateji obyektlər başqa ölkələrin əlindədir. Əhali azalır, demoqrafik iqtisadi böhran yaranıbdır. Əgər keçən böhranlı ildə onlara xaricdən yardımlar edilməsəydi, ölkə tamamilə dağılacaqdı. Nə vaxta qədər xarici ianələr hesabına yaşayacaqlar?”
İşğalçı dövlətdən fərqli olaraq, Azərbaycanın iqtisadi qüdrətinin artması digər sahələrin inkişafına geniş yol açır. Müharibə şəraitində olan ölkə üçün qüdrətli ordunun olmasının gərəkliyini nəzərə alsaq, müdafiə gücünün artırılması istiqamətində atılan addımlar da yüksək dəyərləndirilir. Dövlətimizin başçısı bildirir: “Güclü ordu danışıqlarda bizim mövqeyimizi böyük dərəcədə gücləndirir. ... Əlbəttə ki, bizim iqtisadi və maliyyə, eyni zamanda, siyasi resurslarımız məsələnin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracaqdır.” Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi xərclərindən 2 dəfə çoxdur. Hərbi büdcəmizin artırılmasını suveren hüququmuz kimi qeyd edən ölkə Prezidenti İlham Əliyev bildirir: “Bu, bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək. Eyni zamanda, ölkə daxilində güclü müdafiə sənayesini yaradaq. Biz qısa müddət ərzində buna nail ola bilmişik.” Ölkə Prezidentinin qeyd etdiyi kimi, Dağlıq Qarabağ məsələsi ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaq.
Azərbaycanın ədalətə və real həqiqətlərə əsaslanan siyasəti dünya birliyində yeri və rolunu möhkəmləndirir. Azərbaycan bu gün beynəlxalq tədbirlər üçün ideal məkan kimi diqqət çəkir. İslam həmrəyliyinə verdiyi töhfələrin nəticəsi olaraq bu il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilib. Bir sözlə, müxtəlif dinlərin, mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir.
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır