12 iyul 2024 01:24
519

Azərbaycan-Pakistan: Tarixi dostluq və strateji tərəfdaşlıq

Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.

Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən müxtəlif sahələrdə uğurla davam etdirilir.

Bu dost ölkə keçmiş münaqişə ilə bağlı hər zaman öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatı 2022-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib.

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır. Ölkəmiz bu məsələdə Pakistanın haqlı mövqeyini dəstəkləyir və Pakistan ilə həmrəydir. Eyni zamanda, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.

Göründüyü kimi, hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edir. Ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir.

Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunumuş, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib. Həmçinin, 30 min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb.

Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci il 28 fevral-1 mart tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirib.

Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və dost ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Azərbaycan-Pakistan əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm təkan verib. 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfədir.

Prezident İlham Əliyevin Pakistana iyulun 11-12-sini əhatə edəcək dövlət səfəri də iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər zamanı Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirəcək. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənədin imzalanması nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.

Azərbaycan və Pakistan sıx ikitərəfli münasibətlər qurduqları kimi, üçtərəfli platformada da əməkdaşlığı genişləndirirlər. Hərbi sahədə əməkdaşlıq da Azərbaycan, Türkiyə və Pakistan münasibətlərində xüsusi yer tutur. Son vaxtlar hər üç ölkənin müvafiq qurumlarının yüksəksəviyyəli rəsmiləri bir neçə dəfə görüşərək aktual müzakirələr aparıblar. Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi təlimlər keçirmələri də hərbi əməkdaşlığın əyani nümunəsidir və üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi də buna əyani sübutdur.

İyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşü isə bir daha qarşılıqlı əlaqələrin yüksək xətlə inkişaf etməsindən xəbər verir. Görüşdə  üç ölkənin liderinin  üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astanada keçirilən görüşünə dair Bəyanat yayıb. Bəyanatda deyilir ki, Üçtərəfli Zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub. Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin, həmçinin dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulur. Habelə, üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib. Bəyanatda qeyd edilir ki, Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə dair razılıq ifadə olunub: “Üç ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq münaqişələrin həllində müvafiq ölkələr arasında dialoqun prioritetləşdirilməsini dəstəklədiklərini bildiriblər. Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkə arasında əməkdaşlığın və bu məsələnin birgə həllinin vacibliyi də bir daha təsdiqlənib. Üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlər hər üç ölkədə, yəni Azərbaycan, Türkiyə və Pakistanda keçiriləcək”.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edib: “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.

Baş nazir Məhəmməd Şahbaz Şərif isə Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edib. O bildirib: “Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik”.

Bu fikirlər iki ölkə arasında münasibətlərin səmimi xarakterini və strateji tərəfdaşlıq səviyyəsini nümayiş etdirir, eyni zamanda regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Nigar Orucova, “İki sahil”