KÖŞƏ

Qvami Məhəbbətoğlu

Qırmızı qızın dərdi varmış…

14 iyul 2023 23:38
6119

BQXK Ermənistanda öz missiyasına uyğun fəaliyyət göstərmir

Bugünlərdə Ermənistanla dövlət sərhə­dində, Laçından Qarabağa gedən yo­lun başlanğıcındakı buraxılış keçid məntəqəsi tam bağlanıb. Halbuki Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin bu yolla hərəkətinə lazımi şərait yaradılmışdı. İndi isə onlar bu yoldan müvəqqəti olaraq istifadə edə bilməyəcəklər. Bu da səbəbsiz deyil. Sən demə, bu yolla BQXK kimi dünyanın ən xeyirxah təsisatının Ermənistan nümayəndəliyinin maşınları ilə xəstələr deyil, humanitar fəaliyyət pərdəsi altında bəyannamələrdə qeyd olunmayan qaçaq malları (siqaret, benzin, telefon və s.) gizli formada daşınırmış. Yəni,  əsas fəaliyyəti ehtiyacı olanlara yardım etməkdən ibarət olan bu beynəlxalq təşkilat öz missi­yası ilə məşğul deyilmiş.

Bu fakt Ermənistanda, həmçinin Xankəndidə fəaliyyət göstərən digər beynəlxalq qurumlar kimi, BQXK-nın da tam şəkildə hayların, həmçinin havadarlarının nəzarəti altında olduğunu, onların alətinə çevrildiyini bir daha sübut edir. Bəli, “humanitar qaçaqmalçılıq fəa­liyyətini” həyata keçirən BQXK da bölgədə  separatçılara qucaq açıb. Bu isə sözügedən qurumun sözün həqiqi mənasında erməni xəstəliyinə tutulmasından xəbər verir.

Qeyd edək ki, BQXK-ya Qarabağda yaşayan ermənilərə humanitar yardımın göstərilməsinin Azərbaycan vasitəsilə həyata keçirilməsi dəfələrlə təklif olunub. Ancaq BQXK bundan imtina edib. Son hadisə isə onun bu imtinasına bir daha aydınlıq gətirmiş oldu. Məlum oldu ki, sən demə, bu qırmızı  qızın dərdi varmış. Bununla da Azərbaycan konkret faktlar əsasında BQXK-nın iç üzünü açdı. Amma olayla bağlı məlumat verən BQXK Laçın yolu ilə Xankəndiyə qanunsuz daşımaları dolayısı ilə etiraf etsə də, ona məxsus nəqliyyat vasitələrində “icazəsiz mal tapılmadığını” bildirib. Guya işə götürülən dörd sürücü BQXK-dan xəbərsiz bu qurumun emblemi olan öz avtomobillərində kommersiya mallarını daşımağa cəhd ediblərmiş. Təşkilat “həmin şəxslərin BQXK-nın işçiləri olmadığını və onların xidmət müqavilələrinə dərhal xitam verildiyini” vurğulayıb. Şübhəsiz, bu açıqlama BQXK-nın  çulunu sudan quru çıxarmaq cəhdindən başqa bir şey deyil. Əvvəla, ona görə ki, həmin şəxslərin müqavilələri varsa, BQXK buna görə məsuliyyət daşıyır. Digər tərəfdən, həmin şəxslərin avtomobilləri “müvəqqəti BQXK emblemini” necə daşıya bilər? Axı niyə bu dünyəvi qurum onları məsuliyyətə cəlb etməyə cəhd göstərmir? Onlarla müqavilələrə xitam verməklə işini bitmiş hesab edir. Başqa bir sual da ortaya çıxır: BQXK faktiki olaraq Xankəndidəki missiyasını İrəvandan idarə edir, niyə? Axı Xankəndi Azərbaycanın dünya miqyasında tanınmış ərazisidir. Bu addımı ilə o, beynəlxalq hüquqa da hörmətsizlik nümayiş etdirmirmi? Bu yerdə Prezident İlham Əliyevin iyulun 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söylədiyi aşağıdakı fikri xatırlatmaq yerinə düşərdi:   “Ancaq biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün”. Bu mənada humanitar xarakterli hesab edilən bu beynəlxalq təşkilatın həssas nöqtələrdə belə kobud səhvlərə yol verməsi bağışlanmazdır.

Bu biabırçılığa baxmayaraq, BQXK iddia edib ki, onların fəaliyyətlərinin davam etdirilməsinə icazə verilməlidir. Burada deyiblər də, utanmasan oynamağa nə var ki… Yeri gəlmişkən qeyd edək ki,  bu məsələ ilə bağlı artıq bəzi dövlətlər və qurumlar məlumatlandırılıb. Məsələn, iyulun 13-də Prezident İlham Əliyev telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinkenə Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, BQXK-nın müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini və bu xüsusda araşdırmaların aparıldığını bildirib. Yeri gəlmişkən qeyd edək ki, dünən bu məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov ilə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında da görüş keçirilib. Nazirlikdən verilən xəbərə görə, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın sərhəd-buraxılış məntəqəsində yaranmış son vəziyyət, habelə BQXK-nın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. Üstəlik, erməni sakinlərinə Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu bir daha xatırladılıb.

...Amma haylar yenə öz amplualarındadır. Belə ki, onlar sərhəd-buraxılış məntəqəsində baş verən son olaydan söz açmadan Azərbaycanı əsassız şəkildə günahlandırmaqda davam edirlər. Məsələn, qondarma rejimin qondarma hüquq müdafiəçisi (ombudsman) Qeqam Stepanyan bildirib ki, sərhəd-buraxılış məntəqəsinin bağlanması nəticəsində guya Xankəndi aclıq təhlükəsi ilə üzləşib: “Mən BQXK-nın soyqırım təhlükəsi ilə bağlı qırmızı həyəcan düyməsini yandırmasını tələb edirəm”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xankəndidəki bu və ya digər ölüm hadisələrində Azərbaycan “izləri” axtarmaqdadır. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə “Amerikanın səsi”nə verdiyi müsahibəsində bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizində Azərbaycanın iştirakı nəzərdə tutulmayıb: “Sülhməramlıların vəzifəsi Laçın dəhlizi ilə sərbəst hərəkəti təmin etmək idi”. Tamamilə absurd açıqlamadır. Bəli, Azərbaycan sərbəstlik vermişdi. Rusiya sülhməramlıları isə separatçılarla işbirliyinə gedərək həmin yolla silah-sursat, o cümlədən mina daşıdılar, təxribatlara əl atdılar, qaçaqmalçılıqla məşğul oldular. Məhz elə bu səbəbdən rəsmi Bakı daha ciddi addımlar atdı. Son məlumata görə, Xankəndidə bir qrup separatçı-terrorçu, revanşist xislətli haylar “blokada”nı aradan qaldırmaq məqsədi ilə Laçındakı sərhəd-buraxılış məntəqəsinə tərəf yürüş etmək xəyalına düşüblər.

Şübhəsiz, Azərbaycan atdığı və bundan sonra atacağı addımlarla bu kimi təhdidləri aradan qaldırmaqla yanaşı, BQXK-nın xəstəliyini də müalicə edəcək. Artıq məlum  faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.