24 may 2024 21:06
414

Bu, Prezident İlham Əliyevin diplomatiyasının növbəti qələbəsidir - Kamran Bayramov

Ermənistanın işğalına məruz qalan kəndlər Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycana qaytarıldı. Nəhayət ki, birbaşa təmaslar öz bəhrəsini verdi. Ermənistan tərəfindən işğal olunmuş dörd kəndin qaytarılması davam edən sülh müzakirələri prosesində nəzərəçarpacaq nailiyyətdir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın bir qarış torpağının belə Ermənistana verilməməsi 44 günlük müharibə və antiterror əməliyyatı zamanı qələbəmizin davamıdır. Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması ölkə rəhbərliyinin uzaqgörən diplomatik siyasətinin növbəti qələbəsidir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, 1992-ci ildən Ermənistanın işğalına məruz qalan həmin kəndlər Prezident İlham Əliyevin iradəsi ilə Azərbaycana qaytarıldı. Azərbaycan Prezidenti hələ bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində kəndlərimizin Ermənistanın işğalı altında qalmasının qəbuledilməz olduğunu vurğulamışdı. “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”, - deyən dövlətimizin başçısı məsələnin həlli üçün Komissiyanın qarşısında mühüm vəzifələr qoymuşdu. Məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu gün həmin kəndlər Azərbaycana qaytarıldı”. 

Deputat diqqətə çatdırıb ki, uğurlu diplomatik qələbələrlə Azərbaycan dünya birliyinə nümayış etdirdi ki, rəsmi Bakı regiona kənar müdaxilələrə, Ermənistanda revanş hissi ilə baş qaldırmaq istəyən qüvvələrin fəallaşmasına baxmayaraq, daim sülhsevər siyasət yürüdür və istədiyinə nail olur. Bu  gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir.

Şəmsiyyə Əliqızı, "İki sahil"