24 may 2024 10:55
240

Dostluğun dərin kökləri və tarixi var

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Açılış mərasimində hər iki ölkənin dövlət başçısının iştirakı layihələrin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir.

“Dövlətimizin başçısı da açılış mərasimində çıxışında bunu xüsusi vurğulayaraq dedi ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. İki ölkə arasında dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.

İran və Azərbaycan prezidentlərinin sərhəddə ilk dəfə görüşdüklərini diqqətə çatdıraraq deyib ki, bu dostluğa heç bir kənar qüvvə müdaxilə edə bilməz. İki ölkənin sərhəddində reallaşan bu layihə həm də gələcəyə yönəlmiş əməkdaşlıqdır. İki ölkə arasında qədim tarixi olan qarşılıqlı hörmət, anlaşma bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü bir daha göstərdi. Bütün bunlar İran-Azərbaycan əlaqələrinin gələcək inkişafının daha yaxşı olacağının bariz nümunəsidir. Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Hadsisələrin xoşməramlı gedişi göstərir ki, bu görüşlər bundan sonra mütəmadi xarakter alacaq. Bu, eyni zamanda, hər iki ölkənin xalqlarına, bölgəyə və dünyaya ciddi mesajdır.

Azərbaycan bütün ölkələrlə əlaqələri bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurur və bundan sonra da quracaq. Bölgənin inkişafı həmin ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir.

İradə Seyidova,
257 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü