KÖŞƏ

Qvami Məhəbbətoğlu

Vermanın səfirlərlə görüşünə sözardı

20 iyun 2024 23:06
2951

Bu günlərdə ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma Ermənistanda səfərdə olub. “armenpress”in məlumatına görə, o, səfər çərçivəsində Ermənistanın rəsmi şəxsləri ilə yanaşı, ABŞ, Hindistan və Fransanın fövqəladə və səlahiyyətli səfirləri ilə də görüşüb. Amma həmin görüşün detalları barədə ətraflı məlumat verilməyib. Ermənistanın qlobal arenada artan rolunu müzakirə etmək üçün həmfikir diplomatlarla isti və məhsuldar görüş keçirdiyini qeyd edən Verma “X” hesabında, həmçinin bildirib ki, biz birlikdə Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik. 

Bu görüşlə bağlı rəsmi məlumata diqqət yetirdikdə istər-istəməz ortaya belə bir  sual çıxır:  Məgər cənab Riçard Verma bilmirmi ki, Cənubi Qafqazda sülhün bərqərar olmasına maneçilik törədən, Ermənistanı silahlandırmaqda davam edən Hindistan və Fransadır. Yeri gəlmişkən qeyd edək ki, iyunun 18-də Fransa Ermənistanla “Caesar” özüyeriyən artilleriya qurğularının və onlar üçün mərmilərin, daha doğrusu, öldürücü, həm də hücum təyinatlı silahların alqı-satqısı barədə müqavilə imzalayıb. Şübhəsiz, bu, hələ də müstəmləkəçilik siyasətini davam etdirən Fransanın qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanı yenidən silahlandırması və təcavüzkar ölkənin revanşizm siyasətini dəstəkləməsi, eyni zamanda, yeni müharibəyə sürükləməsi deməkdir. Halbuki, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbiri nəticəsində Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqaz regionunda sülh üçün unikal imkan yaranıb. Hətta hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək istiqamətində birgə fəaliyyətdə  müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırılıb. Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə, özü də heç bir vasitəçi dövlətin iştirakı olmadan Azərbaycana geri qaytarılıb. Bu mənada demək olar ki, indi  regionda sülh və təhlükəsizlik  heç vaxt olmadığı qədər yaxındır. Rəsmi Bakının prioriteti isə hələ də İrəvanla münasibətlərin normallaşmasıdır. Amma bütün cəhdlərə baxmayaraq Hindistan, Fransa kimi dövlətlərin destruktiv fəaliyyətləri ucbatından sülh sazişi hələ də imzalanmayıb. Məgər Riçard Verma bilmirmi  ki, bu prosesdə Azərbaycan əleyhinə fəaliyyətini özünün həyat tərzinə çevirən Fransanın Ermənistandakı səfiri Olivye Dekotini lap öndə gedənlərdən biridir?  “Ermənistan və Hindistan arasında müdafiə sahəsində əməkdaşlıq çox yaxşı inkişaf edir” deyən Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha da bu kimi məsələlərdə heç fransalı həmkarından geri qalmır. Yeri gəlmişkən qeyd edək ki, Hindistan hər nə qədər  gur səslə beynəlxalq hüquqdan danışsa da, Çənubi Qafqazda açıq-aşkar hərbi münaqişə­nin qızışdırılması və ölkələrin ərazi bütöv­lüyünə hörmətsizlik siyasətini dəstəkləyir. Eyni zamanda, təcavüzkar ölkəyə öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Svati” adlanan radarlar, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərir.

Şübhəsiz, bütün bunlar tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaqda zəngin təcrübəsi olan Fransanın, həmçinin Cənubi Qafqazdan min kilometrlərlə uzaqda yerləşən və Cənubi Asiya dövləti sayılan Hindistanın hələ də Azərbaycanın uğurlarını həzm edə bilməmələrindən irəli gəlir. Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Riçard Veymanın “Biz birlikdə Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik” sözləri sadəcə diplomatik etika xatirinə işlədilmiş gəlişigözəl ifadədən başqa bir şey deyildir.  Görəsən, bir ölkəni silahlandırmaq, təcavüzkarı dəstəkləmək nə vaxtdan regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqlik sayılır? Halbuki, hər kəsə məlumdur ki, Hindistan da, Fransa da rəsmi İrəvanın əli ilə özlərinin regional maraqlarını təmin etməyə çalışırlar.

Hazırda Cənubi Qafqazda milli maraqlarına görə böyük güclərin mənafeyini balanslaşdı­ran yeganə dövlət Azərbaycandır. Beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edən rəsmi Bakı kənar güclərin bölgəyə müdaxiləsinin qarşısını almaq istiqamətində əməli addımlar atır. Ölkəmiz, eyni zamanda, bu gün Cənubi Qafqazın üzləşdiyi bütün aktual məsələləri kənar müdaxilə olmadan region dövlətlərinin kollektiv səyləri əsasında həll edilməsində israrlıdır. Elə rəsmi Bakının bu mövqeyi də onları qıcıqlandırır. Odur ki, hər vəchlə ölkəmizə qarşı qərəzli hesabatlar hazırlanır, saxtakarlıqlarla dolu açıqlamalar verilir, siyasi təzyiqlər olunur, üstəlik Ermənistan silahlandırılır. Bununla da sözügedən və digər ölkələr Cənubi Qafqazda gərginlik yaratmağa çalışırlar.

Bu kimi məsələlərə münasibət bildirən Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda reallıqdan uzaq fikir formalaşdırırlar: “Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin aqibəti insanlar və onların ruhu sayəsində həll edilir”.