24 may 2024 11:01
267

Heç bir qüvvə Azərbaycanla İran arasındakı münasibətlərə müdaxilə edə bilməz

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə dövlət sərhədində -Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Bu mərasim, həm də dünya birliyinə iki ölkə arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi mesajı idi. Əslində, bu layihənin əsası uzun illər əvvəl qoyulub. Ermənistanın Azərbaycan ərazisnin 20 faizini işğal etməsi nəticəsində bu mühüm əhəmiyyətli layihənin tikintisi dayandırılmışdı. 2020-ci ildə Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Araz çayı üzərində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi qərara alındı və qısa müddətdə istismara verildi. Layihələr Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək.

Dövlətimizin başçısı da açılış mərasimində çıxışında bunu xüsusi vurğulayaraq dedi ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. İki ölkə arasında dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.

İki ölkənin sərhəddində reallaşan bu layihə həm də gələcəyə yönəlmiş əməkdaşlıqdır. İki ölkə arasında qədim tarixi olan qarşılıqlı hörmət, anlaşma bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü bir daha göstərdi. Bütün bunlar İran-Azərbaycan əlaqələrinin gələcək inkişafının daha yaxşı olacağının bariz nümunəsidir. Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Hadsisələrin xoşməramlı gedişi göstərir ki, bu görüşlər bundan sonra mütəmadi xarakter alacaq. Bu, eyni zamanda, hər iki ölkənin xalqlarına, bölgəyə və dünyaya ciddi mesajdır.

Ülviyyə Ələsgərova,
Xətai rayonu, 257 nömrəli məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü