24 may 2024 00:11
328

Kərimov Əli dastanı…

Və yaxud, AXCP sədrinin inkarçılıq, şizofrenik xəstəliyi

Anadangəlmə inkarçılıq, ağı qara şəklində görmək xəstəliyinə tutulan AXCP sədri Əli Kərimli üçün xeyirxahlıq, ədalət, hər şeyi olduğu kimi təsəvvür edib qavramaq qabiliyyəti yaddır. Sayıqlamasına və şəxsi qənaətinə görə 30 ildən artıq özünü «siyasətdə» hesab edən «islahatçı sədr»in tərcümeyi- halında yenilik duyulmadığı kimi, başqası haqqında pozitiv fikir söyləməsini, imkansıza əl tutmasını nə eşidən olub, nə də görən. Amma … Amması odur ki, Əli Kərimli deyəsən heç vaxt güzgüyə baxmır. Əgər baxsaydı, satirik şair Mirzə Ələkbər Sabirin yazdığı «Niyə bəs böylə bərəldirsən o qare gözünü, yoxsa bu ayinədə əyri görürsən özünü» misralarından nəticə çıxarardı. Düşərgədə təmsil olunan istər radikal, istərsə də müxalifyönlü partiya üzvlərinin yaddaşında Əli Kərimlinin siması başqalarına qısqanclıqdan bərələn, el arasında deyildiyi kimi hədağasından çıxan gözləri ilə canlanır.

Leksikonunda «müsbət, yaxşı» sözlər yer almadığı üçün hadisələrə, insanlara fərdi yanaşma tərzi də yeddi rəng içərisində üstünlük verdiyi qara rəngdə olur. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərə min cür qara don geyindirən, şər-şamataları ilə Qələbəmiz haqqında olmayan yalanlardan ibarət «Kərimov Əli dastanı» yazan bu cür nəxələflər haqqında deyilən «zatıqırıq», «Əslini danan haramzadadır» sözləri əsl ünvanını tapıb.

30 işğal altında qalan başqa torpaqları demirik, Xankəndinin, Xocalının alınmasını sükutla qarşılayan, Milli Ordumuza belə böhtan yağdıran, şübhə dolu hədyanlar söyləyən yurdu viran «yurdçu sədr»də həqiqi mənada torpaq təəssübü, Vətən qeyrəti yoxdur. Qənimət Zahidin, Sevinc Osmanqızının yalan ruporundan istifadə edərək Azərbaycanla bağlı böhtanlarını himayəsində saxladığı «Milli Şura»nın oyuncaq sədri Cəmil Həsənli, müavinləri vasitəsi ilə də tirajlayan «islahatçı sədr» xəyanətlərinə ətrafındakı «vətənsizləri » cəlb edir. AXCP sədrinin müavini Seymur Həzi, partiyanın Rəyasət Heyətinin üzvləri Aqil Əli Məhərrəm, İlham Hüseyn, Məmməd İbrahim kimi antimillilərin sosial şəbəkələrdə yayımladıqları statuslarından belə Əli Kərimlinin bataqlıq təfəkkürü hiss olunur. Ölkəmizdə aparılan demokratik islahatları görməzdən gələn, avantürist baxışları ilə eyni nala-mıxa döyən, başqalarının əl buyruqçusu, Əli Kərimlinin çürümüş zehni ilə düşünən « başbilənlərinin» dili ilə danışaraq yalanların təbliğatçısı olan bu naxələf qaragüruhçular «hə» kəlməsindən daim uzaqdırlar.

«Dəyərlərin məğlub olduğu yerdə hamı zəifdir, hamı zəiflədilib. Bir də ki, vicdanın, ləyaqətin, mənəviyyatın cinsiyyəti olmur» sözləri ilə sədrləri Əli Kərimlinin AXCP-də yaratdığı fərdiyyətçiliyi, özbaşınalığı etiraf edən İlham Hüseyn «Dil çaşar həqiqəti deyər» ifadəsini antidemokratik, zehniyyətsizlik dşüncəsi ilə etiraf edir.

AXCP sədrinin müavini Seymur Həzinin sosial şəbəkələrdə Azərbaycanın güclənən iqtisadiyyatına , diplomatik uğurlarını gölgə salmaq «səriştəsi» şizofreniya xəstəliyindən yaranan yaddaşsızlıqdır. Bütün dünyanın ölkəmizdə aparılan quruculuq, abadlıq işlərinə, həyata keçirilən islahatlara heyran qaldığı bu zamanda Əli Kərimli tör-töküntülərinin karlığı, korluğu müaicəsi mümkün olmayan xəyanətkarlıq xislətlərinin əlamətidir.

«Demokratik Qüvvələrin Milli Şurası» adlı bədnam qurumun kölgəsində gizlənərək guya sosial bazaya malik olduğunu göstərməyə çalışan Əli Kərimlinin mitinq şousunun pərdəarxası görüntüsü « Bir həsir, bir Məməmdnəsir» məsəlinin ifadəsidir.

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdiril­məsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Ko­missiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə iştirak etməyən AXCP sədri Əli Kərimli demokratiya, dialoq, plüralizm tərəfdarı olmadığını bir daha bəyan etdi. Sağlam müxalifətin cəmiyyətdə artan rolundan fərqli olaraq radikalizmi özlərinin xəyanət yolu kimi müəyyənləşdirən Əli Kərimli antidemokratik simasını bir daha göstərərək tədbirdə iştirakdan imtina etdi. Siyasi partiyaların mövcud potensialının dövlət si­yasətinin və ictimai münasibətlərin genişləndirilməsinə, «Siyasi partiyalar haqqında»” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlərin müzakirəsinə qatılmayan, xarici ağalarının itaətində olduğunu inkarçılığı, qaragüruhçuluğu, bataqlıq təfəkkürü ilə bildirən Əli Kərimli fəaliyyətini milli maraqlar əsasında formalaşdıran digər siyasi partiyalara müxalif olmaqdan, düşərgə mənsublarına qara yaxmaqdan belə çəkinmir. Ölkəmizin bütün vətənpərvər və intellektu­al qüvvələrinin səfərbər olmasının vacibliyinin gündəmdə olduğu bir məqamda ingilis, alman, erməni havadarlarının sifarişlərini yerinə yetirən, bu cür dialoqların cəmiyyətdə yaratdığı sağlam düşüncənin formalaşmasından xoflanan «Milli Şura»çılar özlərini düşərgədən də kənarlaşdırırlar.

Türk dünyasının birliyini daha da möhkəmləndirəcək Zəngəzur dəhlizinin açılması üçün bölgədə güclənən rəqabətdə söz sahibi olan Azərbaycanın qətiyyətini belə görməyən Əli Kərimlinin məsələyə ermənisayaq inkarçılıq baxımından yanaşması bu zatın azərbaycanlı olmasına şübhələri artırır. Bütün dünya ictimaiyyətinin, tanınmış dövlət başçılarının, təcrübəli siyasətçilərin, beynəlxalaq təşkilatların, Avropa ölkələrinin, Çin kimi nəhəng dövlətin Zəngəzur dəhlizinin açılmasını dəstəklədiyi məqamda Əli Kərimli başda olmaqla «Milli Şura»nın çürük təfəkkürlü ermənipərəst üzvlərinin Azərbaycanın siyasi, iqtisadi qüdrətinin ifadəsi olan bu məsələyə də ermənipərəst mövqe göstərmələri antimillilərin səbatsızlıqlarını təsdiqləyir. Onların satqın simalarını Mirzə Ələkbər Sabirin şerinə azacıq korrektə etməklə göstərmək yerinə düşər: «Sən də özünü insanmı sanırsan?»

Çünki fizioloji baxımdan insan kimi görünənləri şəxsiyyət kimi formalaşdıran onun Vətəni, torpağı, dili, milli-mənəvi varlığı, qürurudur. Bu dəyərlərdən kasadların eli, obası, yurdu, öləndə tapşırılacaq torpağı ola bilməz.

Xuraman İsmayılqızı, «İki sahil»