“Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır.”
Dövlətimizin başçısı İlham Əliyev gələcək planların böyük olduğunu önə çəkərək bildirir ki, Azərbaycanın mövcud potensialının daha da gücləndirilməsi, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, əhalinin sosial rifahının yüksəldilməsi, xarici siyasət prioritetlərinə uyğun olaraq beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər sahələr üzrə tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atılan davamlı addımlar da bunun təsdiqidir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa dəstəkdir. Ən əsası hər zaman qeyd olunduğu kimi, insan amili dövlət siyasətinin əsasında dayanır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi göstəricilər nəinki rəqəmlərdə, insanların gündəlik həyatında öz əksini tapmalıdır. “Dövlətin ali məqsədi” maddəsinə 2009-cu ildə edilən əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, yüksək həyat səviyyəsinin təmin edilməsidir.
Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq qurumların təmsilçiləri ilə görüşlərində Azərbaycanın bütün istiqamətlərdə uğurlu inkişafından geniş bəhs edərək, “Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı tövsiyə edirəm” bəyan etməklə bir daha ölkəmizə qarşı reallığı inkar etmək kampaniyasının həyata keçirildiyinə diqqət yönəldir: “Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır.” Ölkəmizdə həyata keçirilən demokratik islahatları daim diqqətdə saxlayan Avropa Şurasının qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qətnamədə Azərbaycanın demokratik inkişafı təqdir olunsa da, qurum təmsilçiləri ikili yanaşmadan irəli gələn “irad”larını söyləməkdə davam edir, hətta bir qədər də irəli gedərək Azərbaycana sanksiyaların tətbiq edilməsi, quruma üzvlükdən məhrum etmək kimi məsələlərin gündəmə gətirilməsinə səy göstərirlər. Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda sıralarına üzv qəbul edən Avropa Şurasından gözləntilərimizi açıqlayan cənab İlham Əliyev bildirir ki, ilk olaraq qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edəcəyini gözləyirdik. Avropa Şurası demokratik islahatlara münasibətdə də ikili mövqeyini qabarıq şəkildə büruzə verir. “Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı.”
Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəklənir. Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin humanizm siyasətinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir. Bu gün ölkəmiz demokratik təsisatlarla, beynəlxalq seçki institutları ilə əməkdaşlıq edir, sivil qanunların respublikamızda tətbiqi üçün təcrübə mübadiləsi aparılır. Siyasi kampaniyalarda vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə sadiqlik, Azərbaycan təcrübəsinin təbliği kimi dəyərləndirilir. Ötən ilin sentyabrın 26-da keçirilən Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan referendumda da məqsəd və ən çox diqqət yetirilən sahə insanların azad, firavan, sərbəst yaşaması üçün təkmil qanunvericilik bazasını dövrün tələbinə, müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək idi. Milli Fəaliyyət Proqramının icrasında da əsas məqsəd insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığının təmin edilməsidir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından sonra insan hüquqlarının müdafiəsi ilə bağlı mükəmməl Fəaliyyət Proqramının qəbulu bir daha Prezident İlham Əliyevin iqtisadi potensialın insan kapitalına çevrilməsi tövsiyəsinə uyğun həyata keçirilən islahatların davamlı olmasının göstəricisidir. Bu reallıqları düzgün dəyərləndirmək üçün təbii ki, ikili siyasəti bir kənara qoyub, ədalət meyarına önəm vermək gərəkdir. Nəzərə alaq ki, Avropa Şurasında təmsil olunan ölkələrin heç də hamısı Azərbaycanı dost ölkə kimi qəbul edib, uğurlarına sevinmir. Bir faktı da qeyd edək ki, ölkələr arasında əməkdaşlıq əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində demokratik inkişaf əsas faktorlardan biri olduğu üçün hər bir dövlət əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədə demokratiyanın əsas tələblərindən olan ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsinə xüsusi diqqət göstərir. Azərbaycan bu gün beynəlxalq aləmdə sabitlik diyarı, sabitləşdirici faktor kimi tanınır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Dünya nə zamanadək ikili siyasətdən yaxa qurtara bilməyib, bu kimi qarayaxmalar davamlı, bu və ya digər dövlətin, təşkilatın mövqeyinə inamsızlıq qaçılmaz olacaq. Dünya dövlətləri ikili yanaşmaların yaratdığı problemlərdən xəbərdar olaraq, yenə də eyni addımı atmaqda davam edirlərsə, bu, artıq hüquq probleminin nəinki mövcudluğunu, son həddə çatdığını ortaya qoyur.
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır