22 iyun 2024 01:15
468

Türkçülüyün əsas silahı: Birlik, Həmrəylik, Yenilməzlik!

Prezident İlham Əliyevin Şuşada «Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru» mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edildiyi kimi, qlobal kataklizmlərin beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrildiyi müasir dövrümüzdə əməkdaşlığa daha çox ehtiyac var

Xalq şairi Məmməd Arazın dili ilə deyilsə qayalarda bitən çiçək kimi daim diqqət çəkən Azərbaycanın çiçək içində qayası olan Şuşası yenə də qonaqlı- qaralı idi. Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ilin «İslam dünyasının mədəniyyət paytaxtı» elan edilən bu qədim, tarixi şəhər növbəti dəfə «türk ailə»sinə ev sahibliyi etdi, məqsəd və məramları eyni olan qardaşları birləşdirdi, həmrəyliyin sarsılmazlığının nümunəsini dünyaya göstərdi.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən və Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hakim partiya rəhbərləri də daxil olmaqla, 300-dək nümayəndənin iştirak etdiyi «Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru» mövzusunda beynəlxalq konfrans bir daha təsdiqlədi ki, qardaş dövlətlərin dünya siyasətinin masasında aktuallığını saxlayan problemlərin həllində imkanları artır.

İyunun 6-da Türk Dövlətləri Parlament Assambleyasının «Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu» mövzusunda 13-cü plenar iclasından, Prezident İlham Əliyevin TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul etməsindən sonra bu cür mötəbər tədbirin təşkili göstərdi ki, türk dünyasının gücləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq siyasətinin başlıca istiqamətidir. Bu birliyin sarsılmazlıq nümunəsi işğaldan azad edilmiş Füzulidə Özbəkistanın və Qazaxıstanın təşəbbüsü və maliyyə dəstəyi ilə bir orta məktəbin, incəsənət mərkəzinin inşa edilib istifadəyə verilməsi, Ağdamda Qırğızıstanın, Cəbrayılda isə Macarıstanın dəstəyi ilə təhsil ocaqlarının təməlinin qoyulmasıdır. Təşkilata üzv dövlətlərin nəqliyyat , enerji resurslarının bolluğu, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması qurumun güc potensialı, həmrəylik aktıdır. Parlament diplomatiyasının təsdiqlənən rolunun, ikitərəfli və çoxtərəfli əlaqələrin güclənməsinə müsbət təsirinin ifadəsi olan Şuşa konfransı bütünlükdə region dövlətlərinin iqtisadi inkişafı, siyasi sabitliyinin təminatı baxımından önəmli idi.

Prezident İlham Əliyevin Şuşada «Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru» mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd edildiyi kimi, qlobal kataklizmlərin beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrildiyi müasir dövrümüzdə bu cür tədbirlərə, geniş müzakirələrə daha çox ehtiyac var. «Xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların – etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir» fikirlərinin yer aldığı müraciətdə eyni zamanda qeyd olunub ki, yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Planetimiz üçün təhdidlərə təhlükələrə, risklərə hər an hazır olmaq üçün yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəyliyi günümüzün reallığıdır. Dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətlərin milli və regional səviyyədə, qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən bu birlik çox önəmli amildir. Vurğulandığı kimi, TDT-də bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Bu cür tədbirlər türk dünyasının möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcəkdir.

Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq ərəfəsində keçirilən bu cür mühüm tədbirlər ölkəmizin bölgədə yaratdığı yeni reallıqların dünya ictimaiyyətinə təqdimatı baxımından da əhəmiyyətlidir. Qardaşlıq, həmrəylik, sarsılmazlıq ifadəsi olan belə tədbirlər sayəsində Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdə monolit güc mərkəzinə çevrildiyi təsdiqlənir. Böyük coğrafiyanı əhatə edən, etnik, mədəni köklər üzərində möhkəmlənən bu birlik birgə səylərlə, praktiki addımlarla daha da qüdrətlənir. «Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində və digər sahələrdə çox geniş əlaqələr var. Bu gün təhlükəsizliklə, hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır» söyləyən Prezident İlham Əliyev Şuşa Bəyannaməsini bu birliyə töhfə adlandırır. Müasir dövrün aktual problemi olan iqlim dəyişmələrinə qarşı mübarizədə birgə fəaliyyət prinsiplərinin aktuallaşdığı müasir dövrümüzdə qlobal problemlərin həllində TDT-nın iştirakına böyük önəm verir. Yeni strateji müttəfiqlik mərhələsinə yüksələn, Azərbaycanla Türkiyənin qardaşlıq simvolu Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümü günündə keçirilən bu tədbir bütünlükdə TDT-yə üzv dövlətlərini birləşdirən müttəfiqlik rəmzidir. Bu baxımdan türk dünyasına kənar müdaxilələrə yol verilməməlidir. Türk xalqlarını birləşdirən, əsrlərdən bəri qorunub saxlanılan İslam həmrəyliyi, türkçülük ideologiyası, məfkurəsi, oxşar milli-mənəvi dəyərlər toxunulmaz sərvət kimi daim qorunmalıdır. Dünyada güclənən dini radikalizmə, terrorlara, irqi ayrı- seçkiliyə, islamofobiya, ksenofobiya kimi zərərli təsirlərə qarşı birgə mübarizədə türkçülüyün əsas silahı birlik və həmrəylikdir. Beynəlxalq hüququn supergüc mərkəzlərinin istəklərinə uyğun transformasiyaya uğradığı, qlobal kataklizmlərin beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrildiyi dünyamızda sülhün və sabitliyin qorunmasında milliyətindən, irqindən, dini mənsubiyyətindən asılı olmayaraq hamı birgə iştirak etməlidir. İnsanlar ölsə də insanlıq daim var olmalıdır. Güc mərkəzlərinin maraqları naminə müxtəlif bölgələrdə yaradılan milli münaqişələrin, qarşıdurmaların, etnik və dini zəmində baş verən ixtilafların, təhdidlərin qarşısının birgə alınması Şuşa konfransında müzakirə edilən əsas məsələ olmaqla bütün xalqları bu əqidə naminə birliyə çağırış kimi də diqqəti cəlb edib.

Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd olunduğu kimi, beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı dünyamızda milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir. Beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artan TDT qlobal proseslərdə fəal, sıx həmrəylik şəraitində birləşməklə bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətlər sistemində mövqeyini möhkəmləndirməlidir. 2021-ci ilin noyabrında İstanbulda keçirilən türk dövlət başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən «Türk Dünyası – 2040» adlı sənəd bu birliyin strateji istiqaməti, yol xəritəsidir.

Bütün bunlara nail olmaq üçün türk dövlətlərinin qarşısında çox mühüm vəzifələr durur. Hazırkı şəraitdə bu, ilk növbədə, iqtisadi əlaqələrin gücləndirilməsində özünü göstərə bilər. Qardaş səmimiyyətindən qaynaqlanan bu yanaşma böyük coğrafiyanı əhatə edən, etnik, mədəni köklər üzərində möhkəmlənən Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzi kimi tanıdır. «Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində və digər sahələrdə çox geniş əlaqələr var. Bu gün təhlükəsizliklə, hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır» söyləyən Prezident İlham Əliyev türk dövlətlərinin yerləşdiyi coğrafiyanın nəqliyyat və tranzit potensialından düzgün istifadə edilməsinin strateji əhəmiyyətini, konturlarını düzgün təhlil edir. Bildirir ki, Çindən Avropaya və əksinə ən səmərəli nəqliyyat yolları türk coğrafiyasından keçir və bu baxımdan nəqliyyat dəhlizlərinin inkişafı və logistika infrastrukturunun yaradılması türk dövlətlərinin ümumi maraqlarına cavab verir.

TDT-da bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı müştərək məqsədlərin reallaşmasında öz sözünü deyəcək. Konfrans çərçivəsində keçirilən, «Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə», «Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi», «Türk Dünyası-2040: gələcəyə konseptual baxış» mövzularına həsr olunmuş plenar iclaslarda səslənən təkliflər, qaldırılan təşəbbüslər türk dünyasında yeni hədəflərin reallaşmasına geniş imkanlar yaradacaq. Xalqlararası əlaqələri möhkəmləndirəcək, geosiyasi reallıqların əhatə dairəsini genişləndirəcək, qlobal kataklizmlərə qarşı effektiv mübarizənin yeni istiqamətləri daha önəmli strateji məqsədlərin həllinə yönəldiləcək.

Bu ilin mart ayında Bakıda keçirilən «Parçalanmış dünyanın bərpası» mövzusuna həsr olunmuş XI Qlobal Bakı Forumunda qeyd edildiyi kimi, dayanıqlı inkişaf yolunda təhdidlər də artır. İqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Dünyanı bürümüş pandemiyadan yenicə çıxdığımız dövrdə növbəti belə hadisəyə hazır olmaq üçün heç bir dərs götürmədik. Qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Lakin biz, eyni zamanda, elm, texnologiya və innovasiya sahələrində inanılmaz inqilabın astanasındayıq. Süni zəka hazırda hər şeyə təsir göstərir. O, bütün sahələrdə innovasiya tempini sürətləndirir və bütün növ mürəkkəb problemlərin həllinə yardım edir. İKT inqilabı yeni biologiya sahəsində yeni inqilabla müşayiət olunur. Elmə, texnologiyaya, innovasiyaya yönələn yeniləşmə prosesi elmin perspektivlərini qavramağa, konkret olaraq xəstəliklərin müalicəsi, aclığa qarşı mübarizə, təbiətə ahəngdar olacaq inkişafımızın yenidən müəyyən edilməsi, layiqli iş yerləri, özünüifadə üçün miqyasın yaradılması kimi məsələləri anlamağa yardım edir. Biz həmin eyni texnologiyaların təkcə dağıdıcı və məhvedici tərəflərinə diqqət yetirməli deyilik. Planetimizin üzvü olan türk dövlətləri də gözlənilən bu cür risklərə hər zaman hazır olmalıdır.

«Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq!» söyləyən Prezident İlham Əliyev əlavə olaraq vurğulayır ki, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Bu birliyin sarsılmazlığının növbəti ünvanı da Şuşa olacaq.

Prezident İlham Əliyevin bu günlərdə qardaş Türkiyəyə uğurlu səfəri çərçivəsində dövlətimizin başçısı və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarında Türk Dövlətləri Təşkilatını vahid ailə kimi səciyyələndirdilər. Bildirdilər ki, türk dövlətlərinin gələcəyi, inkişafı məhz birlikdə mümkündür. Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankara görüşündə «Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır» sözləri ilə bu birliyin istiqamətlərinin çoxşaxəli olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bu yolda əsas lokomotivin- Türkiyə ilə Azərbaycanın möhkəmlənən qardaşlığının sarsılmazlığını qürurla səsləndirir.

Ankara görüşündə mətbuata bəyanatında cari ilin iyul ayında Şuşada keçiriləcək TDT-nin qeyri-rəsmi Zirvə görüşünün daha böyük uğurlara yol açacağını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm» sözləri qardaşlığın, birliyin daha da möhkəmlənməsinə önəmli töhfə, türk birliyinin sarsılmazlığının nümayişidir.

Xuraman İsmayılqızı, «İki sahil»