13 dekabr 2017 23:15
1318

İkili standartlar beynəlxalq hüquq normalarına hörmətsizlikdir

Geostrateji əhəmiyyəti ilə seçilən, dünya enerji bazarında önəmli rolu, güclənən iqtisadi qüdrəti ilə  diqqəti cəlb edən ölkəmizin son illərdə qazandığı uğurlardan da aydın olur ki, artıq Azərbaycan  inkişaf etməkdə olan respublika deyil, özünü hərtərəfli təmin edən, maliyyə və investisiya imkanları güclənən qüdrətli dövlətdir. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan ölkəmizdə keçirilən beynəlxalq siyasi, iqtisadi, humanitar, mədəni tədbirlərin yüksək səviyyədə təşkili deyilənlərə nümunədir.

Beynəlxalq təşkilatların, Davos İqtisadi Forumunun, Dünya Bankının və bir çox maliyyə qurumlarının reytinq cədvəllərində ilk pillələrdə yer alan, müxtəlif ölkələrin  “beyin mərkəzləri”nin apardıqları sorğularda  liderlik şansını qazanan  ölkəmizin enerji təhlükəsizliyinin təminatındakı  xidmətləri  daim yüksək dəyərləndirilir. Eyni tərəqqi ölkədə aparılan demokratik islahatların  uğurla nəticələnməsində də  özünü büruzə verir. Ötən illərdə  ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil edilsə də   Azərbaycan həqiqətləri qarşısında  məğlub olanlar biabırçılıqlarını ört-basdır etmək üçün maliyyələşdirdikləri qruplardan istifadə etməklə təxribat törətmək yolunu seçmişlər. Bu məqamda  Azərbaycanla bağlı qəbul olunan  qərəzl bir sənədi   xatırlatmaq  yerinə düşər.

Ötən illərdə   Avropa Parlamentində “Azərbaycan: İlqar Məmmədov məsələsi” adlı heç bir hüquqi, demokratik əsası olmayan  qətnamə qəbul edilmişdi. Tələm-tələsik, yetərsay olmadığı şəraitdə, Azərbaycanın mənafeləri nəzərə alınmadan müzakirəyə çıxarılan məsələ ilə əlaqədar qətnamənin  hansı məqsəd və kimlərin təsiri ilə qəbul edilməsi ilk  baxışdan aydın idi. 754 deputatı olan Avropa Parlamentində  Azərbaycanın  əleyhinə yönəlmiş  məsələ ilə bağlı şəxsi maraqlarını bildirən  5-6 nəfərin “təşəbbüsü, 10-15 nəfərin  səs verməsi” ilə “qəbul olunan qətnamə”  demokratiyanın obyektivlik və  ədalət prinsiplərini, tələblərini əks etdirmədiyi kimi,  Azərbaycan ictimaiyyəti tərəfindən də  etirazla qarşılandı. İsmayıllıda  AXCP də daxil olmaqla dağıdıcı qüvvələrin təşkil etdikləri hadisələrdə  ictimai asayişin qorunmasına mane olan REAL-ın sədri İlqar Məmmədovun müdafiəsinə yönəlmiş belə bir məkrli  sənədin qəbulu   müstəqil siyasəti ilə  dünya birliyində təmsil olunan Azərbaycanın daxili işlərinə müdaxilə  kimi pislənildi.

Qitə dövlətləri arasında mövcud olan  problemləri, işsizliyi,  miqrantlara qarşı törədilən ədalətsizliyi, təhqir və  işgəncələri pərdələmək üçün başqa ölkələrdə “ demokratiya, insan hüquqlarının qorunması” kimi  prinsiplərdən istifadə edən beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası üçün də   “səmərəli” vasitə elə  böhtan, təhrif və məkrli bəyanatların qəbuludur. Bütün beynəlxalq ictimaiyyətə də bəllidir ki, normal həyat tərzi pozulan və irqçiliyin, ksenofobiyanın, islamofobiyanın hökm sürdüyü başqa ölkələrdən fərqli olaraq Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur.  Son zamanlarda  Avropa Şurasının ölkəmizlə bağlı  xoşagəlməyən, ədalətsiz mövqeyi, kimlərinsə  mənafeyinə uyğun   “əsən sərin küləklər” xalqımızı narahat edir.

 Bəzi beynəlxalq təşkilatların  ölkəmizə qarşı ədalətsiz mövqeyi ilə barışmayacağını bildirən Prezident İlham Əliyevin həmin qurumlara  inteqrasiya ilə bağlı mövqeyi birmənalı və  qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır: “Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq...Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamofobiya, paxıllıq, bədniyyət...Bu, açıq-aydın antiazərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi.”

 AŞ-nın belə ədalətsiz mövqeyi, İlqar Məmmədovla bağlı mətbuata açıqlama verən Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun bildirdiyi kimi, müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi ölkəmizə qarşı ikili standartların  növbəti nümunəsidir. “Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi” söyləyən N.Məmmədovun vurğuladığı kimi, bu məsələ Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan olan baş katib Yaqlandın yuxusuna haram qatıb.

Açıqlamada qeyd olunduğu kimi, Ermənistanın uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına, orada yaşayan 1 milyondan artıq azərbaycanlının təməl hüquqlarını pozmasına, Xocalı soyqırımını törətməsinə  göz yuman AŞ-nın bir nəfərlə bağlı  belə ədalətsiz mövqe nümayiş etdirməsi Avropa dəyərlərinə, demokratik prinsiplərin ədalətə xidmət etməsinə şübhə yaradır.

Separatizmə qarşı mübarizədə vahid mövqenin təmin olunması istiqamətində   səylərin artdığı bir zamanda   qurumun  Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına biganə yanaşması,   bumeranq effektindən başqa bir şey deyildir. “Əgər Avropa Şurası belə addımlarla Azərbaycanı qurumdan kənarlaşdırmaq niyyətini əsaslandırmağa çalışırsa, buna heç bir ehtiyac yoxdur. Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdən etibarən, Avropa Şurası ilə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri, müxtəlif təşkilatlar çərçivəsində göstərdiyi yardımlar barəsində heç olmasa bir müsbət fikir eşitmək əvəzinə, qarşılaşdığı hər bir məsələdə həm qurumun, həm də onun rəhbərliyinin qərəzli münasibəti ilə üzləşib” söyləyən Novruz Məmmədov bir daha bildirir ki, Avropa Şurasının digər üzv ölkələrində baş verən beynəlxalq hüquq və insan hüquqlarının, eləcə də Avropa Şurası Nizamnaməsinin pozuntuları, təşkilatın  üzvü olan Ermənistanın Azərbaycan  ərazisini işğalı, təşkilat qarşısında öhdəliklərin yerinə yetirilməməsi,  Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə qərarının icra edilməməsi fonunda yalnız Azərbaycana qarşı belə bir addım beynəlxalq hüquqa - ədalətə məhəl qoymamağın davamından başqa bir şey deyil.

Halbuki Azərbaycan sözügedən qərarın icrası üçün bütün mümkün vasitələrdən istifadə etməklə bağlı öz vədlərinə sadiq qalaraq, Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılmasına davam edir. Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin  üçdə  iki  hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər. Lakin Avropa Şurasının prosesin hansı istiqamətdə gedəcəyini nəzərə almadan müəyyən dairələrin təsiri ilə qərəzli mövqelərini davam etdirməsi heç bir demokratik prinsiplərə uyğun deyil. Bu gün də    Ermənistana sanksiyalar tətbiq olunmur,  işğalçını  dəstəkləyən dövlətlər onlara yardımlar edir, qondarma “Dağlıq Qarabağ Respublikası”nın oyuncaq rəhbərləri istədikləri ölkələrdə qəbul olunurlar.  Əksinə Azərbaycana qarşı qərəzli mövqedə dayanan, heç bir səlahiyyəti olmayan beynəlxalq təşkilatların  həqiqətə əsaslanmayan hesabatlarında  Ermənistan  demokratik ölkə kimi təqdim edilmir.

Təcavüzkar qınaq obyektinə çevrilmir. Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərinə son verilmir. Azərbaycana qarşı qarayaxma kampaniyası aparan təşkilatlar üçün   “İlqar Məmmədovu müdafiə kampaniyasının aktullaşmasının” yeganə səbəbi isə  Azərbaycanın  müstəqil dövlət kimi  qüdrətlənməsinə,  ölkəmizdəki  inkişafa, dünya birliyində möhkəmlənən mövqeyinə qısqanclıqdır.

Beynəlxalq normalara əməl etməyən, minlərlə günahsız Azərbaycan vətəndaşının qatili olduğu  sübuta yetirilən, xalqımıza qarşı  soyqırımı törədən Ermənistana nədənsə  heç bir sanksiya tətbiq edilmir.  Əksinə, separatçı, terrorçuların və  narkotik ticarətçilərin məskunlaşdığı  oyuncaq Dağlıq Qarabağı tanımadıqlarını üzdə  bəyan edən bəzi ölkələrin təmsilçiləri Azərbaycanın icazəsi olmadan qondarma qurumda  keçirilən konfranslarda, marafonlarda iştirak edirlər. Bunlar isə   ərazisi işğal olunan, doğma yurdundan didərgin salınan,   yaxınları erməni qatilləri tərəfindən günahsız qətlə yetirilən Azərbaycan xalqına, beynəlxalq hüquq normalarına   hörmətsizlikdir.  Hazırda da  gün ərzində bir neçə dəfə  sərhəd və təmas xəttində  atəşkəsi pozmaqla dinc əhalini öldürən, insanları qorxu altında saxlayan Ermənistandan silahlı müdaxilələri üçün  hesab sorulmur, sanksiya tətbiq edilmir. Halbuki Ermənistanın prezidenti Serj Sarkisyan xarici mətbuata verdiyi müsahibələrində dəfələrlə  etiraf edir ki,  Xocalıda törədilən soyqırımında iştirak edib, günahsız körpələri,  köməksiz qocaları, qadınları öldürüb, yandırıb, böyük bir şəhərin  külə çevrilməsində əli olub. Təbii ki, belə ədalətsizlik, ikili yanaşma bölgədə, dünyada sülhün  təminatında fəal iştirak edən, xalqları biri-birinə yaxınlaşdıran, ölkələrin iqtisadi inkişafını sürətləndirən  beynəlxalq enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olan Azərbaycanı narahat etməyə bilməz.

Xuraman İsmayılqızı, “İki sahil”