24 may 2024 17:17
299

Şərqin ilk demokratik respublikası

28 may 1918-ci ildə Azərbaycanın Milli Şurası “İstiqlaliyyət Bəyannaməsi”ni qəbul edərək ölkənin müstəqilliyini elan etmişdir.  Bununla da 1918-ci ildə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində, türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlətdir. “İstiqlaliyyət Bəyannaməsi”nə  görə, Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır.  Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi Xalq Cümhuriyyəti,  millət,  məzhəb,  sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.

Azərbaycan Xalq Cümhuriyyəti qısa bir müddətdə - 23 ay mövcud  olmuşdur. Ancaq bu qısa müddət ərzində bir sıra nailiyyətlər və qələbələr əldə etmişdir. Belə ki, ilk dəfə burada qadınlara seçim hüququ tanınmışdır, yəni qadın-kişi bərabərliyi təmin edilmişdir. Cümhuriyyətin milli ordusu, milli valyutası və milli bankı olmuşdur.

Məlumdur ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti çətin ictimai-siyasi şəraitdə  fəaliyyət göstərmiş,  28 aprel 1920-ci ildə bolşeviklərin hərbi hücumuna məruz qalaraq devrilmişdir. Sovetlər birliyi Azərbaycanı məcburi şəkildə öz tərkibinə daxil etdi. Ancaq Azərbaycan yenidən  müstəqil dövlət olmaq ruhunu özündə yaşatdı. Sovet İmperiyasının dağılması ilə əlaqədar  18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Müstəqillik bərpa olunsa da, o dövr hakimiyyətinin səriştəsizliyi nəticəsində Azərbaycanın müstəqilliyi yenə də təhlükə qarşısında qaldı. Belə ki, hərc-mərclik,  xaos, çəkişmələr dövləti uçuruma aparırdı. Xalqı yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət bu təhlükədən xilas edə bilərdi. Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi  iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi.

Ulu Öndər Heydər Əliyev demişdir: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın  müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan  Xalq Cümhuriyyəti qurulubdur.”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixində imzaladığı “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən 28 May tarixi “Müstəqillik Günü”, 18 Oktyabr tarixi “Müstəqilliyin Bərpası Günü”  elan edilmişdir.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri