Hər bir dövlətin dünya birliyindəki mövqeyini şərtləndirən amillərin ən önəmlisi siyasi-iqtisadi müstəqillik, yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini əks etdirən kursun nəzərə alınması, hərbi qüdrətin gücləndirilməsi, başqa ölkə və beynəlxalq təşkilatlardan maliyyə asılılığının minimuma endirilməsi, diplomatik əlaqələrində sərbəst olmasıdır. Bunun üçün isə dövlətin daxili və xarici siyasətini dünyada baş verən proseslərə, hadisələrə, çağırışlara uyğun təkmilləşdirmək, inkişaf etdirmək bacarığı tələb olunur. Müstəqil Azərbaycanın xarici siyasətində əksini tapan bu prinsiplərin təkmilləşdirilməsi, hədəflərin əsas faktorlar kimi diqqətdə saxlanılması böyük təcrübə, siyasi iradə, qətiyyət tələb edir. Bu keyfiyyətləri özündə birləşdirən Prezident İlham Əliyev dünya siyasətçiləri arasında liderlik səviyyəsinə görə fərqlənməklə qlobal siyasətin önündə gedən dövlət başçısı kimi tanınır. Azərbaycanı nəqliyyat və enerji mərkəzinə çevirən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan strategiyanı yeni dövrün çağırışlarına uyğun davam etdirən Prezident İlham Əliyevin müəllifi olduğu, dünya siyasətinə təsir edən, region dövlətlərinin inkişafını şərtləndirən TANAP, TAP, “Cənub Qaz Dəhlizi”, Dəmir İpək Yolu- BTQ geosiyasi əhəmiyyətli hadisələr olmaqla beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında xüsusi əhəmiyyətə malik bu layihələrin reallaşması üçün təşəbbüskar kimi səylərini artıran Prezident İlham Əliyevin davam etdirdiyi xarici siyasətin dəstəklənməsi, diplomatiyada qazandığı nailiyyətlərin ardıcıllığı dövlət başçımızın uzaqgörən liderlik məharətinin beynəlxalq aləmdə təsdiqidir.
Cənab İlham Əliyevin çevik xarici siyasətini, qətiyyətini əks etdirən diplomatiyada qazandığı uğurlar çoxdur. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı dövlət başçımızın avropalı parlamentarlara ünvanlanan açıq, məntiqli sözlərini, iradlarını təşkilatın təmsilçiləri də etiraf etdilər . Qurumla Azərbaycanın gələcək inkişafına aydınlıq gətirən, ədalətsiz olaraq Azərbaycanı guya insan hüquqlarını pozmaqda ittiham edən Avropa Parlamentində ölkəmiz əleyhinə kampaniyanı ikili standartların növbəti mərhələsi kimi qonaqların diqqətinə çatdıran cənab İlham Əliyev fikirlərini real faktlar əsasında açıqlayaraq bildirdi ki, təşkilatla əməkdaşlığımız qarşılıqlı maraqlar və hörmətə əsaslanır. “Biz heç nə olmamış kimi davrana bilmərik. Biz buna aydınlıq gətirməliyik. Biz bunu aradan qaldırmaq üçün nə edə biləcəyimizə nəzər salmalıyıq. Əgər bu, belə qalsa və heç nə baş verməsə biz nə barədə danışa bilərik?” söyləyən cənab Prezident İlham Əliyev bildirdi ki, Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, əlaqələrin qarşılıqlı maraq əsasında inkişafında maraqlıyıq. Müstəqil dövlət kimi gələcək xarici siyasətini müdrikliklə müəyyənləşdirən, ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirən dövlət başçımız respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırdı. Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, Avropa Parlamentinin qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı qərəzli mövqe nümayiş etdirildiyi halda qurum Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib. Dövlətimizin başçısı Azərbaycanın Avropa ölkələri ilə əlaqələrə, qitə dövlətlərinin inkişafına mühüm töhfə verdiyini də diqqətə çatdırdı.
Xatırladaq ki, 2011-ci ildə Azərbaycana səfər edən Avropa Komissiyasının sabiq sədri J.M.Barrozu Cənubi Qafqaz ölkələrinə səfərindən qayıdan kimi Bakıda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sözlərindən imtina etdiyi zaman da Azərbaycan narazılığını bildirdi. 2013-cü ildə Avropa Komissiyasının yekun birgə bəyannaməsinin imzalanması “tərəflərin ərazi bütövlüyünə qarşılıqlı dəstəyi qeyd etməkdən imtina” bəndinə görə dayandırılır. “Şərq Tərəfdaşlığı”nın Riqa Sammitində də ölkəmizə qarşı ikili standartlar siyasəti özünü büruzə verir. Belə ki, 28 Aİ dovlətinin və 6 Şərq Tərəfdaşlığı ölkəsinin birgə bəyannaməsində Azərbaycanın etirazlarına baxmayaraq, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən fərqli göstərilir. Nəhayət Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın maraqları nəzərə alınmaqla konsensusa razılıq verildi.
Riqa Sammitindən bir ay sonra, 2015-ci ilin iyulunda Avropa İttifaqı Şurasının sədri Donald Tusk Azərbaycana səfəri zamanı Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməklə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunmasının vacibliyi haqqında rəsmi bəyanatla çıxış etdi.
D.Tusk Prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfəri zamanı Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bir daha rəsmi bəyanat verdi. Bu mövqe, Aİ-nin tərəfdaş ölkələrdəki bütün münaqişələrin həllinə vahid yanaşması 2017-ci ilin noyabrında “Şərq Tərəfdaşlığı”nın Brüssel Sammitində bir daha təsdiqləndi. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”nın bütün ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi üzrə Aİ-nin öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul edildi. Bununla da Aİ Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə vahid yanaşmanı aydın nümayiş etdirdi.
Dövlətimizin başçısı İlham Əliyevin Brüsseldə dünya siyasətindəki hadisələri əks etdirən məntiqli çıxışı, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu və potensialının düzgün qiymətləndirməsi, eləcə də yaranan vəziyyətdən milli maraqlar naminə maksimal və səmərəli istifadə diplomatik qələbədir.
Prezident İlham Əliyev nəinki avropalılarda Azərbaycan xalqına qarşı hörmət aşılamağı, eləcə də onları Azərbaycanın mövqeyinin ədalətli olduğuna inandırmağı bacardı. Ümumiyyətlə, dövlət başçısı tərəfdaş ölkələrin ərazi bütövlüyünün sərhədlərin toxunulmazlığı prinsipi əsasında dəstəklənməsi və bütün “Şərq Tərəfdaşlığı” ölkələrində münaqişələrin nizamlanmasına vahid yanaşmanın tətbiq olunması kimi Avropa siyasətində Azərbaycan üçün keyfiyyətcə yeni və strateji vacib addımların müəllifidir. Bu, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin gələcəyinə əminlik yaradır. Avropa İttifaqının Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” Sammitində qəbul olunan Birgə Bəyannamədə “Şərq Tərəfdaşlığı” dövlətlərinin ərazi bütövlüyü və suverenliyi dəstəklənir. Sənəddə qeyd edilir ki, münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi, sosial inkişaf və xalqlararası əməkdaşlıq üçün vacibdir.
Brüsseldə keçirilən NATO-nun Şimali Atlantika Şurasının iclasında, “Şərq Tərəfdaşlığı” Sammitində çıxış edən Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini bir daha dünya birliyinə bəyan etdi. Ermənistanın Azərbaycanın işğal altında qalan torpaqlarında törətdiyi hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətli, etnik təmizləmə ilə bağlı məlumat verən dövlət başçımız bildirdi ki, Cənubi Qafqazda sabitliyə mane olan Dağlıq Qarabağ münaqişəsi region dövlətlərinin iqtisadi inkişafını da əngəlləyir. İstər NATO Sammitində, istərsə də “Şərq Tərəfdaşlığı” Sammitində Prezident İlham Əliyevin çıxışlarının diqqətlə qarşılanması dövlət başçımızın xarici siyasətinin növbəti uğuru, Ermənistanın isə məğlubiyyəti idi.
Avropa Parlamentinin illik “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik haqqında qətnaməsi”ndə də sərhədlərin toxunulmazlığı əksini tapır. Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğu təsdiqlənən qətnamə 408 lehinə, 132 əleyhinə olmaqla qəbul olunub. Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü ilə bağlı münaqişələrə münasibət baxımından qətnamə prinsipial əhəmiyyətə malikdir. Əsas odur ki, ermənilərin bu bəndi yalnız Ukraynaya aid etmək barədəki cəhdləri uğursuzluqla nəticələndi. Qətnamə “Şərq Tərəfdaşlığı” ölkələrindəki bütün münaqişələrin nizamlanmasına şamil olunur. Bundan əvvəl Avropa Parlamentinin tövsiyə xarakterli, “ermənisayaq” sənədlərinə kölgə salan qətnamə Brüsseldə keçirilən və Prezident İlham Əliyevin cəsarətli diplomatik uğuru olan “Şərq Tərəfdaşlığı” Sammitinin birgə bəyannaməsi sonrakı proseslər üçün də etibarlı təməldir.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır