21 iyun 2024 00:47
371

Ermənistanın silaha deyil, ağıllı məsləhətə ehtiyacı var

Tarixdə zahirən özünü demokrat kimi göstərən, əslində isə qanlı diktator olan Yuli Sezarın şərəfinə adlandırılan «Caesar» özüyeriyən artilleriya qurğuları Türkiyə istehsalı olan «Akınçı»nın qarşısında heç nə edə bilməz

İkinci Qarabağ müharibəsində qazandığı Zəfərlə, 23 saatlıq antiterror tədbirləri ilə Cənubi Qafqazda 200 ildən artıqdır davam edən erməni separatizmini birdəfəlik məhv edən Azərbaycanın bu qələbəsinə ermənilərdən daha artıq narahat olan Fransa kimi dövlətlər, bəzi qərəzli dairələr ölkəmizə qarşı təxribatlarından əl çəkmirlər. Cənubi Qafqaza nüfuz etmək üçün əsrlərdən bəri Ermənistandan alət kimi istifadə edən imperialist güclər Prezident, Ali Baş Komandan İlham Əliyevin erməni separatizminin kökünün kəsildiyini bildirən Xankəndidə Dövlət Bayrağımızı dalğalandırması belə şər yuvalarında toplaşan iblislərə dərs olmadı.

Ermənistan üzərində tarixi Zəfərimizdən sonra daha da azğınlaşan Fransanın ermənipərəst mövqeyini gücləndirməsi, revanşistləri yeni müharibəyə həvəsləndirməsi, 2023-cü il fevralın 20-dən Avropa İttifaqının Monitorinq Missiyasının 2 il müddətinə Ermənistanda yerləşməsi, ilkin mərhələdə 100 nəfərdən ibarət olan missiya üzvlərinin sonradan 209 nəfərə çatdırılması, diplomatik statusa bərabərləşdirilməsi, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılması ilə bağlı etirazların səslənməsi, ölkə daxilindəki siyasi, iqtisadi böhranlar, vətəndaş itaətsizliyi Hayastanı siyasətin qaynar qazanına çevirib.

«Sərhədlərinin mühafizəsini təmin etmək”» bəhanəsi ilə rəsmi İrəvana dəstək göstərən, az qala Ermənistan vətəndaşı statusunu alan Fransa Prezidenti Emmanuel Makron vəziyyəti yenidən gərginləşdirmək, regionda sabitliyi və sülhü pozmaq üçün bütün vasitələrdən istifadə edir. Amma Ermənistanın baş naziri Nikol Paşinyan kimi Makron da aydın başa düşür ki, quruyan quyuya su tökməklə onu doldurmaq olmaz.

Makronun Cənubi Qafqaz siyasəti, Ermənistanla əməkdaşlığının siyasi maraqlardan daha çox, təcavüzkarlıqdan, insanlıq əleyhinə yönələn zorakılıqdan qaynaqlandığı artıq bəllidir. Qarabağdan könüllü gedən erməniləri «etnik təmizləmə»” adı ilə dünyaya təqdim etməklə, «soyqırımı”», «təzyiq»” ifadələrini işlətməklə Azərbaycana qarşı ideoloji təxribatalara üstünlük verən Fransanın özü dünyada ən çox soyqırımlar törədən dövlət kimi tanınır. Əlcəzairdə , Ruandada kütləvi qətliamlar törədən Fransanın əməllərini davam etdirən Ermənistanın törətdiyi Xocalı soyqırımında da Fransa izləri aşkar edilib.
 Belə ki, Fransa ilə Ermənistanı eyni terror məfkurəsi, Əlcəzairlə Azərbaycanı isə oxşar tale birləşdirir. Türkiyəni olmayan «erməni soyqırımı”»nda ittiham edən, Xocalı soyqırımını görməzdən gəlib Xankəndini könüllü tərk edən ermənilərə yas tutan Qərb Fransanın qətliamlarına göz yumur. Səbəb bəllidir. Tarixən Avropa xalqları Amerika materikində, Afrikada, Asiyada, elə Avropanın özündə də dəfələrlə soyqırımı aktları törədiblər. Ancaq müasir dövrümüzdə Parislə İrəvanın məkrli siyasətinə, törədilən qanlı cinayətlərə səssiz qalmaq, Ermənistanı silahlandırmaq, separatçılara hərbi-siyasi yardımlar göstərmək növbəti cinayətlərə xeyir-dua verməkdir.

Bu kimi hallara qarşı barışmaz mövqeyini bütün səviyyələrdə bildirən, haqq-ədalət naminə insanları birliyə , həmrəyliyə çağıran Azərbaycanın neokolonializmə qarşı mübarizəsi gücləndikcə dəliyə dönən Fransa Prezidenti Emmanuel Makron artıq şizofreniya səviyyəsindədir. Avropa Parlamentində keçirilən seçkilərin nəticələri Makrona elə zərbə vurub ki, hələ də şokdan ayılmayıb. Belə utancverici məğlubiyyətini Milli Assambleyanı buraxmaqla pərdələyən Makronun bu korafəhim seçimi ölkə daxilində belə birmənalı qarşılanmayıb. Üst-üstə gələn məğlubiyyətdən çıxış yolu tapa bilməyən, iflasa uğrayan siyasətini «Dədəm mənə kor deyib, gəlib gedəni vur deyib» məsəlinə uyğun formalaşdıran Makron artıq nə edəcəyini belə düşünməkdə çətinlik çəkir.

İyunun 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş növbəti konfransının keçirilməsi isə Makronu havalandırıb. BMT-nin müstəmləkə altında olan ölkələrə və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası çərçivəsində baş tutacaq «Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu»” adlı konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən, habelə Korsika, Fransız Qvianası, Qvadalup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı və Niderlanddan 40-dan artıq rəsmi nümayəndə, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar məsələyə münasibətlərini bildiriblər.

Fəaliyyət göstərdiyi qısa müddətdə neokolonializmə qarşı mübarizədə qazandığı uğurları dəstəklənən, 2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən nazirlər iclası çərçivəsində «Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması»” konfransının iştirakçıları tərəfindən yaradılan Bakı Təşəbbüs Qrupunun bundan öncə təşkil etdiyi beynəlxalq konfranslardan fərqli olaraq, bu tədbirdə ilk dəfə olaraq Niderlandın koloniyaları olan Sent-Martin və Bonayredən nümayəndələrin iştirakı və çıxışı nəzərdə tutulur. Konfransla bağlı açıqlama verən Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrestin bildirdiyi kimi, kanak xalqı Fransa polisinin zorakılığından xeyli əziyyət çəkir: «Bu məsələni beynəlxalq səviyyədə qaldırmaq üçün bu gün buradayıq, Bakı Təşəbbüs Qrupu ilə birlikdə nə edə biləcəyimizi nəzərdən keçiririk. Bu gün burada olmaq bizim üçün çox vacibdir Yeni Kaledoniya BMT-nin dekolonizasiya siyahısındadır. Biz Fransanı Yeni Kaledoniya xalqının hüquqlarını tanımağa, beynəlxalq hüquqa hörmət etməyə çağırırıq.»

Yeri gəlmişkən qeyd edk ki, Keniyanın dövlət televiziyasının Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə, Yeni Kaledoniyada və təzyiq altında qalan ölkələrdə müstəmləkəsizləşdirmə və insan haqlarına qarşı mübarizə üzrə təşəbbüs qrupunun qaldırdığı məsələlərə dair yayınladığı reportajda BTQ-nin Fransanı neokolonializm siyasətini dayandırmağa və kanak xalqının öz müqəddəratını təyin etmək hüququnu təmin etməyə çağırışından bəhs edilib. Bildirilib ki, QHT nümayəndələri bu məsələlərlə bağlı real vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini daha da genişləndirəcəklər. BTQ-nin dəstəyi ilə Keniyanın paytaxtı Nayrobidə keçirilən «Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu”» adlı hibrid konfransda da Azərbaycan və Keniya mətbuatının 30-a yaxın nümayəndəsi, Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Yeni Kaledoniya və Fransa Qvianasının milli müstəqillik hərəkatı və siyasi partiyalarının rəhbər heyəti və üzvləri iştirak ediblər.

Bu cür hallara qarşı dözümsüzlük nümayiş etdirən Fransa Prezidenti Makron Azərbaycana qarşı təxribatlarını yeni istiqamətlər üzrə davam etdirir. Ermənistanı silahlandıran Fransanın növbəti dəfə rəsmi İrəvana «Caesar»” özüyeriyən artilleriya qurğuları satması ilə bağlı yayılan məlumat Cənubi Qafqazda siyasi sabitliyin daha da gərginləşməsinə səbəb olub. Məsələyə münasibət bildirən Müdafiə və Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin açıqlamalarında qeyd olunduğu kimi, Azərbaycanla Ermənistan arasında normallaşma ilə əlaqədar proseslərin aparıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti bölgədə ciddi təhdid yaradır. Mifə bənzədilən «qüdrətli ordu»sunun nəyə qadir olduğu İkinci Qarabağ müharibəsində bəlli olan Ermənistan XİN-in «müasir silahlarla təchiz edilmiş ordu saxlamaq hər bir dövlətin suveren hüququdur”» açıqlaması daldan atılan daşın yaratdığı effektdən nəticə çıxarılmadığını göstərir. 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanıması barədə razılığa gələn, bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərini tanıdığını sözdə dilə gətirən Ermənistanın rəsmi olaraq Azərbaycanla sülh danışıqlarına bəhanələrlə mane olması rəsmi İrəvanın əsl məqsədini açıqlayır. Qazaxın dörd kəndini qaytarmağını misal göstərən rəsmi İrəvan Azərbaycanı «Ermənistan Respublikasının 30-dan çox kəndinin həyati əhəmiyyətli ərazilərinin işğalını dayandırmağa çağırması» barədəki sərsəmləməsi fransızsayaq həyasızlıqdır. Azərbaycanın bu cür məsuliyyətsiz, səviyyəsiz iddialara cavabı bəllidir. Belə ki, sərhədlər müəyyənləşdirilmədən, delimitasiya başa çatmadan, Ermənistanın reallığa və tarixi faktlara əsaslanmadan bəzi əraziləri özününküləşdirməsi, Azərbaycanı işğalda təqsirləndirməsi siyasi şizofreniklikdir.

Azərbaycan XİN-in açıqlamasında qeyd olunduğu kimi, «30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən” Ermənistandır.
Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda «Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktı»na açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Belə bir məqamda Fransa ilə Ermənistan arasında hərbi-texniki sahədə razılaşmaların əldə olunması, işğalçı ölkəni silahlandırmaqla yeni müharibəyə şirnikləndirməsi rəsmi Parisin məkrli Cənubi Qafqaz siyasətinin məqsəd və məramını açıqlayır. Regionda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə” Ermənistan rəhbərliyi və Fransa Prezidenti Emmanuel Makron daşıyacaq. Hazırkı məqamda Cənubi Qafqazda sülh və sabitlik üçün Ermənistanın silah və hərbi texnikaya deyil, var olması , qonşularla sülh şəraitində yaşaması üçün ağıllı məsləhətə ehtiyacı var. Çünki Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmaması bu ölkənin məhvi ilə nəticələnə bilər. Prezident İlham Əliyevin söylədiyi kimi, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. «Caesar» özüyeriyən artilleriya qurğuları da qüdrətli orduya malik Azərbaycan üçün təhlükəli deyil. Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan (Makron kimi) Yuli Sezarın şərəfinə adlandırılan bu qurğunun bumeranq effekti yaradacağı bəri başdan bəllidir.

Xuraman İsmayılqızı, «İki sahil»